Bilməliyik ki, paxıllıq ümumi bir hissdir. Amma mən bu məsələyə başqa prizmadan baxmaq istəyirəm. Yaşıd uşaqlar böyüklərə möhtac olduqları üçün öz aralarında rəqabət aparırlar. Paxıllıq yalnız evdəki uşaqlara aid deyil. Sinif yoldaşları, düşərgə yoldaşları arasında da paxıllıq olur. Uşaqlar arasındakı ümumi paxıllıq hissi ilə bacı və qardaş arasındakı paxıllıq hissi arasında elə bir fərq görmürəm. Uşaqlar, sadəcə, başqalarının diqqətini daha çox cəlb etmək üçün öz aralarında rəqabət aparırlar. Fikrimin təsdiqi üçün nəzərinizə çatdırıram ki, bəzi bacı-qardaşlar arasında paxıllıq hissi olmur. Həmkarlarımdan bəziləri elə güman edirlər ki, bu uşaqlar öz paxıllıq hisslərini boğurlar. Amma mən belə düşünmurəm.
Bacı qardaşlar arasındakı paxıllığın səbəbləri var. Yeni körpənin doğulması ilə böyük övlada diqqət azalırsa, onda paxıllıq hissinin alovlanacağı təbiidir. Amma körpə doğulduqdan sonra böyük övlad özünə qarşı diqqətsizlik hiss etməzsə, paxıllığa əsas olmayacaq. Unutmayın ki, körpənin məhəbbət ölçüsü sizin məhəbbət ölçünüzdən fərqlidir.
Bir daha xatırlatmalıyam ki, bacı və qardaş arasındakı paxıllıq hissi sizin hazırlıq tədbirlərinizdən asılıdır. Paxıllığın dərəcəsində uşaqlar arasındakı yaş fərqi də rol oynayır. Məsələn, beş yaşlı uşaq qismən müstəqil olduğu üçün doğulmuş körpəni özünə maneə hesab etmir. Hətta bəzən üç yaşı olan uşaq da valideynin yeni körpəyə diqqətindən bir o qədər narahat olmur.


more post like this