İnsan axirət aləminə köçəndən sonra, bu dünyadan özü ilə heç nə aparmır. Apardığı tək şey – əməlləridir. O kəslər ki, özündən əvvəl ancaq yaxşı əməllər göndəribsə, xoş olsun onların halına! Amma o insanlar ki, bu dünyada olan zaman möminləri incitmiş və onları məsxərəyə qoymuşdular, özləri ilə o biri dünyaya ancaq atəş aparırlar. Ona görə də özləri də daima atəşdə yanırlar.

 

Cəhənnəm əhli həmişə susuz olur. Öləndə susuz, qəbirdə susuz, məhşər səhnəsinə gedən zaman susuz olurlar. Ona görə də behişt əhlinə xitab edib deyərlər: “Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün»”. (“Əraf” 50).

 

Deməli, cəhənnəm əhlinin ilk nidası su olar. Onlar həsrət gözlərini behiştə dikər və onlardan cavab gözləyərlər. Ancaq bu cavabı cənnət əhli onlara 40 il sonra verər. Onlar deyərlər: “Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir»”. (“Əraf” 50).

 

Çünki bu insanlar həyatda olan zaman etdikləri əməllərinin bəhrəsini indi cəhənnəmdə görürlər. Onların behişt əhlindən ümidləri kəsilir.

 

Ona görə də üzlərini cəhənnəm xidmətçilərinə çevirib onlara ikinci nidalarını edərlər. “Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın, bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin»”. (“Ğafir” 49).

 

Onlar əlacsız qaldıqları üçün cəhənnəmin gözətçilərinə deyərlər ki, Allahdan istəyin ki, heç olmasa bizim əzabımızı bir gün yüngülləşdirsin. Bir gün də onlar üçün böyük bir nemət olardı. Bu sualın cavabını da 40 il gözləyirlər. Nəhayət gözətçilər onlara belə cavab verərlər. “(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?». Onlar deyərlər: «Bəli!». (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır»”. (“Ğafir” 50).

 

Bu dəfə də əlacsız qalırlar. Onlar bu dəfə cəhənnəm məmurlarına müraciət edərlər və deyərlər:“Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin»”. (“Zuxruf” 77). Yəni, əzabdan o qədər təngə gələr və əziyyət çəkərlər ki, nəhayət deyərlər ki, Allah qoy bizi öldürsün və məhv etsin ki, bir daha bu əzabı dadmayaq. Bu istəklərinin cavabını da 40 il gözləyərlər. Nəhayət, onlara yenə bu cavab verilər: “O, deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız»”. (“Zuxruf” 77).

 

Belə bir sual yaranır ki, bəs cəhənnəm əhli niyə öz istəklərini birbaşa Allahdan deyil, vasitələrdən istəyirlər? Bu suala Əllamə Təbatəbai bu ayə ilə cavab verir: “(Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»”.

 

Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik». «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq». (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!» (“Muminun” 105-108).

 

Bu ayədən göründüyü kimi, onların Allahdan bir şey istəməyə həm üzləri yoxdur və həm də onlar birbaşa Allahdan bir şey istəyə bilməzlər. Çünki onlarla Allahın arasında pərdə və maneə vardır.

 

Beləliklə deyə bilərik ki, Quranın nəzərinə görə cəhənnəm əhli üç dəfə nida edər, ancaq üç dəfə də rədd cavabı alar. Hələ ki, fürsət var, cəhənnəm əhlindən olmayaq və əməllərimizə diqqət edək.

 

(Tebyan/ Deyerler.org)

http://sualcavab.ge


more post like this