Hələ lap uşaqlıqdan məni bir çox suallar düşündürürdü. Bu suallar bəzən yuxuda da məni rahat buraxmır və olduqca maraqlı olan sehrli aləmlərə aparırdı.
Bizim kəndimiz Böyük Qafqaz dağlarının qoynunda yerləşir. Mən hər il yay tətilini orada keçirirəm.
Kəndimiz çox gözəl və səfalıdır. Onun ətrafında ucu-bucağı görünməyən uca və əzəmətli dağlar, dağlar boyu uzanıb gedən sıx meşələr və ürəkaçan yaşıllıqlar var. Hər tərəfdən eşidilən tütək səsləri, balaca çobanların otardığı qoyun-quzuların mələşməsi kəndi öz başına alır. Burada səma həmişə təmiz və mavidir! Adətən şimaldan əsən xəfif meh, haradansa özüylə qızılgül kollarının gözəl ətrini də gətirir.
Babamgilin evi kəndin lap hündür yerində yerləşir. Oradan baxanda nəinki kəndimiz, hətta bütün Qafqaz dağları görünür.
Bizim həyətimizdə çoxlu nar, armud, gilas və heyva ağacları var. Bağın lap aşağı hissəsi isə malina və qaragilə kollarıyla doludur. Onlardan bir qədər yuxarıda qovun və qarpız bostanı var. Həyətin ortasındakı böyük tut ağacı isə lap talvarı əvəz edir. Onun ətrafa açılan iri qol-budaqları həyətin böyük bir hissəsini yayda günəşin istisindən, qışda isə qar-yağışdan qoruyur.
Bir gün tut ağacının kölgəsində yerə sərilmiş palazların üstündə, nənəmin ağız dolusu təriflədiyi isti samovar çayının həvəsilə oturub ətrafa tamaşa edirdim. Gözlərim önündə canlanan ana təbiətin gözəlliyi məni o qədər məftun etmişdi ki, çayın nə vaxt soyuduğunu hiss etmədim. Cavabsız suallarım məni yenə də düşüncələr aləminə aparmışdı. Heç bilirsinizmi mən nələr haqda fikirləşirdim?
Əvvəllər elə bilirdim ki, dağların qoynundakı bu gözəl meşələri insanlar salıblar. Elə bilirdim ki, bağbanlar bu yerlərdə ağaclar, güllər əkmiş, onları vaxtı-vaxtında suvarmaqla belə gözəlliklər yaratmışlar. Amma sonra öyrəndim ki, yox, bunları bağbanlar əkməyib. Bəs, elə isə kim əkib? Butün bu ağaclar, gül-çiçəklər və giləmeyvə kolları necə vücuda gəlib? Bax, məni düşündürən də elə bu suallar idi.
Bu uca dağları, yaşıl meşələri kim salıb? Yamac boyu şırıltıyla axan çayı həmişə su ilə dolduran kimdir? Şəhərimizdəki ucu-bucağı görünməyən dəniz necə yaranıb? Bütün bu gözəllikləri ana təbiətə bəxş edən kimdir? Axı onlar öz-özünə yarana bilməz!..
Axşam oldu. Mən hələ də həyətdə oturmuşdum. Bu zaman qaranlıq səmada alışıb-yanan ay və ulduzlar diqqətimi cəlb etdi. Onlar necə də parlayırdılar! Ayın şəkli sakit axan çaya düşüb göz qamaşdırırdı. Bir balaca ay bütün dağ-dərələri işıqlandırmışdı. Ulduzlar hərdənbir sayrışır və deyəsən çox uzaqlarda yerə düşürdü.

Olduqca gözəl mənzərə idi. Təbiətin füsunkar gözəlliyi məni heyran qoymuşdu. Görəsən bunları kim yaratmışdır? Görəsən aləmi gah işıqlı gündüzə, gah da qaranlıq gecəyə döndərən kimdir? Görəsən günəş, ay və bu saysız-hesabsız ulduzlar kimindir?
