Bölüm: Peyğəmbərlər Nəşr edilib 31.10.2013 10:01 Müəllif: Seyyid Kamal Baxış sayı: 94
Şrift:
ANAMIZ HƏVVA
Allah Adəmi (ə) yalqız yaratdı. Sonra onun üçün Həvvanı xəlq etdi. Adəm (ə) yoldaşını görcək sevindi. Həvva da bu görüşə şad oldu. Bütün eyib və nöqsanlardan uzaq olan Allah bizim ata və anamız olan Adəm (ə) və Həvvaya cənnətdə yer verdi.
Cənnət çox gözəl yerdir, fövqəladə gözəlliyə malikdir. Çoxlu çaylar, həmişəyaşıl ağaclar, həmişə bahar… Cənnətdə istilik və soyuqluq yoxdur. Gözəl ətirlər… İnsan onların qoxusu ilə sinəsini dolduranda şadlıq və xoşbəxtlik hiss edir.
Allah-taala Adəmə (ə) buyurdu:
-Sən və yoldaşın cənnətdə sakin olun və istədiyiniz nemətlərdən meyl edin. Cənnətin harasında istəsəniz, sakin olun və nə istəsəniz yeyin.
Orada xoşbəxt olacaqsan. Cənnətdə yorğunluq, aclıq və çılpaqlıq yoxdur. Amma olmaya bu ağaca yaxınlaşasan! Olmaya Şeytanın sözünə qulaq asasan. Çünki o səni aldadar. Həqiqətən, Şeytan sənin və yoldaşının düşmənidir. Ey Adəm! Şeytan sənə həsəd aparır və əslində səni azğınlığa düçar etmək istəyir.
Adəm (ə) və həyat yoldaşı Həvva cənnətdə yola düşüb, gözəl ağacların kölgəsində oturdular, onların meyvələrindən yedilər. Adəm (ə) və Həvva çox şad və məmnun idilər. Həqiqətən, Allah onların hər ikisini Öz qüdrət əli ilə yaratmış və hər növ ruzi və xörəyi onlara ehsan etmişdi.
Mələklər də onları sevirdilər. Çünki onları Allah yaratmış və Allah onları sevmişdi.
Adəm (ə) və Həvva cənnətdə yola düşüb, o tərəf bu tərəfə gedir, onun ağaclarından meyvə dərir, çaylarının kənarında otururdular. Yaqut və əqiqdən ürəkaçan və gözəl sahillər, şəffaf və dadlı sular… Onlar öz ayaqlarını yuyurdular. Ətirli və ləzzətli baldan arxlar, süddən çaylar, quşlar, güllər… Adəm (ə) və Həvva hədsiz dərəcədə sevinirdilər. Cənnətdə onlar üçün hər şey hazırlanmışdı. Ağaclar, meyvələr… Onlar bütün meyvələrdən yedilər. Müxtəlif cür, müxtəlif rəngli, müxtəlif ətirli meyvələr… Hamısı gözəl və dadlı idi.
Lakin Adəm (ə) və Həvva cənnətin ortasında yerləşən bir ağacı görürdülər… Əlagörünüşlü və açıqmeyvəli bir ağac… Onlar ona yalnız tamaşa edirdilər. Çünki Allah-taala bu ağaca yaxınlaşmağı və meyvələrini yeməyi onlara qadağan etmişdi.
ŞEYTAN – İNSANIN DÜŞMƏNİ
Şeytan mələklərin yanından qovuldu. Onun kimliyi ilk imtahanda aydın oldu. Onun özünü bəyənməsi və təkəbbürü göründü. O, lənətlənmiş və qovulmuş bir mövcuda çevrildi. Odur ki, daha mələklərin arasında ona yer yox idi.
Şeytan bütün vücudu ilə Adəm (ə) və Həvvaya kin bəsləyir və paxıllıq edirdi. O, hər an Adəm (ə) və Həvvanı aldadıb, cənnətdən qovdurmaq barədə fikirləşirdi. Öz-özünə dedi: “Onları necə aldatmağı yaxşı bilirəm. Bilirəm ki, onlar mənim vəsvəsələrimə qulaq asacaqlar. Onları bu ağacdan yeməyə təhrik edəcəyəm. Onda Adəm yazıq və özüm kimi bədbəxt olacaqdır. Allah onu cənnətdən qovacaq və Həvva da Adəmin gününə düşəcəkdir.“
AĞAC
Şeytan Adəm (ə) və Həvvanın yanına gəldi. Onları vəsvəsə edib, aldatmaq məqsədilə dedi:
-Siz cənnətin bütün ağaclarını görmüsünüzmü?
