QUR`ANİ-KƏRİM ƏBƏDİ MÖ`CÜZƏDİR

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərlərin və Allah-elçilərinin sonuncusu olduğuna və İslamın sonuncu din kimi Allah-taala tərəfindən bəyan olunduğuna görə əbədi qalan bir mö`cüzəyə ehtiyac var idi. Bu mö`cüzə də Qur`ani-Kərim idi. O Qur`an ki, öz fəsahət və bəlağəti ilə bütün elmlərdən üstün idi. O, bütün əsrlərdə əbədi olacaq və mö`cüzə kimi qalacaq.

 

QUR`ANIN MÖ`CÜZƏLİYİNƏ İŞARƏLƏR

 

  1. BƏLAĞƏT CƏHƏTDƏN:

Qur`ani-Kərim sözün bəlağət və fəsahət cəhətinə görə ən başda duran bir müqəddəs Kitabdır. Belə ki, hələ o vaxtkı ərəblər arasında ən yaxşı bəlağət və fəsahətə malik söz ustaları bu Kitabın müqabilində aciz qalmışlır. Bu səbəbdən Qur`an dəfələrlə insanları bu sahədə mübarizəyə çağırmış və Məkkə müşrikləri öz zəifliklərin e`tiraf etmişlər. Qur`anda bu haqda oxuyuruq:

 

    قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيراً

   “(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. [1]

 

Bə`zi yerdə Allah-taala qur`anın on surəsini gətirməklə mübarizəyə səsləyir. Buyurur:

أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ (13) فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

      “Yoxsa (müşriklər): “Onu (Qur’anı) özündən uydurdu!” – deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.  (13) Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) İslamı qəbul etməzmisiniz?”[2]

Başqa ayədə Allah-taala insanları bir surə gətirməklə belə mübarizə meydanına də`vət edir:

 

   وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (23) فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ

     “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! (23) Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!” [3]

Bununla da aydın olur ki, Qur`anın söz mübarizəsinə səsləməsi həm bütün insanlara, həm də cinnələr aiddir. Əgər müşriklərdə qüdrət olsaydı sözsüz ki, bu mübarizəni qəbul edər və Qur`an müqabilində on surə və ya ən azı bir surə kimi bir yazı gətirərdilər. Başqa tərəfdən bizə mə`lumdur ki, o vaxtkı ərəb alimləri və şairləri fəsahət və bəlağət cəhətdən ən üstün insanlar idilər. Xüsusilə bilirik ki, birinci və ikinci mübarizə (Qur`an və on surə gətirmək) Məkkədə baş vermişdir. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və müsəlmanların vəziyyəti çox çətin və zəif idi. Başqa tərəfdən müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) gətirdiyi dini İslamı təbliğ etməyə çox maneəçilik törədirdilər. Müsəlmanlara verilən əziyyət, mühasirələr və müxtəlif müsibətlər bu təzə dinin yayılmasına əngəl idi. Müsəlmanların ərəb cəmiyyəti içində çox da məqamları yox idi. Əgər Qur`an kimi bir kitab gətirmək mümkün olsaydı müşriklər bu işdən əl çəkməzdilər. Bununla da, Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) və Onun əshabına əziyyət verməkdən əl çəkərdilər.

Tarixçilərdən nəql olunur ki, bir çox hallarda müşriklərdən böyük bir dəstəsi Qur`anın əzəmətli bir kitab olmasına qəti şəkildə e`tiraf etmişdilər. Nəql olunur ki, ərəblərin o vaxtkı böyük ədib və şairlərindən sayılan vəlid ibni Müğeyrə Məxzumi adlı birisi Qur`an ayələrini eşidəndən sonra demişdi: And olsun Allaha ki Mühəmməddən elə bir sözlər eşitdim ki, nə insan, nə də cin sözüdür. Elə bir şirinliyi var idi ki, heç bir şirinlik onun dadın verməzdi. Doğrudan da o çox əzəmətli bir söz idi və o sözlərin müqabilində heç bir şey əzəmətli ola bilməz!”[4]

Bu sözlər elə halda deyilir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavət edərkən müşriklər insanları ona qulaq asmaqdan çəkindirirdilər. Qorxurdular ki, bu sözlərin tə`siri altına düşüb haqqı qəbul edərlər. Yenə tarixçilər nəql edirlər ki, Təfil ibn Əmrud-Dasi adlı bir şair Məkkəyə gəlir. Qureyş tayfası tez onu Peyğəmbənrin (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavətinə qulaq asmamasını tövsiyə edirlər. İş elə yerə gətirir ki, onun buna görə onun qulaqlarına pambıq qoyurlar. Amma az müddüt keçmir ki, şair bu işinə peşiman olur və pambığı qulağından çıxarır. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavət etdikdə ona qulaq asır. Bu məlahətli sözlər onu riqqətə gətirir və Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) ardına düşüb onun evinə çatır. Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) belə xitab edir: Ya Mühəmməd! Sənin tayfan mənə belə sözlər tapşırmışdı. Səni eşitməyə imkan vermirdilər və hətta qulağıma pambıq da tıxamışdılar. Sonra Allah bu işdən mənim qəlbimi döndərdi və Sizin sözlərinizi eşitdim. Çox gözəl sözlər idi. Bu sözlərdan gözəl bir söz eşitməmişdim. Öz dinini mənə də tanıt!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cavabında İslam dinin ona tanıtdırır və o da İslamı qəbul edir. Təzədən ona Qur`an oxuyur. O da bu sözlər təkrarlayır: And olsun Allaha bu sözlərdan yaxşısın eşitməmişəm və bu işdən ədalətli bir iş görmürəm. İslama təslim oluram və haqqa şəhadət verib qəbul edirəm![5]

