Uyğun məsələlər fiqhi kitablarda araşdırılmış və zəruri göstərişlər verilmişdir. Məsələn, mərhum Ayətullah Seyyid Məhəmməd Kazim Yəzdi “Urvətül-vüsqa” risaləsində bu məsələ barədə belə buyurur: “Həmin məntəqələrdə yaşayanlar öz namaz və oruclarını dünyanın başqa məntəqələrində mövcud olan şəraitə uyğun yerinə yetirməlidirlər.” Yəni qütbdə yaşayan insan dünyanın başqa nöqtələrində gecə və gündüzün orta uzunluğunu öyrənməli və həmin proqram əsasında namaz qılıb, oruc tutmalıdır.
Bəli, qütb məntəqələrində bəzən günəş 6 ay səmada qalır və qürub etmir. Bununla belə, o 24 saatda bir dəfə üfüqü dövr edir. Günəşin üfüq ətrafında dövrləri bir-birindən fərqlənir. O bəzi dövrəsində yuxarı qalxır, bəzi dövrəsində isə aşağı enir. Ona görə də hava bəzən işıqlı, bəzən azca qaranlıq olur. Bu vəziyyət hər gün təkrarlanır. Günəşin üfüq boyu hərəkəti dəqiq izlənilərsə, yüxarıda deyilənlər aydın olar.
Qütbdə yaşayanlar günəşin yuxarıda olduğu vaxtı gündüz, aşağı düşdüyü vaxtı isə gecə sayırlar. Günəşin aşağıda olduğu vaxtlar dünyanın bəzi yerlərində gecə olur. Bu yolla qütbdə gecə və gündüzü təyin etmək mümkündür. Əgər yerə bir nişangah vurulsa, bu nişangahın kölgəsi qısa həddinə çatdıqda günorta olur, uzun həddinə çatdıqda isə gecə. Bu yolla gecə və gündüzü təyin etmək olur.
Dünyanın başqa məntəqələrində gecə və gündüzün uzunluğunu nəzərə aldıqda çıxış yolu tapılır. Məsələn, adətən, yay aylarında gün 14 saat, gecə isə 10 saat olur. Qütbdə də bu proqramla hərəkət etmək olar.
Altı aylıq gecələrdə də uyğun qayda ilə hərəkət etmək olar. İyirmi dörd saat ərzində hava eyni qaranlıqda qalmır. O bəzən işıqlaşır, bəzən isə tamamilə qaranlıq olur. Günəş üfüqə yaxınlaşdığı vaxt havadakı qaranlıq nisbətən azalır. Həmin vaxtı gündüz saymaq lazımdır. Tamamilə zülmət çökdüyü vaxt isə gecə sayılmalıdır.
Həmin uzun gecələrdə ulduzlar arasındakı və ulduzlarla üfüq arasındakı məsafəyə əsasən günortanı və gecəyarını təyin etmək mümkündür. Demək, şimal və cənub qütblərində vaxt adi yerlərdə olduğu qayda üzrə müəyyənləşdirilir və ibadətlər yerinə yetirilir. NUR-AZ.COM


more post like this