Adəm (ə) dedi:
-Hə, görmüşük və onların meyvələrindən də yemişik.
Şeytan dedi:
-Nə faydası?! Siz əbədiyyət ağacının meyvəsindən yeməmisiniz. O ağac, əbədi həyat və mülk ağacıdır. Əgər o ağacın meyvələrindən yesəniz, hər ikiniz cənnətdə iki mələk formasına düşəcəksiniz.
Həvva Adəmə (ə) dedi:
-Gəl, əbədiyyət ağacının meyvəsindən yeyək.
Adəm (ə) dedi:
-Allahımız bu ağaca yaxınlaşmağı bizə qadağan etmişdir.
Şeytan onları aldadaraq dedi:
-Əgər bu əbədiyyət ağacı olmasaydı, Allah sizə qadağan etməzdi. Əgər iki mələyə çevrilməyəcəkdinizsə, onda Allah buyurmazdı ki, bu ağaca yaxınlaşmayın. Mən sizi nəsihət edirəm ki, bu ağacdan yeyin. Əgər belə etsəniz, iki mələyə çevriləcəksiniz və heç vaxt ölməyəcəksiniz. Siz əbədi qalacaq və həmişəlik olaraq bu cənnətin nemətlərindən bəhrələnəcəksiniz.
Adəm (ə) yoldaşına dedi:
-Mən necə öz Allahımın sözündən çıxım?! Yox! Yox!
Şeytan dedi:
-Tələsin! Gəlin o ağacı sizə göstərim. O ağac cənnətin ortasında yerləşir.
Şeytan yola düşdü. Adəm (ə) və Həvva da onun ardınca getdilər. Şeytan təkəbbür və qürurla addımlayırdı. O həmin ağacı göstərib dedi:
-Həmin ağac budur. Görün nə qədər gözəldir! Meyvələrinə baxın. Necə də ürəkaçandır.
Həvva baxdı. Adəm (ə) də baxdı. Həqiqətən, çox görməli və cəlbedici idi. Qəşəng meyvələri vardı. Buğdaya oxşar bir ağac idi. Amma cürbəcür meyvələri, alma və üzümü də var idi. Şeytan dedi:
-Niyə ondan yemirsiniz? Mən and içirəm ki, sizin xeyrinizi istəyirəm. Sizə məsləhət görürəm ki, bu ağacın meyvələrindən yeyin.
Şeytan Adəm (ə) və Həvvaya and içdi ki, onların xeyrini və əbədiliyini istəyir. Bu dəhşətli anda Adəm (ə) öz Allahını unutdu. O, Allahla bağladığı əhd-peymanını yaddan çıxartdı. Öz-özünə fikirləşdi ki, həmişə Allahı yad edər və eyni zamanda əbədi ömür də sürə bilər. O həyəcanlı anlarda Həvva əlini uzadıb, ağacın meyvəsindən dərərək yedi. Həqiqətən, ləzzətli və gözəl idi. O, meyvələrdən Adəmə (ə) də verdi. Adəm (ə) öz əhd-peymanını unudaraq onu yedi.
İş bu yerə çatdıqda, Şeytan qaçdı və öz məkrli səsi ilə qəhqəhə çəkərək güldü. Həqiqətən o, Adəm (ə) və Həvvanı aldadaraq qələbə çalmışdı.
YERƏ ENMƏK (HÜBUT)
Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən an çox qəribə bir hadisə baş verdi. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisi çılpaq qaldılar. Bədənlərinin eyibi göründü.
Orada enli yarpaqlı əncir və banan ağacları da var idi. Adəm (ə) və Həvva onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından özlərini örtmək üçün paltar düzəltmək istədilər. Peşmanlıq, qorxu və xəcalət hissi keçirirdilər. Çünki günah etmişdilər. Allahın sözünü eşitməyib, Şeytanın sözünə qulaq asmışdılar. Şeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə qaçmışdı.