 

 

 

2 –  QUR`ANDA GƏLƏN QEYB XƏBƏRLƏRİ:

 

Qur`ani-Kərimdə bir sıra qeybi hadisələrdən xəbərlər var ki, onların çoxu sonradan eynilə baş vermişdir. Onlardan:    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)  zamanında farslar rum imperiyasına qalib gəlmişdilər. Bu iş də müsəlmanları qəmgin etmiş qureyşi isə sevindirmişdir. Ona görə ki, rumlular e`tiqadlarına görə müsəlmanlara daha yaxın və xaçpərəst idilər. Xaçpərəstlər İsa (əleyhissalam)-ı qəbul edirdilər. Bu cəhətdən müsəlmanlar xaçpərəstlərə daha yaxın idilər.  Qur`anda bu ayələr nazil olur:

      الم (1) غُلِبَتِ الرُّومُ (2) فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ (3) فِي بِضْعِ سِنِينَ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ (4) بِنَصْرِ اللَّهِ يَنصُرُ مَن يَشَاءُ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (5)‏ وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

    “Əlif, Lam, Mim! 2. Rumlular (bizanslılar farslara) məğlub oldular. 3. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. 4. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö’minlər sevinəcəklər; 5. Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! 6. (Bu zəfəri Kitab əhlinə) Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!”[6]

Aradan bir neçə il keçməmişdi ki, yenidən rumlular farslara qələbə çalırlar. Bir az sonra isə müsəlmanlar Məkkə müşrüklərinə bədr döyüşündə qalib gəlirlər.

3 – ŞƏRİƏT HÖKMLƏRİNİN BƏYANI:

İslam dini insan həyatının müxtəlif səhələrində o cümlədən fərdi və ictimai sahəsində ən gözəl qanunlar vermişdir. O qanunlardan bə`zisi insanlarla Allah arasındakı ibadətə, bə`ziləri insanın öz nəfsini paklaşdırmasına və onun ictimayyətdə yaxşı məqam ələ gətirməsinə dəlalət edir. Belə qanunlar qərbdə yalnız dörd əsr bundan öncə insanlar tərəfindən ixtilaf və cəhalətlə bir yerdə kəşf və tətbiq olunmuşdur. Halbuki, İslam 1400 il bundan əvvəl insanlara tərbiyət yollarını tanıtdırmış və insanların hüquqlarını qorumuşdur. Bu gün qərbin bir çox mütəfəkkir və filosofları bu mətləbi iqrar edir və bu işi İslamın ən cazibəli cəhəti sayır.

Bununla da, biz Qur`anın mö`cüzə cəhətinə aid olan bəhsimizii qurtarırıq. Daha çox mə`lumat almaq istəyənlər bu sahədə yazılmış geniş kitablara müraciət edə bilərlər.[7]

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ALTINCI DƏRS

 

DÖRDÜNCÜ ƏSAS

İMAMƏT

 

İmamlıq, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən təyin olunmalıdır.  Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) daha yaxşı tanıyır. Həmin səbəbdən tarixdə peyğəmbərlərin özlərindən sonra canişinlərini təyin etdiklərini müşahidə edirik. Allah peyğəmbəri Musa (əleyhissalam) Yuşəbni Nunu öz canişini tə`yin edir. Allah peyğəmbəri Davudun oğlu Süleyman (əleyhissalam) Asif ibini Bərxiyanı öz canişini tə`yin edir. Allah peyğəmbəri İsa (əleyhissalam) həvariləri öz canişini təyin edir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyin e`lan edəndən sonra Əhəd ibni Amir  Həzrətdən soruşur: Biz Sizin bütün əmrlərinizə tabeyik. Ya Rəsuləllah! Allah sizə sizdən sonra canişin tə`yin edibmi? (Yə`ni imamət) Həzrət cavabında buyurur: “Bəli təyin olunub. Allah istədiyin bu məqama seçər!…!”[8]

Həmçinin İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə seçilən vaxtda Allah-taala tərəfindən öz canişinlərini də tə`kidlə elan etməsi mə`lum olur. Başqa yerdə islam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) öz canişinlərinin təkbətək adlarını da deməsi tarixdən mə`lumdur. Onlar, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) Əhli-Beytidir (əleyhissalam). On iki nəfərdirlər. Birincisi imam Əli ibni Əbi Talib (əleyhissalam) və sonuncusu imam Mühəmməd ibni həsən Əl-Məhdi Müntəzərdir. (Allah zühurunu tezləşdirsin).