Fikirləşdikcə fikirləşirdim. Özü də elə fikirləşirdim ki, babamın nə zaman gəlib, yanımda oturduğunu hiss etməmişdim. Ancaq deyəsən, babam mənim nə barədə düşündüyümü duymuşdu. Qeyri-ixtiyari dilə gələrək, mənim cavabsız qalmış bütün suallarıma cavab verməyə başladı:
−Hə, bala, görürsənmi dünya necə gözəldir?! Bilirsənmi bunları kim yaradıb? Mənim balam, yadında saxla ki, gördüyün bu gözəlliklər öz-özünə yarana bilməz. Onları böyük və qüdrətli Allah yaradıb; səni, məni və hamımızı yaradan Allah! Gecə, gündüz, ay, günəş və seyrindən doymadığın saysız-hesabsız ulduzlar Allahındır. Torpaqdan baş qaldıran bitkilər, gül-çiçəklər, meyvə ağacları, hamısı onundur, göydən yağış da, qar da yağdıran odur. Dünyada gördüyün hər şeyi – bütün dağları, meşələri, müxtəlif heyvanları, quşları və insanları da yaradan Allahdır. Bütün çaylar, göllər, dənizlər, düzlər onunkudur.
Əziz balam! Unutma ki, Allah hər şeyi biz insanlar üçün yaradıb. Məsələn, Allah inək və qoyunları yaradıb ki, biz onların həm ətindən, həm yağ və südündən, həm də üstəlik yunundan istifadə edək. Biz töyuq, ördək və başqa quşların, hətta sulardakı balıqların da ləzzətli ətindən faydalanır, qidalanırıq. Allah arını yaradıb ki, bizim üçün şirin bal hazırlasın.
Sən indiyə qədər “Allah qoysa”, “Allah köməyin olsun!” sözlərini eşitmisənmi? Bax, bu Allah sənin düşündüyün Allahdır. İnsanları yaradan, onları qoruyub saxlayan, işlərimizdə bizə kömək göstərən və bizə bol-bol nemət bəxş edən odur.
Gördüyün bütün bu gözəlliklər -dağlar, meşələr, dənizlər, çaylar, günəş, ay, sayrışan ulduzlar, yaşıl ağaclar, dadlı meyvələr, ətirli çiçəklər və ləzzətli xörəklər bizə Allahdan danışır. Biz onlara heyrətlə tamaşa edərkən, sanki dil açıb deyirlər: “Ey insan, bizə bax və Allahını tanı! Unutma ki, səni də, bizi də yaradan -Allahdır!”
Mənim gözəl balam! Allahı tanımaq və ona inanmaq üçün təkcə özümüzə baxsaq yetər. Bax bir, Allah yerimək üçün bizə ayaq, işləmək üçün əl, görmək üçün göz, eşitmək üçün qulaq, yemək üçün ağız vermişdir. Allah bizə dil verib ki, bir-birimizlə danışaq və gözəl sözlər deyək. Allah bizə qaş verib ki, işıqda gözlərimiz qamaşmasın, həm də tərləyərkən, alnımızın təri gözümüzə axmasın. Gözümüzə toz-torpaq tökülməsin deyə, o bizə kirpik də verib. Əgər əllərimizdə barmaq olmasaydı, biz bir çox işləri görə bilməzdik. Əgər barmaqlarımızda dırnaq olmasaydı, heç bir şeyi möhkəm tuta bilməz, gözəl xətlə yazmağı bacarmazdıq. Allah sağ-solumuza baxmaq üçün bizə boyun vermişdir. Bir insan bədənində nə qədər qan damarı olduğunu bilirsənmi? Əgər onları bir-birinə bağlasaq, bütün Yer kürəsini bir neçə dəfə dövr edər.
Babam danışdıqca mən fikrə dalırdım. Onun bütün sözləri qəlbimə hopur, ruhumu oxşayırdı. Artıq onu düşünürdüm: “Allah! Demək, hər şeyi yaradan Allahdır. Bizi də yaradan Allahdır. O, hər şeyi bacarır. O, olduqca qüdrətlidir. O, hər şeyi ən gözəl şəkildə yaratmışdır”.
Heyrət içində babama tərəf çevrilib dedim:
-Baba, bəs Allah hardadır? Sən onu görmüsənmi?
Babam dərindən nəfəs aldı və gülümsəyərək dedi:
-Yox, mənim balam, Allah gözlə görülməz. Biz gözlərimizlə yalnız ehtiyaclı varlıqları görə bilirik. Məsələn, gördüyümüz daş, torpaq, ağac, ay, ulduz və digər bütün şeylər, insanlar, quşlar, heyvanlar, hamısı ehtiyaclı varlıqlardır. Bütün bunların yaradana, yəni Allaha ehtiyacları var. Allah isə kamil varlıqdır. Onun heç kəsə və heç nəyə ehtiyacı yoxdur. Kamil və ehtiyacsız varlığı isə gözlə görmək əsla mümkün deyil.
