Əvvəla, bilməliyik ki, təqlid sözünün iki mənası var. Gündəlik danışıqda işlətdiyimiz təqlid kəlməsi ilə alimlərin, fəqihlərin danışıqlarındakı təqlid kəlmələri fərqlənir. Yuxarıdakı bütün iradlar birinci növ təqlidə aiddir. Fiqh elmindəki təqliddə isə yuxarıda sadalanan xüsusiyyətlərin heç biri yoxdur.
Gündəlik anlamda təqlid dedikdə nadan insanların gözünü və qulağını qapayıb, başqalarının ardına düşməsi nəzərdə tutulur. Bu sayaq kor-koranə təqlid olduqca çirkindir və nə məntiqə, nə də İslam təlimlərinin ruhuna sığır. Düşüncəli və şəxsiyyətli heç bir şəxs gözübağlı halda başqalarının dalına düşüb, onların əməllərini təkrarlamaz.
Bütpərəstlər də eynən bu sayaq təqlid edir və deyirdilər: “Bütpərəstlik bizim babalarımızın ayinidir və biz onlardan əl çəkəsi deyilik.” Qurani-məcid uyğun məntiqə münsibətini bu şəkildə bildirir.” (Ya Məhəmməd) Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir Peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq dedilər: “Biz atalarımızı bir dində gördük və biz də onların yolu ilə gedəcəyik.”[4878] Onlar ağac və daşa axmaqcasına səcdə edərək öz babalarının yanlış yolunu davam etdirir, onların xürafi ayinlərinə itaət edirdilər. Bu həmin təqliddir ki, müxtəlif ictimai fəsadlar, modabazlıq, qərbpərəstlik kimi təzahür edir. Bəli, mövlana Rumi öz şerində məhz həmin təqlidi məzəmmət edir.
Yuxarıda deyildiyi kimi, bütün iradlar kor-koranə təqlidə aiddir. Elmi terminologiyadakı təqlid isə tamamilə başqa bir mənadadır. Elmi təqlid qeyri-mütəxəssislərin mütəxəssisə müraciət etməsidir. Hər hansı bir elmi məsələdə qərara gəlmək üçün illər uzunu mütaliə etmək lazımdır. Ona görə də insanlar hər hansı bir məsələyə ehtiyaclı olduqda vaxt itirmədən həmin sahənin bilicilərinə müraciət edirlər. Elmdə belə bir təqlid bəzən qeyri-alimin alimə müraciəti kimi təbir olunur. Tibb, sənaye, əkinçilik və bütün digər sahələrdə insanlar mütəxəssislərin rəyini öyrənirlər.
Təqlidi pisləyənlərə qulaq asmış olsaq, onda gərək xəstələndikdə həkimə müraciət etməyək, inşaat işi apardıqda memar çağırmayaq, məhkəməlik işimiz olduqda vəkilə üz tutmayaq. Onda avtomobili xarab olanlar onu özləri təmir etməli, hamı libasını özü tikməlidir. Bəli, bütün sahələrdən daha dərin, əhatəli olan İslam dinində də mütəxəssisin rəyinə ehtiyac var. Əlbəttə ki, əqidə məsələlərində, yəni Allahı tanımaqda, qiyamət gününə əmin olmaqda təqlid yoxdur. Bu kimi inancları araşdırmalar yolu ilə insan əldə etməlidir. Allahın varlığına, Peyğəmbərin haqq olmasına məntiqi dəlillərlə inanmaq olar. Amma ibadət, alış-veriş, siyasət və sair sahələrdə yeganə çıxış yolu mütəxəssisə müraciət edib, zəruri məsələləri öyrənməkdir. İctimai həyatın müxtəlif sahələrinə aid dini hökmləri mənbələrdən axtarıb tapmaq hər adamın işi deyil. Bundan ötrü bir ömür əyləşib Quran, hədis və sair sahələri öyrənmək lazımdır. Ən qısa və məntiqi yol isə dini hökmləri öyrənmək üçün mütəxəssisə müraciət etməkdir. Bir ömür zəhmət çəkib kamil şəkildə Quran, Peyğəmbər buyuruqları, məsumların hədisləri ilə tanış olan alimlər dini vəzifələrini öyrənmək istəyənlər üçün nemətdir. Deyilənlərdən tam aydın olur ki, alimə müraciət edilməsi dəlilsiz itaət sayılmamalıdır. Mütəxəssisə müraciət əqli və məntiqi bir işdir. Mütəxəssisin nəzəri həqiqətə çox yaxındır. Bəli, o da səhv edə bilər. Amma mütəxəssisin səhvini nadanın səhvi ilə müqayisə etməyə dəyməz.
