Cavab: İnsanın Allah dərgahına yaxınlaşmasından, kamilliyə yetişməsindən narahat olan şeytanın ən qorxulu silahı, şəkk-şübhə yaratmaqdır. Allah, həqiqət, ədalət sevgisi ilə çırpınan ürəyi, yalnız bu yolla məbudundan döndərmək olar.
Bütün insanlar seçdikləri məqsədə doğru hərəkət zamanı çətinliklərlə üzləşirlər. Uyğun çətinliklər qarşısında yalnız qələbəyə inam hissi ilə dayanmaq olar. Şəkk-şübhəyə düşüb, haqq yolda olduğuna və bu yoldakı uğura inamını itirən insan, məhvə məhkumdur. Bəs çarə nədir? Təbuk döyüşünü yada salaq.
Təbuk döyüşündə üzücü çətinliklərlə qarşılaşan müsəlmanlardan bir hissəsi geri dönmək qərarına gəldilər. Peyğəmbərə (s) yaxın müsəlmanlardan olan Əbu Heysəmə də evə qayıdanlardan idi.
Bu hadisədən on gün keçmiş qabağında sərin su, ətrafında xoş rəftarlı arvadları bir kölgədə istirahət edən Əbu Heysəmə qəfildən dərin fikirə getdi. Düşündü ki, heç bir günahı olmayan Peyğəmbər (s) isti qumlar üstə, çiynində silah durduğu halda, onun bu kölgədə istirahət etməsi insafdan deyil. Cəld ayağa qalxıb, dəvəsinə minərək yola düşdü. Təbuka yaxınlaşan süvarini görən həzrət Peyğəmbər (s) «Ey süvari, Əbu Heysəmə olsan, nə yaxşıdır»,-deyə buyurdu və onun haqqında dua etdi.
Əbu Heysəmə münafiq deyildi. Sadəcə, süstlük ucbatından batilə meyl etmişdi. Amma ruhi hazırlığına görə, Allah-təala onun diqqətini həqiqətə yönəltdi. «Tövbə» surəsinin 117-ci ayəsində buyurulur: «Allah çətin saatda bir qisminin ürəyi dönmək üzrə ikən, Peyğəmbərə (s) onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi».
NUR-AZ.COM


more post like this