Bizim gözlə gördüklərimiz Allahın yaratdıqları, onun əsərləridir. Bütün bu kainat çox heyrətamiz və gözəl bir rəsm əsərinə bənzəyir. Biz bu əsəri gördükdə heç bir şübhə və tərəddüd etmədən, onun çox isdedadlı bir rəssamı olduğunu anlayırıq. Bu rəssam Allahdır.
Əziz balam! Allah gözlə görülən bir cisim olmadığından ona hər hansı bir yer təyin etmək də mümkünsüzdür. Axı o, həm də ehtiyacsız varlıqdır. Yalnız ehtiyaclı varlıqların, məsələn, insanların, ağacların, günəş və ayın hər hansı bir yerə və məkana ehtiyacları var. Allah ehtiyacsız olduğundan, onun heç bir yerə və məkana da ehtiyacı yoxdur. Odur ki, Allah hər yerdə, hamımızın yanında və həmişə bizimlədir. O, heç zaman bizdən ayrılmır. Bir də unutma ki, Allah gözlə görülməsə də qəlblə duyulur, hiss olunur. Biz qəlbən Allahı dərk edir və ürəkdən ona məhəbbət bəsləyirik. Onu daha yaxından tanımaq üçünsə, malik olduğu xüsusiyyətləri öyrənmək lazımdır.
Babam danışdıqca mən ulduzları seyr edir, bəzən gözümü bir nöqtəyə dikərək fikrə dalır və bəzən də dərindən köks ötürürdüm. Bir-birinin arxasınca düzülən bu sözlər, qulağımdan beynimə, ordan da qəlbimə yönələn bir yolu sakit və aramla qət edirdi. Tez-tez üzümü oxşayan sərin külək mənə gümrahlıq gətirir, sanki qulağıma pıçıldayaraq babamın sözlərini təsdiq edirdi.
-Ay baba, axı gözə görünməyən bir varlıq bizə necə kömək edə bilər?
-Allah olduqca qüdrətlidir, gözəl bala! O, hər işi bacarır. Bu qədər dağ-dərəsi, kənd-şəhəri, çay-dənizi olan Yer kürəsini o yaradıb. Hələ bu harasıdır! Bax, bu ulduzları görürsənmi? Bilirsənmi onlar necə böyükdür? Onların hərəsi bir Yer kürəsi boyda, bəziləri isə ondan da böyükdür. Biz adi gözlə minlərlə, teleskopla isə milyonlarla ulduz müşahidə edə bilərik. Onların dəqiq sayı isə olduqca çoxdur. Bütün bunlar, bu əzəmətli kainat Allahın yalnız bircə “Ol!” əmri ilə yaranıb.
Allahın hər şeyə imkanı çatır, mənim balam! O, hər şeyi dəqiq nizam-intizam üzrə yaratmışdır. Gördüyün bu ulduzlar Allahın əmrilə göydən asıla qalmışlar. Onlar nə yerə düşür, nə də bir-birlərinə dəyirlər. Hələ üstəlik fırlanırlar da. Məsələn, yaşadığımız Yer kürəsi 24 saat ərzində öz oxu ətrafında, 1 ildə isə Günəş ətrafında bir dövrə fırlanır. Müxtəlif xasiyyətli və rəngarəng fəsillər, bir-birinin ardınca gələn gecə-gündüz, Allahın əmrilə dövr edirlər.
-Baba, bəs bütün bunları Allaha kim öyrədib? Axı bir belə dünyanı yaratmaq onun ağlına haradan gəlib?
-Allah öz elmini heç kəsdən öyrənmir, bala! O, var olduğu kimi də elmlidir. Məsələn, elə bir yağ varmı ki, yağlı olmasın? Sən duzlu olmayan duz tapa bilərsənmi? Yox, çünki yağın yağlılığı və duzun duzluluğu onların özlərindən ayrı deyil. Allahın elmli və qüdrətli olması da onun ayrılmaz xüsusiyyətidir. O, həmişə elmli və qüdrətli olub, olacaq da.
