islamic mənbələri

    1. home

    2. article

    3. Cəbr (Alın yazısı)[1]

    Cəbr (Alın yazısı)[1]

    Cəbr (Alın yazısı)[1]
    Rate this post

     

    316.Cəbrin səhv olması

    1029.İmam Əli (ə) cəbrin səhv olması barədə buyurmuşdur:«Əgər belə olsaydı, onda savab və cəza, (yaxşı işlər görməyə) əmr (etmək) və (pis işlərdən) çəkindirmək və çirkin əməllərdən çəkindirmək əbəs işə çevrilərdi. Vəd və təhdid mənasını itirər, pis əməl sahibi qınanmaz və xeyir  əməl sahibi təşviq edilməzdi. Hətta, yaxşı əməl sahibi məzəmmətə bəd əməl sahibindən, çirkin  əməl sahibi isə savab və mükafata yaxşı əməl sahibindən daha layiq olardı. Cəbr əqidəsi bütpərəstlərin və Rəhman olan Allahın düşmənlərinin sözüdür.»[2]

    1030.İmam Sadiq (ə):«Səbəbinə görə bəndəni qınaya bildiyin hər bir şey onun öz işi, bəndəni səbəbinə görə qınaya bilmədiyin hər şey Allahın işidir. Allah-taala bəndəsinə:«Nə üçün itaətsizlik etdin? Nə üçün günah etdin? Nə üçün şərab içdin? Nə üçün zina etdin?» buyurur.Deməli bunlar bəndənin işidir. Lakin Allah bəndəyə «Nə üçün xəstələndin? Nə üçün boyun qısadır? Nə üçün dərin ağdır? Nə üçün dərin qaradır?» demir. Çünki bu işlər Allah-taalanın işləridir.»[3]

    1031.İmam Kazim (ə):«Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.»[4]

     

    317. cəbr, təfviz![5]

    1032.İmam Baqir və imam Sadiq (ə):«Allah yaratdıqlarına qarşı o qədər mehribandır ki, onları günah işlərə məcbur edib, sonra onlara buna görə əzab verməz. Həmçinin, Allah o qədər qüdrətlidir ki, Onun bir şeyi istəməsi və həmin şeyin olmaması qeyri-mümkündür.» Rəvayəti nəql edən deyir: O Həzrətdən soruşdular:«Məgər cəbr və qədər (ixtiyar ilə təfviz) arasında üçüncü bir dərəcə var?» Buyurdu:«Bəli! Yerlə göy arasındakı fəzadan da geniş olan bir dərəcə!»[6]

    1033.İmam Sadiq (ə) Müfəzzəl ibn Ömər tərəfindən nəql olunan bir rəvayətdə buyurur:«Nə cəbrdir, nə təfviz, bunların ikisinin arasında olan bir işdir.» Soruşdum:«Bu iki işin arasındakı iş nədir?» Buyurdu:«Məsələn, sən günah edən bir kişini görürsən və onu həmin işdən çəkindirirsən. Ancaq, həmin şəxs bunu qəbul etmir, sən onu özbaşına buraxırsan və həmin günahı edir. Deməli, sənin yasaqlarını saymadığına görə onu özbaşına buraxdığın üçün ona günah etməyi əmr etdiyini demək olmaz!»[7]

     

    318.Allah yaxşılıqlara daha çox layiqdir

    1034.İmam Rza (ə):«Allah-taala buyurdu:«Ey Adəm övladı! Sən Mənim istəyimlə istəyir, vacib etdiklərimi Mənim nemətlərimlə Mənim üçün yerinə yetirir, Mənim qüdrətimlə Mənə qarşı itaətsizlik və günah etməyə qadir olursan. Mən səni eşidən və görən yaratdım. Mən yaxşı işlərinə səndən daha layiqəm və sən pisliklərə daha çox layiqsən.»[8]

     

    319.Cəbrilər Qədərilər[9]

    1035.İmam Sadiq (ə):«Kim Allahın öz bəndələrini günah işlərə məcbur etməsini və ya onların boynuna güclərindən artıq vəzifə qoymasını düşünsə, beləsinin kəsdiyindən yeməyin, şəhadətini qəbul etməyin, arxasında namaz qılmayın və zəkatdan ona bir şey verməyin.»[10]

     

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Cəbrdən məqsəd icbar və məcburiyyətdir. Bu kəlmə İslam maarifi ensiklopediyasında həmin mənada azadlığın antonimi kimi termin şəklində işlədilir.

    [2] Biharul-Ənvar, c.5, səh.13, hədis 19

    [3] Biharul-Ənvar, c.5, səh.59, hədis 109

    [4] Biharul-Ənvar, c.78, səh.323, hədis 23

    [5] Təfviz də İslam maarifi terminlərindən biridir və mənası bəndənin işlərinin tam şəkildə onun özünə həvalə edilməsidir.

    [6] ət-Tovhid, səh.360, hədis 3

    [7] Biharul-Ənvar, c.5, səh.17, hədis 27

    [8] Biharul-Ənvar, c.5, səh.4, hədis 3

    [9] Qəzavü-qədəri inkar edərək hər bir kəsin öz əməlində azad olmasını deyən firqə.

    [10] Biharul-Ənvar, c.5, səh.11, hədis 17