İnsanın yaranışı onun həyati məsələlərdə müstəqilliyi və seçimdə ixtiyarı əsasındadır. Heç bir şəxsin digərini qul şəklinə salıb, ondan öz məqsədləri üçün istifadə etməyə haqqı yoxdur. Hər bir insanın azadlığını, hürriyyətini, müstəqilliyini və ixtiyarını əlindən almaq çox böyük bir günah, qatı cinayət və insanlığa xəyanətdir.

Azadlıq, hürriyyət, müstəqillik, ixtiyar və bu kimi məfhumlar insan vücudunun varlıq xəmiri ilə yoğrulmuş, onun təbiəti bu həqiqətlərlə yaradılmışdır. Azadlıq və müstəqillik Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən biri, daxili və zahiri tərəqqi mənbəyidir. Azadlıq fəzası insan üçün ən gözəl fəza, hürriyyət əhval-ruhiyyəsi ən yaxşı əhval-ruhiyyədir. İslamın zülmlə apardığı mübarizələrin ən mühüm məqamı budur. İslam istismarla, azad yaradılmış insanların azadlığını əlindən alıb qula çevirmək istəyənlərlə tam şəkildə mübarizəyə qalxır. İslamın cihad məsələsindəki təkidi də zülmü və zülmkarları, müstəqilliyə hücum edənləri əzmək məqsədi daşıyır.

Tarix boyunca insan həyatına vurulan bütün ziyanlar azadlığın əldən alınması, hürriyyət və müstəqilliyə olunan hücumların nəticəsidir.
Zülmü qəbul edib özünü ona təslim etmək, azadlığını satmaq ən böyük günahlardan biri kimi Haqqın rəhmətindən uzaq düşüb, maddi və mənəvi mənafeyini itirməyə səbəb olur.
Deməli, Allah-Taalanın insan istedadının çiçəklənməsi, tərəqqisi üçün bəxş etdiyi iradə və seçim azadlığını qorumaq zəruri və vacibdir. Ona hücum olunduqda, insan, həyatının bahasına olmuş olsa belə, onu qorumalıdır.

İmam Sadiq (ə) belə buyurub: «Bu beş xislətdən hər hansı biri bir şəxsdə olmasza, ondan bəhrələnmək mümkün deyil. Birincisi vəfa, ikincisi aqibəti düşünmək, üçüncüsü həya, dördüncüsü xoş əxlaq, beşincisi isə bütün bu xislətləri insanda cəm edən hürriyyət və azadlıqdır».

İzdivac

İnsanı bir çox fəsadlardan qoruyub, kontrol edən amillərdən biri də izdivacdır.
İnsan lazımınca ləyaqət sahibi, yəni imanlı, əxlaqlı, saleh əməl sahibi olan və özünə tay bir həyat yoldaşı taparsa, bu zaman zahiri və batini baxımdan müəyyən dərəcədə kontrol olunar, öz azadlıq və hürriyyətini qoruyar, haram, şəhvani istəklərin, aludəçiliyin və uyğunsuz dostların köləsinə çevrilməkdən amanda qalar.

Tarixdə iman, əxlaq və kəraməti vasitəsilə öz həyat yoldaşlarını İlahi və insani keyfiyyət baxımından yüksək məqamlara yetirən kişilər və həmçinin, ayıq-sayıqlıq, bəsirət nəticəsində öz ərini yüksək İlahi və insani məqamlara yetirən qadınlar az olmamışdır.

Misal olaraq bir hadisəni qeyd edirik:
Hicrətin 60-cı ilində Zuheyr ibn Qeyn Bəcli öz tətəfdarları ilə Həcc səfərindən qayıdarkən imam Huseynin (ə) karvanı ilə rastlaşmış və İmamın (ə) dəvəti qarşısında tərəddüddə qalmışdı. Onun tərəddüdünü sevimli həyat yoldaşı aradan qaldıraraq, gözəl məntiqi ilə ərinə seçim etməsində kömək etmişdir. Nəticədə Zuheyr İmama (ə) qoşulmuş və ona şəhadət şərbəti nəsib olmuşdur.
Bu səbəbdən də, «izdivac hürriyyət və ixtiyarın qarantı və ya azadlığın qayıdış amilidir» desək, yanılmarıq.

Kişi izdivac vasitəsi ilə qadının, qadın da kişinin istedadının çiçəklənməsində şərikdir.
Qadın ləyaqətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, kişinin vücudundakı həqiqətləri aşkara çıxarır». Kişi şərafətli və kəramətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, qadının yüksək dərəcələrə yetişməsinə bais olur».

Əli (ə) belə buyurub: «Dünya qadınlarından behiştə ilk qədəm qoyan Xədicə olacaq».
Bu hədis qadının ilahi ruhuna, Haqq tərəfindən əta olunmuş yüksək məqamına, insani və əxlaqi keyfiyyətlərə malik olmasına sübutdur.

Bəli, həva-həvəsdən, tağut əsarətindən, şəhvani meyllərdən azad olan qadın və azad kişi əzəmətli xilqət meydanında qiymətli gövhər, iki ülvi həqiqətdirlər.
İmam Huseyn (ə) Hürr ibn Yəzidin azadlığını onun kəramət sahibi olan anasına aid edir. Əli (ə) Malik Əştərin əzəmətinin anasının ilahi paklığından qaynaqlandığını söyləyir.
Ailədə kişi yaxşı xislətlər baxımından qadına örnək, ülgü olmalıdır. Həmçinin, onlar hər ikisi bu baxımdan övladlarına nümunə olmalıdırlar.
Bəs, bizlər ailə və cəmiyyətdə öz azadlıq və hürriyyətimizi qoruya bilirikmi?!

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!

WWW.KOVSER.AZ


more post like this