-Bax, o qarışqanı görürsənmi? -deyə babam, ağzında nə isə daşıyan balaca bir qarışqanı göstərdi. -Allah onu elə yaradıb ki, özündən bir neçə dəfə ağır yükü qaldıra bilir. O, özünün ən iti sürətilə yerindən tərpənir və həmin sürətlə də dönür. Onun, bir iynə ucundan böyük olmayan beyni müxtəlif hissələrdən təşkil olunmuş mürəkkəb quruluşa malikdir. Qarışqaların həyatı olduqca maraqlıdır. Onlar da biz insanlar kimi ictimai həyat tərzi sürürlər. Hər bir qarışqanın öz vəzifəsi var. Qarışqa yuvalarında sayca ən çox olan işçi qarışqalardır. Onlar yuva sakinlərinin yaşayışı üçün bütün işləri görür, yuva tikir, onu qoruyur, yem tədarük edirlər.
Görürsənmi, əziz balam! Allah hər şeyi öz elmi ilə dəqiq və nizam-intizamlı yaratmışdır. O, yaratdığı bütün varlıqların ehtiyacını bilir. Məsələn, bilir ki, insan, heyvan və bitkilərin yaşaması üçün onlara hava, su, torpaq, günəş və digər amillər lazımdır. Ona görə də bütün bunları bizim ixtiyarımıza buraxmışdır.
Allah həm də hikmətlidir. Onun gördüyü bütün işlərin səbəbi və hikməti vardır. Onun heç bir işi əbəs deyildir. Götürək bu qarışqanı. Heç bilirsənmi bunlar təsərrüfat işlərində, ziyanverici həşəratlara qarşı mübarizədə insanlara nə qədər kömək göstərirlər?! Onlar harda olsalar, qarşılarına çıxan zərərli həşəratların özlərini, yuva və yumurtalarını dağıdıb məhv edirlər.
-Uşağa soyuq olar, ay kişi, gəlin yuxarı! – deyə nənəmin səsi eşidildi.
Hava doğrudan da soyumuşdu. Heç elə bil avqust ayı deyildi. Sən işə bir bax, qonşu rayonlarda istidən gecələr yatmaq olmur, burda isə adam üşüyür. Fikirləşdim ki, bu, Qafqaz dağlarının və onun qoynundakı səfalı meşələrin töhfəsidir. Amma sonra yadıma düşdü ki, bütün bunların sahibi Allahdır. Dağları və meşələri də o yaradıb.
Allaha minnətdarlıq hissi ilə gülümsəyib, babamla birgə evə yollandım.
* * *
Həyətdə yarasalar uçuşurdu; gecə quşları. Mən o zaman onlardan qorxurdum. Qaranlıq gecədə ağacların arasıyla elə sürətlə uçurdular ki, elə bil gündüz vaxtı açıq səhrada, maneəsiz bir yerdə uçurlar. Axı onların xırda gözləri zülmət içindəki əşyaları necə görür?! Lakin bu yaxınlarda öyrəndim ki, yarasalarda yaxşı inkişaf etmiş exolokasiya qabiliyyəti var. Onlar hər saniyədə burunları vasitəsilə 10-15 metr uzunluğunda olan 30-60 ədəd gözəgörünməz lokasiya siqnalı buraxır, sonra iri qulaqları vasitəsilə həmin siqnalları qəbul edib qarşıdakı maneələri müəyyənləşdirirlər. Deməli, onlar qaranlıqda gözləri ilə yox, qulaqları ilə görürlər. Onlar həm də faydalı quş olub, kənd və meşə təsərrüfatı zərərvericilərini məhv edirlər. Görün Allah bizim dünyamızda nə qədər gözəlliklər, nə qədər qəribəliklər yaratmışdır!
* * * Gecə yatağıma girərkən özümü çox xoşbəxt hiss edirdim. Çünki mən artıq çox şey öyrənmişdim. O gün mənim dünya və həyat barəsində olan məlumatlarım birə yüz artmışdı. Mən daha başqa uşaqlar kimi düşünmürdüm. Artıq təbiətin bir çox sirlərinə vaqif olmuşdum.
Gecə çox rahat yatdım. O vaxta qədər görmədiyim şirin yuxular gördüm. Səhər tezdən yuxudan oyandım. Əslində kənddə bundan artıq yatmaq mümkün də deyil. Hamı tezdən durub işə başlayır. Kimisi inəkləri sağır, kimisi qoyunları otarmağa aparır, kimisi həyət süpürür, kimisi meşəyə meyvə ardınca, ya da odun yığmağa gedir.

