Görkəminizin necə olduğunu bilmək üçün ən yaxşı vasitə güzgüdür. Yaxşı deyiblər ki, çirkin qadın yoxdur, özünə biganə olan, sağlamlığına fikir verməyən qadınlar vardır. Siz hər gün özünüzə baxmağa vaxt ayıra bilsəniz, həmişə şən, gümrah və yaxşı əhval-ruhiyyəli olarsınız.
Dərinin üzərində daim epidemik hüceyrələrindən, tər və piy vəzilərinin ifrazatından ibarət qat əmələ gəldiyi üçün ona xüsusi qulluq lazımdır. Unutmayın ki, dəriniz yalnız sağlam, təravətli və elastik olduqda, öz mürəkkəb funksiyasını yerinə yetirə bilər.
Tər ifrazatı sinir sistemi ilə nizamlandığından, tez əsəbiləşən insanlarda tərləmə halları daha çox olur. Belə insanlar nəinki isti havada, hətta yüngül fiziki işdən, kiçik bir həyəcanlanmadan da tərləyirlər.
Bəs, bunun qarşısını necə almaq olar? Həmin insan ilk öncə həkimlə məsləhətləşməlidir. Çünki əgər tərləmə hər hansı bir xəstəlik nəticəsində əmələ gəlirsə, onun qarşısını müəyyən dərmanlar vasitəsilə almaq olar.
Bundan əlavə, siz bu problemi ev şəraitində hər gün bir sıra gigiyenik proseduralara riayət etməklə də aradan qaldıra bilərsiniz. Bildiyimiz kimi, dərinin gözəl, təravətli və sağlam olmasında su proseduraları mühüm rol oynayır: sərin su ilə yuyunmaq bədəni sağlamlaşdırır və əsəbləri sakitləşdirir. İsti su ilə yuyunmaq isə dərinin qan dövranını yaxşılaşdırır və dərinin qidalanmasına münasib şərait yaradır.
Gah isti, gah da soyuq su ilə yuyunmağın dəriyə daha yaxşı təsiri vardır. Yaxşı olardı ki, yuyunan zaman yumşaq, ətirli sabundan istifadə edilsin. Əgər bu qaydalara riayət edilməzsə, tərləmədən səpmə, irinli səpgi, göbələk xəstəlikləri, ekzema kimi ağırlaşmalar törəyə bilər.
Çox tərləyən insanlara sürvə (şalfey) dəmləməsini qəbul etmək məsləhət görülür. Bunun üçün 1 çay qaşığı əzilmiş sürvə yarpaqları 2 stəkan qaynar suda 30-50 dəqiqə dəmlənib süzülməlidir. Bu çayı 2-3 həftə ərzində gündə 1-2 xörək qaşığı içmək lazımdır.
Həmçinin, çox tərləyən insanlar sintetik parçalardan olan paltarlara aludə olmamalıdırlar, təbii parçalardan biçilmiş paltar geyinməlidirlər. Əsasən də pambıq parçadan tikilmiş alt və ya üst geyimləri daha çox rahatlıq bəxş edir.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this