Adəm (ə) və Həvva onları çağıran bir səs eşitdi. O səs Allah-taalanın səsi idi. O buyururdu:
-Mən sizi bu ağaca yaxınlaşmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi ki, Şeytan sizin düşməninizdir, ona aldanmayın?
Adəm (ə) günah etdiyi üçün ağladı. Həvva da ağladı. Kaş, onlar Şeytanın sözünə qulaq asmayaydılar!
Onlar peşman olaraq Allahın qarŞeysında başlarını aşağı salıb, dedilər:
-İlahi! Biz tövbə edib, sənə doğru qayıdırıq. Bizim tövbəmizi qəbul et və günahlarımızı bağışla!
İlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlayıb, rəhm etməsən, özün zülm edənlərin zümrəsindən olacağıq.
Adəm (ə) öncədən bilirdi ki, tövbə və peşmanlıq günahları yuyur. Ona görə də, tövbə etdi və Allahın dərgahına münacat etdi. Allah öz bəndələrinə qarşı mehribandır. Buna görə də, onun tövbəsini qəbul etdi. Amma bu ağacın meyvəsindən yeyən və Allaha qarşı çıxan şəxs cənnətdən çıxmalı və günahından paklanmalı idi.
Allah-taala buyurdu:
-Yerə enin! Sizinlə Şeytan arasında düşmənçilik davam edəcək. O, həmişə sizi aldatmağa çalışacaq. Amma mənim əmrimə qulaq asan və sözlərimə əməl edən şəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə Şeytanın taleyi kimi olacaqdır.
Allah-taala buyurdu:
-Enin! Sizin bəziniz bəzilərinizə düşmən olacaqdır. Yer, ölənə kimi sizin məskəniniz olacaqdır. Onda yaşayın, onda ölün və qiyamətə ordan qalxın. Hamınız cənnətdən çıxın! Yerdə mənim tərəfimdən sizə yolgöstərənlər gələcəkdir. Mənim dediklərimə tabe olan nə yolundan sapar, nə də bədbəxt olar! Kim məndən üz çevirsə, onun həyat və yaşayışı çətinləşər, qiyamətə isə kor halda gələr.
Beləliklə, Adəm (ə) və Həvva yerdə yaşamağa layiq görüldülər. Adəmin (ə) bədəninin eyibləri göründü… O, yer üzündə Allahın canişini olmağa, onu abad etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaşmağa hazır oldu. Buna görə də, mələklər ona səcdə etdilər. Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad və zülmkarlıqla məşğul olub, qan tökəcək. Amma Adəm (ə) mələklərin xəbərsiz olduqları bəzi məsələləri bilirdi. O, bütün adları bilirdi.
Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxşı bacarır. Ona görə də, Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun canişini olsun.
Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. Şeytan da endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düşdülər. Adəm (ə) Şrilanka adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına düşdü. Şeytan isə ən alçaq quru bir nöqtəyə endi: Bəsrədə körfəz sularının yaxınlığında şoranlıq bir çölə.
Beləliklə, yerdə insan həyatı başlandı. Qarşıdurma və keşməkeşlər yarandı. Şeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu.
Bizim ata və anamız – Adəm (ə) və Həvva yerə endikdə orada çoxlu heyvanlar yaşayırdılar. Lakin onlar min illər ərzində yığılmış buz qatlarına dözə bilməyib, tələf olmuşdular. Mamut adlı filə oxşayan bir heyvan var idi, lakin dərisi yunla örtülmüşdü. Bu heyvan Sibirdə kəşf olunmuşdur. Kərgədana oxşar başqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüşdü. O heyvan da buz və soyuğa dözə bilməyib, həlak olmuşdu.
Orada qəribə quşlar olmuşdur. Güclü pəncələrə malik olan o quşlar aradan getmişdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və yerin şiddətli soyuğu sona çatdı. Get-gedə istilər başlandı.
Allahın istəyi bu idi ki, Adəm (ə) və Həvva yerə ensin və insan orada Allahın nümayəndəsi olsun. Əkinçilik etsin, ev tiksin və bu gözəl diyarı abadlaşdırsın.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə
Ardı var …

rizvan.net


more post like this