Meşədə əmimin böyük bir gül sahəsi vardı. Orada ağ, sarı və qırmızı rəngli zanbaqlar becərdilirdi. Həmin gün əmim bağa baş çəkməyə gedəndə məni də özüylə apardı.
Bağ olduqca gözəl idi. Rəngbərəng güllərin füsunkar gözəlliyi ətrafdakı dağ və meşələrin cazibədarlığını artırır, adamı məftun edirdi. Sanki bambaşqa bir dünyaya düşmüşdüm. Şən avazla oxuyan quşların səsi eşidilirdi. Deyəsən onlar da təbiətin gözəlliyindən, bu nadir mənzərədən vəcdə gəlmişdilər. “Necə gözəldir! Necə də qəşəngdir!” -deyə güllərə doğru qaçdım. Hər tərəfim əlvan rənglərlə alışıb-yanırdı. Güllər o qədər hündür idi ki, az qalırdı sinəmə çatsın. Əmim gülə-gülə uzaqdan nə isə deyib, o biri tərəfə getdi.
Güllərin içində bir qədər atılıb-düşdükdən sonra ehtiyatla yerə oturdum. Sanki güllər məni öz ağuşuna almışdı. Elə bil üzbəüz oturub, mənimlə söhbət edəcəkdilər. Öz-özümə fikirləşirdim: Allah bizi çox sevir. Gör bir bizim üçün necə gözəlliklər yaradıb! O, bütün təbiəti biz insanların ixtiyarına buraxıb. Amma, doğrudan… əgər Allah hər şeyi bizim üçün yaratmışsa, bəs bizim özümüzü nədən ötrü yaradıb? Görəsən insanı yaratmaqda Allahın məqsədi nə olub?
Fikirləşə-fikirləşə bir qədər güllərlə oynadım. Sonra onların bir neçəsini dərib əmimin yanına getdim. Bəzi işlərdə ona kömək etdim, sonra evə qayıtdıq. Təbii ki, yolumuz meşənin içindən idi. Biz qayıdarkən ağaclarla örtülmüş təpələr aşdıq, çayın qırağı ilə yol gəldik. Meşədə gəzməyi xoşlasam da, babamı görmək, öz suallarımı ona vermək üçün tələsirdim.
Biz evə çatanda artıq günorta idi. Bibimlə nənəm bişirdikləri böyük çörəkləri təndirdən çıxarırdılar. Atam da gəlmişdi. Anam və əmidostum həyətdə ocaq üzərində bişən yeməyə baxırdılar. Babamı görmürdüm. Deyəsən, hələ bağdan qayıtmamışdı. Evə girdim. Həzin bir səs könlümü oxşadı. Bu, babamın səsi idi. Dediyi sözlərdən heç nə anlamırdım. Elə bil, hansısa ayrı bir dildə danışırdı. Otağa girib babama tamaşa etməyə başladım. O, həmin qəribə sözləri təkrarlayaraq əyilib-düzəlir, oturub-dururdu. Bəzən də alnını yerdəki balaca daş parçasına qoyub nə isə pıçıldayırdı. Mən yerimdəcə donub qalmışdım. Heyrətlə babama baxırdım. Lakin, bu an arxamdan gələn bir səs diqqətimi yayındırdı:
-Namaz qılır -deyə nə isə götürmək üçün otağa girən bibim əlavə etdi: -Günorta namazı.
* * * Namaz! Mən o vaxta qədər bu sözün nə demək olduğunu bilmirdim. Bilmirdim ki, namaz qılmaq bir ibadət növüdür. İbadət isə insanla Allah arasında olan rabitə körpüsüdür. İbadət olmasa, onun Allahla əlaqəsi kəsilər, tənha və yalqız qalar. O vaxta qədər bilmirdim ki, babamın namaz qılarkən dediyi bu qəribə sözlər, müqəddəs kitabımız olan Qurandan hissələrdir. O vaxta qədər bilmirdim ki, babamın alnını qoyduğu daş parçası, torpaqdan düzəldilmiş möhürdür. Çünki namaz qılarkən alını torpaq üzərinə qoymaq lazımdır.
