İslam hökmlərinin, qanunlarının, göstərişlərinin fəlsəfəsi mövzusu çox aktual bir mövzudur. Bizim kitabımızdakı sual-cavabların da böyük bir hissəsi həmin mövzu ilə bağlıdır.
Belə bir sual yarana bilər ki, nə üçün namaz qılmalıyıq, Allah evinin ziyarətinə getməliyik, sələmçilik haramdır, donuz əti yemək olmaz, qızıl-gümüş qablardan istifadə edilməməlidir?
Bu mövzu haqqında “İslam məktəbi” jurnalında ətraflı şəkildə danışılmışdır. Həmin jurnalda bir neçə tanınmış alim çox faydalı və maraqlı mövzularla çıxış etmişlər. Onların hər biri məsələnin bir tərəfini işıqlandırmışdır. Bəzi alimlərin fikrincə, biz dini hökmlərin fəlsəfəsini araşdırmamalıyıq. Digər bir qurup alim isə belə düşünür ki, İslam hökmlərinin fəlsəfəsini dərk etmək zəruridir.
Biz də bu kitabda öz fikrimizi bildirmək istədik. Bizim fikrimizcə, təəccüblü də görünsə, hər iki qrup alimin mövqeyi düzgündür. Bizim dini məsələlərin fəlsəfəsi haqqında Sual verməyə həm haqqımız var, həm də yoxdur. Hər iki baxış tərəfdarlarının gətirdiyi dəlillər müəyyən sferada qəbul oluna bilər.
İzah: İslami mətnlərin, Quran və hədislərin mütaliəsindən məlum olur ki, Peyğəmbər səhabələri arasında bu mövzuda söhbətlər olmuşdur. Çünki İslam elmlərinin mənimsənilməsi üsulu dəlillərə istinad edən məntiqi bir üsuldur. Ona görə də Peyğəmbər səhabələri dini hökmlər haqqında Sual verməyi öz hüquqları bilmişlər.
İslamda Allah-təala belə tanıtdırılır: O elm və qüdrət baxımından nəhayətsiz, hər şeydən ehtiyacsız və bütün işləri hikmət üzərində qurulmuş Allahdır. Onun işində bihudəliyə yer yoxdur. Peyğəmbərləri bəşəriyyətin təlim-tərbiyəsi, haqq və ədalətə dəvət üçün göndərmişdir.
Allahın bu sayaq tanıtdırılması bizi xoşbəxtliyimizlə bağlı məsələlərin fəlsəfəsi haqqında maraqlanmağa təşviq edir. Əgər düşünsək ki, Quran yalnız üsul (etiqad əsasları) məsələlərində dəlillərə istinad edir və əməli hökmlərdə dəlillərdən vaz keçir, bu səhv olar. Görürük ki, Quran qisas haqqında hökmünü bəyan etdikdən sonra belə buyurur: “Olsun ki, bu yolla pis əməllərdən çəkinəsiniz.” Beləcə, uyğun hökmün fəlsəfəsi insanların günahdan çəkinməsi kimi zikr olunur. Yəni uyğun hökmə riayət edilməsi səbəbindən insanlar öz azğın nəfslərini cilovlaya bilərlər.[4870]Quranda səfərdə olanlar və xəstələrin oruc tutmaması hökmü verildikdən sonra bunun fəlsəfəsi belə açıqlanır: “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…”[4871]
Qumar və şərabın qadağan olunması haqqında belə buyurulur: “Şübhəsiz ki, şeytan içki və qumarla aranızda ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər…”[4872] Uyğun ayədə aşkar şəkildə şərab və qumarın nə üçün qadağan edildiyi bildirilir. Göz günahı haqqında isə belə buyurulur: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər… Bu onlar üçün daha yaxşıdır…”[4873] Başqa bir ayədə müşriklər haqqında buyurulur: “Müşriklər napakdırlar. Bu ildən Məscidül-harama yaxınlaşmasınlar.”[4874] Qənimətin bölgü fəlsəfəsi isə belə açıqlanır: “Allahın öz Peyğəmbərinə məmləkət əhalisindən verdiyi qənimət qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsusdur. Bu ona görədir ki, içərinizdəki zənginlər arasında əldən-ələ düşən bir sərvət olmasın.”[4875]
Peyğəmbər və məsum imamlardan nəql olunmuş rəvayətlərdə də birbaşa və ya xalqın sorğusundan sonra bir çox hökmlərin fəlsəfəsi açıqlanır. Böyük mühəddis mərhum şeyx Səduqun “İləlüş-şəraye” kitabında dini hökmlərin fəlsəfəsini açıqlayan məlumatlar verilir.
Bəli, Qurani-məciddə və məsumların buyuruqlarında dini hökmlərin açıqlanması göstərir ki, bizim bu barədə soruşmaq haqqımız var. Əgər bu sayaq məlumatlar olmasaydı, uyğun mövzuda araşdırmalardan çəkinmək lazım gələrdi.