 

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) ƏHLİ-BEYT (ƏLEYHİMUSSALAM)-IN İMAMLIĞI BARƏSİNDƏKİ HƏDİSLƏRİNDƏN

Müsəlman alimlərinin əksəriyyəti Əhli-Beytin (əleyhissalam) imaməti barəsində İslam Peyğəmbərindən(səlləllahu əleyhi və alehi və səlləm) çoxlu  hədislər nəql ediblər. Onlardan bə`zilərinə işarə edirik:

  1. 1.      SƏQƏLEYN HƏDİSİ: (İKİ AĞIR ƏMANƏT) –

      أيها الناس إني قد تركت فيكم ما إن أخذتم به لن تضلوا بعدى : الثقلين وأحدهما أكبر من الاخر ؛ كتاب الله حبل ممدود من السماء إلى الارض وعترتي أهل بيتي وانهما لن يفترقا حتى يردا علي الحوض  فانظروا كيف تخلفوني فيهما

   “Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız.  İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Qur`an, digəri isə Əhli-Beytimdir. Bu iki əmanət Qiyamətdə hövzu Kovvsərdə mənə yetişənə qədər bir-birində ayrılmaz! Baxın görüm onlarla necə rəftar edəcəksiniz?”[9]

 

 

 

 

  1. 2.      SƏFİNƏ HƏDİSİ: (GƏMİYƏ BƏNZƏR) –

 

     انما مثل اهل بيتي فيكم كمثل سفينة نوح، من ركبها نجا و من تخلف عنها غرق

 

“Mənim Əhli-Beytimin misalı sizin aranızda Nuhun gəmisinə bənzər. Hər kim mindisə nicat tapdı, amma hər kim dala qalsa həlak olar!”[10]

 

  1. 3.      İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Məndən sonra on iki imam olar və hamısı da qureyşdən olar.[11]

 

ON İKİ İMAMLAR

  1. İmam Əli ibni Əbi Talib (əleyhissalam)
  2. İmam Həsən ibni Əli ibni Əbi Talib (əleyhissalam)
  3. İmam Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)
  4. İmam  Əli ibni Hüseyn Zeynal-Abidin (əleyhissalam)
  5. İmam Mühəmməd ibni Əli əl-Baqir (əleyhissalam)
  6. İmam Cə`fər ibni Mühəmməd  Əs-Sadiq (əleyhissalam)
  7. İmam Musa ibni Cə`fər əl-Kazim (əleyhissalam)
  8. İmam Əli ibni Musa ər-Riza (əleyhissalam)
  9. İmam Mühəmməd ibni Əli əl-Cavad (əleyhissalam)
  10. İmam Əli ibni Mühəmməd əl-Hadi (əleyhissalam)
  11. İmam əl-Həsən ibni Əli əl-Əsgəri (əleyhissalam)
  12. İmam Mühəmməd ibni əl-Həsən, əl-Məhdi əl- Müntəzər (əleyhissalam)

 

Bizim on iki imamlarımız bunlardır. Ona görə də Haqq məzhəb olan şiə məzhəbinə “on iki imamçı şiələr” məzhəbi deyirlər.

Bunlardan başqa heç bir Əli övladlarına, saleh şəxslərə və alimlərə Allah dərgahında hansı məqamda olurlarsa olsunlar “imam” ləqəbi ilə müraciət doğru deyildir. Məsələn, həzrət Əli (əleyhissalam)-ın oğlu həzrət Abbasa, Həmzəyə və Hadi adlı övladlarına “imam” – deyilməsi düzgün deyildir.

Doğrudur ki, bə`zi vaxtlar bə`zi alimlərə də “imam” sözünü nisbət verirlər. Bu sözlə məqsəd həmin mə`sum və xəlifə nəzərdə tutulmur. Bəlkə də dahi alim və rəhbər kimi şeylər nəzərdə tutulur. Bə`zi vaxtlər belə sözlərə görə ixtilaflar da olur. Bu ixtilaflardan çəkinmək lazımdır.

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

 

 

 

YEDDİNCİ DƏRS

 

ON İKİ İMAM HAQQINDA QISA MƏ`LUMAT

BİRİNCİ İMAM

ƏLİ İBNİ ƏBİ TALİB (ƏLEYHİSSALAM) İBNİ ƏBDÜL-MÜTTƏLİB İBNİ HAŞİM

 

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyə tə`yin olunmasından 12 il əvvəl kə`bədə Allah evində dünyaya gəlib. Bu viladəti bütün müsəlman tirixçiləri nəql edirlər.[12] Mübarək ramazan ayının 19-da hicrətin 40-cı ilində sübh namazı qılarkən məsciddə xəvariclərdən olan Əbdürrəhman ibni Mülcəm adlı bir nəfərin qılınc zərbəsi ilə yaralanır və ramazan ayının 21-də şəhid olur. Nəcəfi-Əşrəf şəhərində dəfn olunur.

Atası: Əbu Talibdir. Nəql olunur ki, əsl adı İmrandır. Atası Əbdül-Müttəlib vəfat etdikdən sonra qureyş tayfasının başçılığı ona keçmişdir. İslam Peyğəmbərini (səlləllahu əleyhi və alehi və səlləm) uşaq çağından himayət etmiş, qureyşin ona əziyyət verməsinin qarşısını almış və o Həzrətə iman gətirmişdir. Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müdafiə etdiyinə görə “Əbu Talib məkanı!” adlı yerdə Peyğəmbərlə (səlləllahu əleyhi və alehi və səlləm) birlikdə mühasirə şəraitində olmuşdur. Əbu Talib,   Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərliyini e`lan etməsindən on il sonra vəfat etmişdir. Həmin ildə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcəsi Xədicə xanım da vəfat edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həmin ili ”hüzn” ili adlandırır. Peyğəmbərdən (səlləllahu əleyhi və alehi və səlləm) hədisdə nəql olunur ki buyurur: “Nə qədər ki, Əbu Talib dünyada vardı qureyş mənə qarşı hücum edə bilmirdilər”[13]

 

Anası: Əsədin qızı Fatimədir. Uşaq vaxtı islam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Talibin evində olanda Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) çox yaxşılıqlar etmişdir.

