Aləmi-eşq içrə cananın sevən can istəməz,
Bak edən canü dilindən vəsli-canan istəməz.

Zülməti-zülfündə dil xurşidə etməz iltifat,
Maili-ləlin olan kəs abi-heyvan istəməz.

Mülki-dünya aqibət bərbad olur, ey huşyar,
Murcə əqli olan mülki-Süleyman istəməz.

Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan
Xardən eylər həzər, seyri-gülüstan istəməz.

Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri,
Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz.

İstəməz aşiq ki, xətt tutsun üzari-dilbəri,
Eşqdə kamil olan ol mahə nöqsan istəməz.

Sinədən peykanların çəkmə, dili etmə xərab,
Padişahi-adil öz mülkünü viran istəməz.

Ey təbib, əl çək əlacımdan, məni incitmə çox,
Aşiqi-sadiq olan dərdinə dərman istəməz.

Bəs nədən rüxsarına zülfün pərişan etdi yar,
Gər bu qarəgünləri zarü pərişan istəməz.

Seyyida, sən eylə daim Şahi-mərdan vəsfini,
Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz.

Seyid Əzim Şirvani
http://www.muselman.ws/


more post like this