Quran ayələrindən məlum olur ki, həqiqi qiblə Kəbə evi olmuşdur. Müsəlmanlar müəyyən səbəblərə görə müvəqqəti olaraq Beytül-müqəddəsə üz tuturdular. Quranda oxuyuruq: “Biz sənin intizarlı baxışlarının göyə tərəf yönəldiyini görürük. Ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərama (Kəbəyə) tərəf çevir. Harada olsanız, üzünüzü oraya döndərin.”[4895] Yəhudilərin qiblə haqqındakı bəzi sözləri həzrət Peyğəmbəri narahat edirdi. O, müvəqqəti seçilmiş qiblənin nə zaman dəyişdiriləcəyi intizarında idi. Nəhayət, Allah-təala müsəlmanlara əbədi qibləni elan etdi.
Bəs nə üçün elə əvvəlcədən Kəbə qiblə seçilməmişdi? Bunun səbəbini Quran belə açıqlayır: “Biz əvvəlki qibləni ona görə qərar vermişdik ki, Peyğəmbərə tabe olanlarla Peyğəmbərdən üz çevirənlər bir-birlərindən seçilsilər…[4896] Qiblənin dəyişdirilməsində əsas məqsəd müsəlmanların tərbiyəsi idi. Bu yolla müsəlmanların itaətkarlıq ruhu möhkəmləndirilirdi.
Hicaz ərəbləri, xüsusi ilə Məkkə əhli öz torpaqlarını çox sevirdilər. Ona görə də ilk əvvəl bu insanların nəfsani meyllərinə qarşı çıxmaq lazım gəlirdi. Kəbəyə sarı ibadət etməyə vərdiş vermiş bütpərəstlər, təbii ki, Beytül-müqəddəsə üz tutmadılar və bu yolla da İslama itaət edənlər itaətdən çıxanlardan fərqləndi.
Bundan əlavə, müsəlmanlar bir müddət Beytül-müqəddəsə üz tutmaqla ibrət götürməli idilər. Beytül-müqəddəs bəşəriyyətin ibrət muzeyi, Bəni-İsrailin izzət və zillət məkanıdır. Beytül-müqəddəsdə bu qövmün tərəqqi səbəbləri aşkardır. Bəni-İsrail həmin yerə Misirdən gəlmişdir. Onlar cihad və fədakarlıqla izzətə çatdılar. Sonra Allah göstərişlərini ayaq altına almaqla süqut etdilər. Onların həyatı müsəlmanlar üçün bir ibrət idi. Müsəlmanlar unutmamalıdırlar ki, Kəbə evinin qiblə təyin olunmasının heç bir milli, irqi səbəbi yoxdur. Sadəcə, Kəbə yer üzünün tövhid mərkəzidir və bu ev tövhid qəhrəmanı həzrət İbrahim tərəfindən bərpa edilmişdir.
[4895] “Bəqərə”, 144.
[4896] “Bəqərə”, 143
NUR-AZ.COM


more post like this