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-IN İMAMLIĞI HAQQINDA NƏQL OLUNAN HƏDİSLƏRDƏN NÜMUNƏLƏR

  1. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbər kimi gəlməsinin ilk ilində belə bir ayə nazil olur:

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ

  “ Ən yaxın qohumlarını Allah yoluna də`vət et!”[14]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədən sonra  Əbdül-Müttəlib övladlarını bir yerə yığıb belə buyurur: Ey Əbdül-Müttəllib övladları! Allaha and olsun ki, mən ərəblər arasında elə bir cavan tanımıram ki, mənim sizə gətirdiyim xəbərdən yaxşı bir xabar gətirsin! Mən sizə dünya və axirət xeyiri xəbərini gətirmişəm. Allah-taala Özü mənə əmr edib ki, bu sözü sizlərə çatdırım. Sizlərdən hansınız bu işdə mənim vəzirim olur və məndən sonra canişinim və xəlifəm olsun? Həzrət Əli (əleyhissalam) qalxır. Hamı O həzrətə tərəf diqqət edir. Buyurur: Ey Allahın peyğəmbəri! Mən bu işdə sizin köməkçini köməkçinizəm! Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) bu vaxt Əlinin (əleyhissalam) əlindən yapışıb buyurur: “Həqiqətən, bu sizin aranızda mənim qardaşım, canişinim və xəlifəmdir. Onu eşidin və itaətində olun!”

Məclis dağılır. Hamı durur və gülərək Əbu Talibə istehza edib deyirlər: Sənə əmr olundu ki, oğlunu eşit və onun itaətində ol! [15]

  1. QƏDİR-XUM HƏDİSİ:  İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ömrünün axır çığında hicrətin 10-cu ilində son həcc ziyarətindən Mədinəyə dönərkən həzrət Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olub vəhy gətirir ki, səndən sonra Əli (əleyhissalam) müsəlmanlara imam tə`yin olunur. O vaxt bu ayə nazil olur:

 

    يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ

     “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (ayəni) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyimiz elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.”[16]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bundan sonra müsəlmanları gəm edib belə buyurur:

“Ey müsəlmanlar! Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız məndən sonra yolunuzdan azmazsınız.  İki böyük əmanətdən biri göylərdən yerə qədər yetən Allahın kitabı Qur`an, digəri isə Əhli-Beytimdir.”[17]  Sonra yenə buyurur: Məgər mən sizin özünüzdən də sizə əziz deyiləmmi? Dedilər: Bəli! Bu sözü üç dəfə təkrar edir. Onlar hər üçündə eyni cavabı verib həzrətin sözünü təsdiq edirlər. Həzrət Əli (əleyhissalam)-ın əlini qaldırıb buyurur:

“Mən hər kimi ağası və rəhbəriyəmsə Əli də (məndən sonra) onun ağısı və imamıdır. İlahi! Onu dost tutanı Sən də dost tut! Hər kim Onunla düşmənçilik etsə Sən də onunla düşmənçilik et! Hər kim onu sevsə Sən də onu sev və hər kimdə ona qarşı kin olsa sən də ona qarşı kinli ol! Hər kim ona kömək etsə, Sən də ona kömək ol! Hər kim onu xar etmək istəsə, Sən də onu xar et! Həmişə onu Haqqla bir yerdə et!” [18]

Əbu Səid Xidri nəql edir:  Bu sözlər deyiləndən sonra hələ cammat dağılmamışdı ki, bu ayə nəzil oldu:

 

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِيناً

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”[19]

Bu arada şair Həsan ibni Sabit qalxıb dedi: Ey Allahın Rəsulu! İcazə verirsinizmi bu hadisə haqqında Əli (əleyhissalam) haqqında bir neçə beyt şe`r deyim ki, əhali eşitsin? Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allahın bərəkəti ilə de! Şair durur və bu məzmunda şe`r deyir:

 

Peyğəmbərləri Qədir-Xum günü onlara xitab etdi,

Peyğəmbərinizi bu gün Qədir-Xumda eşidin!

Soruşdu kimdi sizin rəhbər və mövlanız?

Dedilər: Şəkk-şübhə yoxdu ki, hamıya mə`lumdur.

Sənin Allahın xaliqimiz, Sən də rəhbərimizsən.

Məgər sizə itaətdə bizdən bir günah görmüsən?

Ona buyurdu: Dur! Ya Əli! Həqiqətən mən,

Razıyam ki,məndən sonra canişinim və imamsan.

Mən hər kimin mövlasıyamsa bu da onun rəhbəridir.

Ona köməkçi olun və sədaqətlə dost tutun!

Burda dua etdi: İlahi! Onu sevəni Sən də sev!

Hər kim Əliyə düşmən olsa, ona düşmən ol!

 

Bu zaman Əbu Bəkr və Ömər Həzrətə yaxınlaşıb dedilər: Ey bütün mömin və möminələrin ağası və rəhbəri təbrik edirik! [20]

Bu vaxt kimsə Ömərə dedi: Sən Əlini elə tə`rif etdin ki, heç bir Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) səhabəsi bu fəzilətə nail olmayıb. Ömər cavab verdi: Bə`li! O, mənim rəhbərimdir![21]

Həzrət Əli (əleyhissalam) buyurur:

“İnsanlar üç qismdir: Bir dəstə təvazökar və mö`min alimlərdir. Bir dəstə səadət yolunda tə`lim edən müəllimlərdir. Bir dəstə də yaz qabağı çəmənlikdə bitən yaşıl otlara bənzər. Həzin bir yellə o tərəf-bu tərəfə əyilərlər. Elmləri də olsa ondan nur ala bilməzlər. Heç bir möhkəm yerdən yapışmayıblar!”