Deyilənlərdən belə bir nəticə alınır ki, dini məsələlərlə bağlı dəlillərin araşdırması İslami bir üsuldur. Peyğəmbər səhabələrinin bu məsələ ilə bağlı rəftarları belə bir haqqa malik olduğumuzu bir daha təsdiqləyir. Dini məsələlərin fəlsəfəsinin açıqlanmasının bu məsələlərin əhəmiyyətini azaltması fikri yanlışdır. Əksinə, məsələlərin mahiyyəti açıqlandıqda insan anlayır ki, bu hökmlər onun ehtiyaclarını təmin etmək üçündür. Dini hökmlərə itaəti öz xoşbəxtlik səbəbi bilən insan onları həvəslə yerinə yetirir.
Eləcə də, zaman keçdikcə məlumatlarımız nə qədər artsa, yenə də məhduddur. Əgər insan bütün mövcud bilikləri əxz edə bilsəydi, artıq elm yolunda dayanmaq lazım gələrdi. Demək, insan üçün həmişə məchul və qaranlıq nöqtələr mövcuddur.
Bəşəriyyətin bildikləri onun bilmədikləri ilə müqayisədə çox cüzidir. Bəşəriyyətin bilmədikləri arasında elə məchullar var ki, əgər səmadan bir müəllim enmiş olsa da, insan həmin məchulların həqiqətini dərk edə bilməz. Məsələn, bugünki insanın bildiyi bir çox məlumatları min il qabaqkı insan dərk edə bilməzdi. Onu da bilməliyik ki, səmavi hökmlər və göstərişlər Allah-təalanın sonsuz elmindən qaynaqlanır. Varlıq aləmindəki bütün həqiqətlər Allah üçün aşkardır. O gələcəkdən, qeybdən xəbərdardır. Bütün bu nöqtələri nəzərə alaraq, qəbul etməliyik ki, fəlsəfəsini anlaya bilməyəcəyimiz hökmlər də var. Əgər insan hər şeyi anlamaq gücündə olsaydı, Peyğəmbərlərə ehtiyac qalmazdı. İnsan səma bilikləri olmadan həyat yolundakı maneələri adlaya bilmir. Məgər biz varlıq aləmindəki sirləri, bütün mövcudların yaranış fəlsəfəsini bilirikmi? Şəri hökmlər də varlıq aləmindəki həqiqətlərin bir hissəsidir. Deyilənlərdən belə bir nəticə alırıq ki, insan öz dövrünün bilikləri həddində ilahi hökmlərin fəlsəfəsini dərk edə bilər. İstisnasız olaraq, bütün ilahi hökmlərin fəlsəfəsini anlamaq istəyi sadəlövhlükdür. İnsan yalnız öz elmi həddində açıqlamaları dərk edə bilir.
Yuxarıda deyilənlərdən bəlli olur ki, insanın yalnız fəlsəfəsini bildiyi hökmlərə itaət etməsi düzgün deyil. İnsan belə bir münasibəti ilə sonsuz elmə malik olduğunu iddia etmiş olur. Dini hökmlər bəşəriyyətin səadəti üçündür. Onların fəlsəfəsini bilib-bilməməyinizdən asılı olmayaraq, öz xoşbəxtliyiniz naminə həmin hökmlərə əməl etməlisiniz. Bu gün bütün bəşəriyyət elektrik enerjisindən istifadə edir. Amma çox az adamlar elektrikin nə olduğunu anlayır. Elektrikin nə olduğunu bilmirik deyə, onun faydalarından imtina etməyimiz axmaqlıq olardı.
Bir sözlə, dini hökmlərin fəlsəfəsini bilmək bir məsələdir, həmin hökmlərə itaət etmək başqa bir məsələ. Bir işin fəlsəfəsini bilməmək həmin işə arxa çevirmək üçün dəlil ola bilməz.
Biz ilahi hökmlərin fəlsəfəsi haqqında araşdırmalar aparırıq ki, onların əhəmiyyətini daha çox dərk edək. Məqsəd bu olmamalıdır ki, onların faydalı olub-olmadığını müəyyənləşdirək.
Bir misal çəkək: Həkimin yazdığı nüsxədəki dərmanların faydası haqqında ona görə soruşulur ki, bu barədə daha çox məlumat toplayaq. Həkimin verdiyi cavablar bizi qane etmədikdə və ya həmin cavabları dərk etmədiyimiz təqdirdə dərmanların qəbulundan imtina etmək olmaz. Əgər xəstə hər şeyi dərk edə bilsəydi, o özü həkim olardı.
Demək, dini hökmlərin fəlsəfəsini öyrənməkdə məqsəd onların faydalı olub-olmadığını bilmək yox, daha çox məlumat toplamaqdır. Hər bir dini hökmə tələsik izah verməyə ehtiyac yoxdur. Namazın idman hərəkətləri, orucun arıqlama vasitəsi kimi təqdim olunması kökündən yanlış bir işdir. Rüku və səcdənin yalnız fəqərə sütununa və sinir sisteminə faydalı olduğunu iddia etmək əsassızdır. Bu sayaq qondarma izah nəinki insanları dini hökmlərin icrasına təşviq etmir, hətta onların dəyərini aşağı salır.
[4870] “Bəqərə”, 179.
[4871] “Bəqərə”, 185.
[4872] Maidə, 91.
[4873] “Nur”, 30.
[4874] “Tövbə”, 2.
[4875] Həşr 7.
NUR-AZ.COM


more post like this