Məsələn, həkim yazdığı nüsxədə hər hansı səhvlər etdikdə müalicənin təsiri nisbətən az olur. Amma tibdən tamamilə xəbərsiz bir insan könlü istəyən dərmanları qəbul edərsə ağlagəlməz nəticələrlə üzləşər. Bir sözlə, hər hansı bir işdə mütəxəssisə müraciət edilməsi təbii və məntiqi bir işdir. Bəziləri təqlidi özü üçün əskiklik sayır. Əslində mütəxəssisə müraciət, ona itaət, insan şəxsiyyətinin böyüklüyüdür. Məlum məsələdir ki, insan bütün elmlərə yiyələnə bilməz. İstənilən bir sahədə elmlər dokturu dərəcəsinə yüksələn insanın da hansısa bir sahədə başqalarına ehtiyacı olur. Yalnız ağıllı insanlar mütəxəssisi dəyərləndirib, ona müraciət edirlər. Mütəxəssisə müraciət edilməsini özü üçün əskiklik sayan insan nadandır.
Təbii ki, xəstələnmiş mühəndis həkimə müraciət edir. Həkim isə inşaat işi gördürmək istədikdə mühəndisə üz tutur. Həm mühəndis, həm də həkim avtomobilləri xarab olduqda mexanikə müraciət edirlər. İslam hökmlərindən xəbərsiz olan insanların alimlərə müraciət etməsi də yuxarıda sadalanan işlər kimi məntiqi və elmidir.
İradlardan biri də budur ki, nə üçün mütəxəssisə müraciət edib onun göstərişini bildikdən sonra bu göstərişin dəlilləri haqqında soruşmaq olmaz. Özünüz düşünün, həkimə müraciət edən şəxs onun yazdığı nüsxədəki dərmanlar haqında birbəbir sorğu aparsa, bu işi normal saymaq olarmı?” Axı qısa bir müddətdə alimin bir ömür ərzində öyrəndiyi bilikləri əxz etmək olmaz. Həkimin yazdığı nüsxə bircə səhifə olsa da, o, bu bir səhifəni düzgün yazmaq üçün illər uzunu əzab-əziyyət çəkmişdir. Din alimi də belədir. Onun verdiyi cavabın nə üçünlüyünü soruşmaq mənasız bir istəkdir. Alim sualın cavabını vermək üçün bir ömür təfsir, hədis oxumuşdur. Uyğun iradları edənlər İslam elmlərinin dərinliyindən qətiyyən xəbərdar deyillər. Onlar anlamırlar ki, Quranın bütün incəliklərini dərk etmək üçün on minlərlə hədislər araşdırılır. Neçə on illər vaxt lazımdır ki, mötəbər hədis az etibarlı hədislərdən, düzgün hədis qeyri-düzgün hədisdən fərqləndirilsin. Bəzən, məsələn, izdivac və təlaq kimi bir İslam hökmünün dərk olunması üçün neçə-neçə Quran ayələri və hədislər nəzərdən keçirilir. Rical kitabları, müxtəlif lüğətlər araşdırılır ki, mötəbər hədis tapılsın və onun həqiqi mənası dərk olunsun. Görən bütün insanlarda belə bir qüvvə varmı?! Uyğun iradlardan belə başa düşülür ki, xalq bütün işini buraxıb dini elmləri öyrənməlidir. Hətta belə bir iş görülsə də, hər insanda ictihada çatmaq istedadı yoxdur. Hansı ki, dini elmlərin təhsilində bacarığı olmayan kəs başqa bir sahədə alim ola bilər.
Deyirlər ki, müctəhidlərə təqlid edilməsi səbəbindən xalq arasında ixtilaf yaranır. Çox maraqlıdır! Əvvəla, istənilən bir dövrdə bir və ya bir neçə mərceye-təqlid olur. Əgər bütün xalq təqliddən üz çevirib, özü öz məsələsini üzə çıxarmaq istəsə, pərakəndəlik daha böyük olmazmı? İkincisi hansısa əsas bir məsələdə alimlər arasında heç bir ixtilaf yoxdur. Yalnız ikinci dərəcəli məsələlərdə fikir ayrılıqları müşahidə oluna bilər. Ona görə də müxtəlif müctəhidlərə təqlid edən insanlar cəmiyyət namazında vahid bir sırada dayanıb, heç bir ixtilafsız namaz qılırlar. Xırda məsələlərdə müctəhidlər arasında mövcud olan ixtilaflar heç bir halda xalqı parçalaya bilməz. Məsələn, hamı eyni bir vaxtda həccə gedir və eyni əməlləri yerinə yetirir. Ziyarətçilərin müxtəlif müctəhidlərə təqlid etməsi onlar üçün heç bir problem yaratmır. Bir sözlə, müctəhidlər arasında yalnız o məsələlərdə fikir ayrılığı var ki, həmin məsələlər islami vəhdətə heç bir mənfi təsir göstərmir.
[4878] “Zuxruf”, 23.
NUR-AZ.COM


more post like this