ÜÇÜNCÜ MƏ`SUM

HƏZRƏT FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)

 

Adı:                             Fatimə (salamullahi əleyha)

Atasının adı: İslam Peyğəmbəri Məhəmməd (sələlləhi əleyhi və alihi və səlləm)

Anasının adı: Xədicə (salamullahi əleyha)

Təvəllüdü:     20 Cəmadiyüs-sani, cümə günü, be`sətin 5-ci ili.

Doğulduğu yer:             Məkkə

Şəhadət ili:              Hicri 11-ci il

Dəfn olunduğu yer:    Mə`lum deyildir.

 

Həzrət Zəhranın (salamullahi əleyha) doğumu əsnasında Allahın Peyğəmbəri  (sələlləhi əleyhi və alihi və səlləm) Xədicəyə belə buyurdu: «İndi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə`sum rəhbərlər onun nəslindən gələcək».

Həzrət Fatimə (salamullahi əleyha) be`sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı.

Həzrət Fatimə (salamullahi əleyha) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur`anı Peyğəmbərin  (sələlləhi əleyhi və alihi və səlləm) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (salamullahi əleyha)  Qur`an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.

Peyğəmbərimiz (sələlləhi əleyhi və alihi və səlləm) Həzrət Fatiməni (salamullahi əleyha)  öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».

BƏRƏKTLİ AİLƏ

Həzrət Fatimə (salamullahi əleyha)  Əli (əleyhissalam) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.

Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. İkisi də Şe`bi Əbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.

Həzrət Fatimə (salamullahi əleyha)   bilirdi ki, həzrət Əli (əleyhissalam)-ın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.

O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu İslam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Həzrət Fatimə (salamullahi əleyha)  İslam dünyasının rəhbəri Peyğəmbərin (sələlləhi əleyhi və alihi və səlləm) qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.

Xanım Zəhra (salamullahi əleyha)  özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və ne`mət içində yaşayırdılar. Amma Fatimə (salamullahi əleyha)  hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.

Fatimə (salamullahi əleyha)  cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur`anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

İKİNCİ İMAM

HƏSƏN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası:  İmam Əli (əleyhissalam).

Anası:  İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşə`sin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunub.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) O həzrət və qardaşı imam Hüseyn (əleyhissalam) barəsində buyurur:

“Həsən və Hüseyn hər ikisi imamdırlar. İstər qiyam etsinlər istər etməsinlər!”[22]

Cabir Ənsari nəql edir: İmam Həsən (əleyhissalam)-dan eşitdim buyurdu:

“Əxlaqi xüsusiyyətlər ondur: Dilin düzlüyü, günahı e`tiraf etməsi, sailə əta etmək, gözəl əxlaqlı olmaq, yaxşılığa yaxşılıq, qohum-əqraba ilə əlaqəni kəsməmək, qonşunun haqqın qorumaq, haqq sahibin tanımaq, qonağa ehtiram və onların başlıcası həyalı olmaqdır.”[23]

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

SƏKKİZİNCİ DƏRS

ÜÇÜNCÜ İMAM

HÜSEYN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası: Əli (əleyhissalam)

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin dördüncü ilində Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-Beyti (əleyhissalam) ilə məhərrəm ayının onuncu (aşura) günündə Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

Birinci şəxsdir ki, Mədinədə ona xatir torpaq qızardı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in zövcəsi Ümmi Sələməyə bir qabda torpaq verib buyurur:

“Cəbrail nazil olub mənə xəbər verdi ki, Ümmətindən bir dəstəsi Hüseyni qətlə yetirəcək. Bu türbəti də mənə verdi. Dedi ki: Elə ki, bu torpaq qızardı bil ki, Hüseyn şəhid olur.”

Bu türbət o vaxta qədər Ümmi Sələmənin yanında qalır ki, imam Hüseyn (əleyhissalam) Kərbəlaya yola düşür.  Hər saatda torpağa baxır. Elə ki, torpaq qızarır,  vay Hüseyn!  Peyğəmbərin balası!  – deyə fəryad çəkir. Qadınlar hər tərəfdən gəlirlər. Mədinədə görünməmiş bir şivən qopur.

İmam Hüseyn (əleyhissalam) oğlu Zeynal-Abidin (əleyhissalam)-a belə vəsiyyət edir:

“Oğlum! Allahdan başqa köməyi olmayan bir nəfərə zülm eləmə!”[24]

DÖRDÜNCÜ İMAM

ƏLİ İBNİ HÜSEYN ZEYNAL-ABİDİN (əleyhissalam)

Hicrətin 38-ci ilində şə`ban ayında cümə günü Mədinədə dünyaya gəlir. Həcrətin 99-cu ilində zəhərlənir və şəhid olur. Rəvayətdə var ki, anası fars şahlarından Yəzdigərin qızıdır.

İmam Zeynal-Abidin (əleyhissalam) on yaşında ikən Kərbəlada iştirak edib. Ağır qızdırma içində olduğuna görə o hadisədə şəhid olmur. (Bu da Allahın bir hikmətindən idi) Zöhd və ibadətinə görə məşhur idi. Ona görə də “abidlərin ziynəti” ləqəbi qoyurlar. Alnında səcdə izləri çox qalardı. Gecələr fəqirlərə təam verməkdən ötrü onların mənzillərinə gedərdi.

