Allah-təala cəhənnəmi yaratmasaydı nə olardı? Cəhənnəmin yaradılması zəruri idimi?

Əslində, behişt və cəhənnəm bir ipin iki ucu kimidir: biri varsa, o biri də olmalıdır. İnsan azaddır və bu iki sonluğu zəruri edən də insanın azadlığıdır. Behişt doğru yolu seçmiş azad insanın mükafatı, cəhənnəm isə şər yolu seçmiş azad insanın cəzasıdır. İnsanın azad şəkildə seçim aparması üçün onun qarşısında ən azı iki yol olmalıdır. Əgər qarşıda daim yalnız bir yol varsa insanın azadlığının heç bir mə`nası yoxdur. Əgər qarşıdakı yollardan yalnız biri ilə getməyə imkan varsa insan yenə də azad deyil. Çünki bu iki halda insan iradəsindən asılı olmayaraq addım atır.

Allah-təala insanı azad, muxtar yaratmışdır. Həm yaxşılığa, həm də pisliyə meyl onun daxilindədir. Yaxşılığı seçən yaxşılığa, pisliyi seçən pisliyə çatmalıdır. Əgər bu iki qrup insanın aqibəti eyni olsaydı, ilahi ədalətdən danışmağa dəyməzdi.

Demək, insanın qarşısında iki yol var. Bu yollardan biri onu Allah xəlifəsi məqamına, digəri ən alçaq səviyyəyə aparır. Birinci yol gecə ibadələri, bəndəlik, ilahi əmrlərə itaətdən ibarətdir. Bu yolun sonu behişt, misilsiz ne`mətlər və nəhayət, “Allahla görüş”dür. “Saleh bəndələr üçün hazırlananları nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir qəlb duymuşdur.”

“Qaf” surəsində buyurulur: “Onlar üçün istədikləri hər şey vardır.”

İkinci yolun sonu cəhənnəm, ilahi əzab, yandırıcı od, ən alçaq mərtəbəyə süqutdur. Bu yolun sonuna çatmış insan elə peşman olur ki, hətta “kaş torpaq olaydım” deyir.

İnsan iki yol ayrıcındadır; bir yol kamal və sonsuz səadətə, digəri isə alçaqlıq və bədbəxtliyə aparır. İnsan bu məqamda olduqca ehtiyatla qədəm götürməlidir. Məhz bu ehtiyatlılıq “təqva” adlanır.

Bəli, Allah-təala insanı yaratmış və yaxşılıqla pisliyi ona tanıtmışdır: “And olsun nəfsə və onu nizama salana, sonra da ona günahkarlığı və pərhizkarlığı ilham edənə.”

Doğru yolu seçənlər mükafata, yanlış yolu seçənlər isə cəzaya çatacaqlar: “Yaxşı iş görənlər on qat artıq mükafata çatacaq, pis iş görənlər həmin qədər (günahları qədər) cəzalandırılacaqlar və onlara zülm edilməz.”

 

http://sualcavab.ge

 


more post like this