* * * Babam namazını bitirdi. Möhürü yerə sərdiyi parçaya büküb, taxçaya qoydu, mənə baxıb gülümsədi:
-Hə, qayıtdız? Necədir, bağ xoşuna gəldi?
-Bəli, bəli, bağ çox gözəl idi, olduqca gözəl! -dedim və bağdan dərdiyim gülləri babama göstərib əlavə etdim: -Bir bax, bunları oradan dərmişəm. Gör necə də gözəldir!
Babam əlimdəki rəngbərəng güllərə baxıb dedi:
-Bəh-bəh, nə qəşəngdir! Görürsən gözəl Allahımız bizimçün nələr yaradıb?!
-Elədir, baba. Allah bütün bunları bizdən ötrü yaradıb. Amma məni bir sual da düşündürür. O da budur ki, bəs Allah bizi nə üçün yaradıb? İnsanları yaratmaqda onun məqsədi nə olub?
-Afərin, mənim balam. Çox gözəl sual verdin. Əslində bu sual hamını düşündürməlidir. Amma təəssüf ki, çoxları bundan xəbərsizdir. İnsanların çoxu dünyaya nə üçün gəldiklərini bilmir və ona görə də necə gəldi yaşayırlar.
Allah biz insanları yaradıb ki, onun fərmanlarına tabe olub, verdiyi əmrləri yerinə yetirək, günah etməyək. Allah bizi yaradıb ki, onu sevək və heç vaxt unutmayaq, onun xoşlamadığı işləri görməyək. Əvəzində, göstərdiyi bütün mərhəmətlərdən əlavə, o bizə əbədi səadət vəd etmişdir. İnsan əbədidir. Ona görə də bu həmişəlik həyatda xoşbəxt yaşamağa can atmalı, Allahın yaratdığı və saysız-hesabsız gözəlliklərlə bəzədiyi cənnətlərə daxil olmağa çalışmalıdır.
-Biz bunun üçün nə etməliyik, baba?
-Bunun üçün Allaha ibadət etmək, əmrlərini yerinə yetirmək və onun istədiyi kimi yaşamaq lazımdır. Bizi yaradan Allahdır, odur ki, necə yaşamağı da ondan öyrənməliyik.
Yalan danışmaq, pis sözlər demək, ata-ananı incitmək, başqalarını ələ salmaq və sair belə işlər günahdır. Allah günahkar insanları xoşlamır. Adam həmişə düz danışmalı, mehriban olmalı, böyüklərə hörmət göstərməlidir. Oğlanlar 15, qızlar isə 9 yaşlarında namaz qılmağa başlamalıdırlar…
-Necə? Deməli, bu hamıya vacibdir?
-Bəli, əziz balam. Kimin yaşı düşürsə, namaz qılmalıdır. Çünki Allah belə istəyir. Biz insanlar yalnız namaz və digər ibadətlərlə məşğul olmaqla əbədi xoşbəxtliyə qovuşa bilərik.
Babam sözlərini qurtarıb, dərindən köks ötürdü və biz həyətə, nahar süfrəsinə doğru yola düşdük.
* * * Atam deyir ki, bu kənddə heç kim iştaha sarıdan korluq çəkmir. Doğrudan da elədir. Səfalı meşələrlə örtülən hündür dağların havası, həmin dağlardan qaynaqlanan sərin bulaqların suyu və bütün kəndi bürüyən gül-çiçək ətri adamın iştahasını birə-beş artırır.
Həmişə olduğu kimi, yenə də erkək tut ağacının kölgəsi altında sərilmiş nahar süfrəsi bizi gözləyirdi. Bir bilsəydiniz, dağ döşündə, bağ kənarında, füsunkar mənzərə önündə ana təbiətlə üzbəüz oturmaq nə qədər ləzzətlidir! Onda özünü ucadan uca, böyükdən böyük hiss edirsən. Onda xəyallar aləminə səfər edib, təbiətə qovuşmaq, onunla qoşalaşmaq istəyirsən. Lakin birdən həmin xəyallar arasında sənə tanış olan həqiqətin hənirtisi duyulur. Bu doğmalıq, bu hənirti bütün yaranmışların, hətta təbiətin özünün də fövqündə duran bir varlığa -bir olan Allahına təşəkkür hissidir. Səni çayların şırıltısına, küləklərin vıyıltısına, yarpaqların xışıltısına və quşların şən avazına səs verməyə, bir sözlə, təbiətlə qucaqlaşmağa vadar edən də məhz həmin hissdir.