Həzrət hədislərindən birində buyurur:

“Tənbəllik və əzəyyət verməkdən uzaq ol! Bu iki sifət bütün şərr işlərin açırıdır. Çünki, əgər tənbəl olsan haqqı qaytarmazsan. Əziyyət verən də olsan, haqq sözə səbr etməzsən”

BEŞİNCİ İMAM

MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-BAQİR (əleyhissalam)

Hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlmiş və 114-cü ilində zəhərlənərək şəhadətə yetmişdir. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunmuşdur.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) səhabələrindən biri Cabir ibni Ənsaridən imam Baqir (əleyhissalam) belə rəvayət edir: Mən hələ balaca idim. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bir gün Sizə salam göndərdəi. Soruşdular ki: Bu necə oldu? Cavab verir: Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) yanında oturmuşdum. İmam Hüseyn (əleyhissalam) da orda idi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) mənə xitabən buyurdu:

“Ya Cabir! Bu balamın bir övladı olacaq. Adı da Əli olacaq. Qiyamət günündə nida edən çağrıcaq: Abidlərin ağası dursun! Bu zaman Hüseynin bu oğlu duracaq. Sonra Onun da (Zeynal-Abidinin) oğlu olacaq. Adı Mühəmməd olar. Sən onu görəcəksən. Onu görəndə məndən də ona salam de!”[25]

Başqa bir rəvayətdə isə belə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Cabirə buyurur:

“Sən o qədər yaşayarsan ki, balam Hüseynin övladından birini görərsən. Onun adı Mühəmməd olar. Elmləri, o cümlədən din elmini yaran və çox bilən olar. Elə ki, onu gördün məndən ona salam söylə!”[26]

İmam Mühəmməd Baqir (əleyhissalam) İslam elmlərini ən çox yayan olub və çoxlu şagirdləri olub. İmam hədislərdən birində buyurur:

“İnsanlarla, sizin başqalarının sizə ən yaxşı münasibəti və davranışı olmasını istədiyiniz kimi davranın! Allah-taala möminlərə söyüş verənə, təhqir edənə və əziyyət edənə qəzəb edər!”[27]  ALTINCI İMAM

CƏ`FƏR İBNİ MÜHƏMMƏD ƏS-SADİQ (əleyhissalam)

Hicrətin 80-cı ilində doğulub və 148-ci ildə Mədinədə vəfat edib. Bəqi qəbrəstanlığında dəfn olunub. İslam və dünyəvi elmləri çox tə`lim etmişdir.  Vəşşa adlı ravi belə nəql edir: Mən kufə məscidində oldum. 700 nəfər alimlə görüşdüm ki, hamısı deyirdi: Cə`fər ibni Mühəmməddən (əleyhissalam) nəql edirəm. Yə`ni, O mənə deyib. Həzrətin şagirdlərindən, Zürarə ibni Ə`yən, Mühəmməd ibni Müslim əs-Səqəfi və tanınmış kimya alimi Cabir ibni Həyyanın adını çəkmək olar.

İmam Sadiq (əleyhissalam)-ın dövrü elmi və mədəni inkişaf çox qabaqa getmişdi. Bu sahədə Əhli-Beyt (əleyhimussalam)-a və bu məktəbə münasib vaxt gəldi ki, bütün dünyaya yayılsın. Həzrət o qədər Əhli-Beyt (əleyhimussalam) məktəbinin şagirdlərini hazırlayır ki, şiə məzhəbinin adı O həzrətin adı ilə bağlıdır. (Cə`fəri məzhəbi)

Əbu Cə`fər Mənsur, imam Sadiq (əleyhissalam)-a bir nəfərdən sifariş göndərir ki: Nəyə görə başqa camaat kimi siz də bizə qoşulmursunuz? Həzrət (əleyhissalam) cavabında yazır:

“Biz dünya malına vurulmamışıq ki səndən qorxub sənə müraciət edək və sənin də yanında axirətdən bir şey də yoxdur ki, ona görə sənin yanına gələk!”[28]

İmam  Sadiq (əleyhissalam)-dan nəql olunur:

Zalimin öz zülmünə dəlillərindən biri budur ki, Allah-taala zülm olunan şəxsi ona müsəllət edər. Əgər çağırsa ona cavab verməz.”

DOQQUZUNCU DƏRS

YEDDİNCİ İMAM

MUSA İBNİ CƏ`FƏR ƏL-KAZİM (əleyhissalam)

Hicrətin 128-ci ilində dünyaya gəlmiş, 183-cü ildə Bağdadda Harun Ər-Rəşidin zindanında zəhərlənib şəhid olmuşdur. Bağdadın ətrafında dəfn olunur və həmin münasibətlə o yerə Kazimiyyə deyiblər. Zalim hakimlərin zülm və əziyyətləri müqabilində çox səbrli, həlim və dözümlü olduğuna görə ona Kazim ləqəbi verilib. Xüsusilə, O həzrətə (əlyehissalam)  Harun Rəşid çox zülm etmiş, zindana salmış və dəfələrlə əziyyətə salmışdır. Mühəmməd ibni Təlhə Şafi imam Kazim  (əlyehissalam)  barəsində yazır:

