Bölüm: Peyğəmbərlər Nəşr edilib 31.10.2013 10:00 Müəllif: Seyyid Kamal Baxış sayı: 94
Şrift:
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA
Allah-taala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu bürümüşdü.
Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma daşları və kometalar yeri həmişə hücuma məruz qoyurdu. Yerdə heç cür həyat nişanəsi yox idi; nə dənizlərdə, nə də quruda yaşayış əlaməti hiss olunmurdu. Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra həyat get-gedə kamilləşdi, yerdə müxtəlif növ sürünənlər və dinozavr kimi heyvanlar peyda oldu. Buz qatları yeri örtmüşdü. Bitki və heyvanlar tələf olur, onların yerinə yeni məxluqlar yaranırdı. Bəzən buzlar əriyir və yenidən canlanma başlayırdı. Həmin zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən rahatlığı yox idi. Hələ buzlar əriməmişdi.
O uzaq keçmişlərdə Allah-taala yerin hündürlüklərindən, düzənliklərindən, şoranlıqlarından və məhsuldar yerlərindən torpaq seçdi. Bu torpaq su ilə qarışdı və yapışqan palçıq formasına düşdü. Beləcə, Allah o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baş, iki göz, iki qulaq, iki əl, iki ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daş kimi bərkidi. Külək əsdikcə, ondan eşidilən səslər onun möhkəmlənməsindən xəbər verirdi. Allahdan başqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin formada eləcə yuxuda idi.
YER
Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləşdi. Vulkanların çoxu söndü. Meşələr böyüdü, sıxlaşaraq heyvan və quşlarla doldu. Bulaqlar saf su ilə qaynadı, çaylar axdı. Şimal küləkləri buludları susuz yerlərə tərəf çəkirdi və sel yağışları susuz və otsuz səhraları diriltmək üçün yağırdı.
Uzaq məsafədən yerə baxdıqda, fəzada günəşin ətrafına fırlanan və bunun nəticəsində də fəsillər əmələ gələn kürə şəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca qış, qışdan sonra isə bahar gəlir. Yer yaşıllaşır, bitkilər və meşələr daha təravətli və yaşıl olur. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına fırlanır, gecə və gündüz yaranır.
Gündüzlər quş və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi. Ceyranlar meşələrdə qaçışırdı, dağkeçiləri isə dağların başında. Kəpənəklər bağ və bostanlarda qanad açır, gül və gül-çiçəklər axtarırdı. Yırtıcı heyvanlar meşələrdə nərə çəkirdi.
Bitkilər inkişaf edərək artırdı. Buna görə də, yer həyat və yaşıllıqla dolu olurdu. Ağaclar meyvə ilə dolurdu.
Qoyun və çəpişlər yırtıcılardan qorunmaq üçün mağaralara çəkilirdi. Hər şey Allahın yaratdığı kimi öz xətti ilə gedirdi.
Yer çox gözəl görünürdü; rəngarəng, dənizin mavi rəngi, otlarla örtülmüş meşə və təpələrin yaşıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı günəşin qırmızırəngli şəfəqləri.
Yer həyatla, quş və heyvanlarla, meşə və bitkilərlə, gül və kəpənəklərlə dolu idi. Amma hələ insandan bir xəbər yox idi.
İLK İNSAN – ADƏM (Ə)
Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl asqırdı və dedi: “Əlhəmdu lillah.” (Həmd-səna Allaha məxsusdur.)
Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına düşmüşdü. O, nəfəs alır, o tərəf-bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və bədbəxtliyi ayıra bilirdi.
Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr edirdilər, həmişə Allahın qarŞeysında təslim idilər.
Onlar insana səcdə etdilər, çünki Allah onu yerdə öz canişini və nümayəndəsi kimi seçmişdi. Çünki Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun məqamı mələklərdən üstün idi. Amma başqa bir yaranmış ona səcdə etmədi. O, Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa, hələlik heç kimin anlamadığı digər səma ulduzları illərindən.
Allah-taala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.
Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. Şeytan cin tayfasındandır. O, Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-taala buyurdu:
-Ey Şeytan, niyə Adəmə səcdə etmədin?
Şeytan dedi:
-Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan yaranmışdır. Od palçıqdan üstündür.
Allah təkəbbürlü Şeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaşdırdı və həmin vaxtdan da Şeytan Adəmə (ə) kin bəsləyərək düşmən kəsildi.
Şeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmış idi. Həmişə bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb, yolundan azdırsın.
Allah Şeytanı öz rəhmətindən uzaqlaşdırdı. Ona buyurdu:
-Rədd ol get! Sən qovulmuşsan və qiyamətə qədər mənim lənətim olsun sənə.
Şeytan dedi:
-Ey Allah, mənə qiyamətə qədər fürsət ver.
Allah-taala buyurdu:
-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.
Şeytan dedi:
-Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin yolunun üstündə oturub, onların hamısını doğru yoldan azdıracağam.
Şeytan nə qədər lənətlik, nə qədər bədbəxt və yalançıdır! O azğınlığa düşməsində Allahı ittiham edir. O etdiyi günahla belə özünü cəzaya layiq bilmir. Şeytan demir ki, Adəmə (ə) paxıllıq edib kin bəsləmiş, təkəbbür və lovğalıq etmiş, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmışdır.
Beləliklə, Şeytan kafir oldu. Öncə qürurlandı və sonra küfr yolunu tutdu. O güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki o, oddan, Adəm (ə) isə torpaq və palçıqdan yaranmışdır. Şeytan özünübəyənən idi. Unutdu ki, bu əmri ona, onu yaradan Allah vermişdir və Allahın əmrinə itaət etmək lazımdır.

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə

rizvan.net


more post like this