Kənddə qayda belədir: yeməkdən dərhal sonra çay süfrəsi açılır. Bulaqların suyu o qədər yüngül və şirindir ki, içdikcə içmək istəyirsən. Ona görə də yemək vaxtı nə qədər su içməyindən asılı olmayaraq, yeməkdən sonra çay içməyə bilmirsən. Həm də axı bu, adi çay deyil, kömürlə qaynadılmış samovar çayıdır.

Kənddəki mürəbbələr də şəhərdəkilərdən fərqlənir. Orada təkcə gilas, heyva, çiyələk və yaxud şaftalı mürəbbələri olmur, hətta qızılgül, pomidor, qarpız və badımcandan da mürəbbə hazırlayırlar.
* * * Çay süfrəsindən qalxanda artıq saat iki idi. Babam uzanıb istirahət etmək üçün evə getmək istəyirdi. Lakin birdən ayaq saxladı və üzünü mənə çevirib dedi:
-Daha sualın yoxdurmu, filosof?
“Filosof” sözünü başa düşməsəm də üz vurmadım. Onunla birgə evə sarı yeriyə-yeriyə dedim:
-Baba can, sən bu dediklərini hardan bilirsən, Allah deyib?
Babam gülümsəyib dilləndi:
-Yox, oğul. Allah biz insanlar üçün müxtəlif zamanlarda minlərlə peyğəmbər göndərib. Onların sonuncusu Məhəmməd peyğəmbərdir. O, Allah tərəfindən bizə İslam dinini və müqəddəs kitabımız olan Quranı gətirib. Quran, Allahın insanlar üçün verdiyi əmrlərindən və mehribancasına etdiyi nəsihətlərindən ibarətdir. Mənim dediklərim də bu kitabda yazılıb.
Allahın birliyinə və Məhəmmədin sonuncu peyğəmbər olmasına inananlar müsəlman adlanır. Bizim xalqımız da müsəlman xalqdır.
Bunu da yadında saxla, oğul; yadında saxla ki, Məhəmməd peyğəmbərdən sonra Allah 12 imam göndərib. Onların birincisi İmam Əli, sonuncusu isə İmam Mehdidir.
Babam sözlərini qurtarıb bir daha köks ötürdü və az sonra hər ikimiz yuxuya getdik.
Həmin vaxtdan nə az, nə çox, düz beş il ötür. İndi mən həm namaz qılır, həm də gözəl səslə Quran oxumağı bacarıram. Bütün bunlar üçün isə ilk növbədə öz mehriban Allahıma, sonra isə əziz babama borcluyam.

SUALLAR:

1. Uşaq nə barədə fikirləşirdi və onu hansı suallar narahat edirdi?
2. Baba nəvəsinin nə düşündüyünü haradan bildi və ona necə cavab verdi?
3. Sizcə günəş kimindir, onu kim və nə üçün yaradib?
4. Allahın qüdrətli olmasını necə sübut edə bilərsiz?
5. Allah qoyun, toyuq və arını nə üçün yaratmışdır?
6. Allah nə üçün biz insanlara əl, ayaq, dil və qaş vermişdir?
7. Allah hardadır? Onu gözlə görmək mümkündürmü?
8. Allah öz elmini kimdən öyrənib? Bu barədə nə deyə bilərsiz?
9. Qüdrətli Allahın yaratdığı qarışqa barədə nə bilirsiz?
10. Yarasalar hansı cəhətlərinə görə qəribə quşdurlar?
11. Sizcə yarasanı qüdrətli və elmli Allahdan başqa bir kimsə yarada bilərmi?
12. Namaz və İbadət nə deməkdir?
13. Möhür nədir və nə üçündür?
14. Allah insanları nədən ötrü yaratmışdır?
15. İnsan necə yaşamağı kimdən öyrənməlidir?
16. İnsan həyatda necə yaşamalıdır?
17. Namaz nə zaman insana vacib olur?
18. Sonuncu peyğəmbərin adı nədir? O bizə hansı dini və hansı müqəddəs kitabı gətirmişdir?
19. Müsəlman kimə deyilir?
20. Allah Məhəmməd peyğəmbərdən sonra neçə imam göndərib? Onların birincisi və sonuncusunun adları nədir?
Vüsal Hüseynzadə
islammektebi.org


more post like this