“Çox əzəmətli və məqamlı imam idi. Şə`n və şöhrəti müsəlmanlar arasında mə`lum idi. Din yolunda ən çox bilən və çalışan və ən çox ibadətdə məşhur olan idi. Çoxlu kəramətləri olub və itaətdə olardı. Gecəni səcdə və qiyam halında keçirir, gündüzlər oruc tutur və sədəqə verirdi. Çox həmlələrə və zülmlərə dözdüyünə görə həzrətə Kazim (səbrli) ləqəbi deyilib.” [29]

İmam (əleyhissalam) Hişam ibni Həkəmə belə vəsiyyət edir:

“Həqiqətən, Allahın insanlar üzərində iki höccəti var. Birinci zahiri höccət, ikinci batini höccət. Zahiri höccət, peyğəmbər, rəsullar və imamlardır. Amma batini höccət isə ağıldır… Ya Hişam! Ağıllı adamdan az əməl çoxluqla qəbul olar. Amma cahil və nəfsinə tabe olandan baş verən çox əməl rədd olunar!”

SƏKKİZİNCİ İMAM

ƏLİ İBNİ MUSA ƏR-RİZA (əleyhissalam)

Hicrətin 148-ci ilində dünyaya gəlmiş 203-cü ildə Xorasan vila  yətinin Tus məntəqəsində zəhərlənərək şəhid olur. Müsəlmanlar arasında o qədər fəzilət, kəramət və hikməti ilə tanınır ki, hakim dövran Mə`mun Abbasi Həzrətdən istəyir ki onun canişini olsun. Zorla da olsa İmama (əleyhissalam) bu məsuliyyəti qəbul etdirirlər və İmam (əleyhissalam) şərt qoyur ki, heç bir dövlət məsuliyyətini və hökmünü öhdəsinə almayacaq.

İmam Riza (əleyhissalam) bir çox münhəriflərlə o cümlədən, zənadiqlərlə elmi münazirə aparmış və onları tutarlı dəlillə rədd etmişdir. Bu yolda qarşı tərəf düşmənçilik etmək əvəzinə İmamı (əleyhissalam) dost tutmuş və Ona iman gətirmişdir.

İmam Riza (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər bir insanın dostu onun ağlı, düşməni isə cəhalətidir.”

Həzrət başqa bir hədisdə buyurur:   “Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqlarındandır!”

DOQQUZUNCU İMAM

MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-CAVAD (əleyhissalam)

Hicrətin 195-ci ildə dünyaya gəlmiş və 220-ci ildə Mö`təsim Abbasinin hiyləsi ilə zəhərlənib şəhid olub Kazimeyn şəhərində imam Kazim  (əleyhissalam)-ın yanında dəfn olunub.

Az yaşında imamətə gəlməsinə baxmayaraq çox elmli və hikmətli bir insan olub. Həzrəti öz nəzarətində saxlamaqdan ötrü Mə`mun öz qızını Ona verir. İmam Cavad (əleyhissalam)-ın az yaşında imamətə gəlib belə bir elmə, fəzilətə və savada malik olması dəlalət edir ki, Əhli-Beyt (əlyehimussalam)-ın elmi xüsusi elmdir və bu elmi almaqdan ötrü müəllimə ehtiyac yoxdur. Onların elmi bir başa Allahdandır.

İmam (əleyhissalam) hədislərdə buyurur:

“Əgər cahil sakit olsa, insanlar ixtilaf etməz!”

İmam (əleyhissalam) başqa hadisdə buyurur:

“Mö`min şəxs bir neçə şeyə möhtacdır: Allahdan ona tofiq verilsin, nəfsi tərəfindən özü-özünü moizə etsin və onu nəsihət edəni qəbul etsin!”

ONUNCU İMAM

ƏLİ İBNİ MÜHƏMMƏD ƏL-HADİ (əleyhissalam)

Hicrətin 212-ci ilində dünyaya gəlmiş 254-cü ildə Samerrada zəhərlənib və orada dəfn olunub.

İmam Hadi (əleyhissalam) elə bir hakim və xəlifələrin dövründə yaşayıb ki, Əhli-Beytə qarşı (əleyhimussalam) şiddətlə qəzəb və düşmənçilikləri olub. Onlardan Mütəvəkkil Abbasini qeyd etmək olar.   Bu həmin hakimdir ki, göstəriş verir ki, imam Hüsyen (əleyhissalam)-ın qəbrini şumlatdırıb yerində buğda əkdirir. Mütəvəkkil Yəhya ibni Hərsəməti Mədinəyə göndərir ki, imam Hadi (əleyhissalam)-ı İraqa gətirsin. Yəhya nəql edir: Mədinəyə yola düşdüm. Elə ki, şəhərə daxil oldum əhalidən elə yanıqlı bir fəryad eşitdim hələ indiyə qədər heç kimdən elə bir yanıqlı səslər eşitməmişdim. Onlar mənim gəlişimlə imam Hadi (əleyhissalam)-ın canına xətər olduğunu hiss edib fəryad edirdilər. Sanki, bütün dünya ayağa durdu. Ona görə ki, hamı o Həzrəti çox sevir və onların yanında qalmasını istəyirdilər. Əhali bilirdi ki, İmamın (əleyhissalam) dünyaya heç bir meyli yoxdur. Yəhya nəql edir: mən orda bir müddət qaldım və onlara and içdim ki, mən imama heç bir hiylə qurmaqdan ötrü gəlməmişəm. Bizim ona heç bir iradımız yoxdur. Sonra İmamın (əleyhissalam) mənzilinə yola düşdüm. Həzrətin evində elmi kitablar və Allah-taala ilə munacat dualarından başqa bir şey tapmadım. Bununla da Həzrət mənim gözümdə əzəmətli oldu…..”[30]

İmam (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər kəsə nəfsi üstün gəlsə, onun şərrindən amanda qalmaq olmaz!”

ON BİRİNCİ İMAM

İMAM ƏL-HƏSƏN ƏSGƏRİ (əleyhissalam)

Hicrətin 232-ci ilində doğulmuş 260-cı ildə Samerra şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Mühəmməd ibni Əbdül-Əzizi Bəlxi nəql edir: Bir gün sübh tezdən çöldə qoyunların yanında oturmuşdum. Birdən gördüm ki, imam Həsən Əsgəri (əleyhissalam)-ı mənzilindən çıxarıb saraya tərəf aparırlar. Öz-özümə fikirləşdim görəsən nə olar ki, fəryad çəkim ay camaat! Bu kişi Allahın yer üzündə höccətidir. Bunu hamınız tanıyın! – deyim.  Sonra  qoy məni öldürsünlər.

Elə ki, İmam (əleyhissalam) mənim yanımdan keçdi, barmağını ağzına tutub mənə sakit olmağımı işarə etdi. Həmin gecə Həzrəti yenə gördüm, buyurdu: “Sən orda ya gizlətməli idin ya da ölməli idin. Allah buyurur ki, özünüzü qoruyun!”[31]

Dövranının zalim hakimi dəfələrlə Həzrəti zindana salmışdır. Həzrət (əleyhissalam) Abbasilərin zindanında olanda zindan başı Saleh ibni Vəsifə tapşırırlar ki, Həzrəti sıxıntıda saxlasın. Saleh onlara cavab verir: Mən onunla nə edə bilərəm? Ona iki keşikçi qoymuşam ki, ən şərr adamlardır. O, bu iki şərr adamı ibadət və namaza tərəf gətirmişdir. Bu böyük bir işdir. Hakim göstəriş verir ki, o iki nəfəri çağırsınlır. Onlardan soruşur: Ar olsun sizə! Bu kişi sizə nə edib? Cavab verirlər: Biz, gündüzləri oruc tutub gecələri ibadətdə olan bir şəxs barəsində nə deyə bilərik. İbadətdən başqa bir şey danışmır və məşğul olmur. Elə ki, bizə baxırdı biz Onun yanındı xəcalət çəkirdik. Abbasi zalimləri bu sözləri eşitdikdə xəcalətlərindən başlarını  aşağı saldılar.[32]

İmam Həsən Əsgəri (əleyhissalam) hədislərindən birində buyurur:

“Təvazökarlıqdan biri də budur ki, müsəlman hər yanından ötənə salam versin və məclisdə aşağı tərəfdə otursun!”

Başqa hədisdə buyurur:

“Övladın uşaq vaxtı atasına cür`ət etməsi böyüyəndə onun ağ valideyn olmasına işarədir.”

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI



[1] İsra surəsi, 88-ci ayə.

[2] Hud surəsi, 13-14-cü ayələr.

[3] Bəqərə surəsi, 23-24-cü ayələr.

[4] Məcməul-Bəyan, 20-ci cild. Səh-584.

[5] Əl-Bidayə vən-Nəhayə, ibni Kəsir. 3-cü cild, səh-123.

[6] Rum surəsi, 1-6-cı ayələr.

[7] Müəllifin yazdığı “Qur`an elmləri” kitabına müraciət edin.

[8] Tarixli-üməm vəl-muluk. 2-ci cild. Səh-84.

[9] Camius-Səhih, Termizi, 5-ci cild, səh-663.

[10] Biharul-Ənvar, 23-cü cild, səh-105. Kənzül-Ümmal, 12-ci cild, səh-94.

[11] Əs-Simratul-Müstəqim, 2-ci cild, səh-100.

[12] Əl-Qədir, 6-cı cild, səh-21 və sonra.

[13] Tarixil Üməm vəl-Muluk, 2-ci cild, səh-80.

[14] Şüəra surəsi, 214-cü ayə.

[15] Tarixil Üməm vəl-Muluk, 2-ci cild, səh-63.

[16] Maidə surəsi, 67-ci ayə.

[17] Əl-Qədir, 1-ci cild. Səh-31. Müstədrəkul-Səhiheyndən nəql olunur.

[18] Əs-Səvaiqul-Muhriqə. Səh-42. Termizi, Nisai və Müsnəd Əhməddən nəql olunur.

[19] Maidə surəsi, 3-cü ayə.

[20] Əl-Qədir.

[21] Əs-Səvaiqul-Muhriqə. Səh-44.

[22] Biharul-Ənvar, 34-cü cild, səh-291.

[23] Tarix-Yə`qubi, 2-ci cild, səh-226.

[24] Üsul-Kafi, 2-ci cild, səh-331.

[25] Əs-Savaiqul-Muhriqə. Səh-201.

[26]  Vərkəbətis-Səfinə, səh-555. Şeyx Müfidin “İrşad” kitabından nəql olunur.

[27]Vərkəbətis-Səfinə, səh-553.

[28]Vərkəbətis-Səfinə, səh-562.

[29] Vərkəbətis-Səfinə, səh-565.

[30] Vərkəbətis-Səfinə, səh-582.

[31] Kəşfül-Ğümmə. 3-cü cild. Səh-212.

[32] Biharul-Ənvar, 50-ci cild, səh-308-309.


more post like this