Öncə toxunduğumuz, haram yolla həccə gedənlərlə bağlı ağrılı mövzuya aid də dinimizin çox ayıldıcı bir çatdırışı vardır. Böyük islam Peyğəmbəri (s) buyurmuşdur: «Haram yolla həccə gedən şəxs «Ləbbeyk, Allahummə, ləbbeyk (Əmrinə müntəzir durumdayam, çağırışınla gəlmişəm, ey Allahım)» deyəndə, Allah Təala ona buyurar: «La ləbbeykə və la səədeykə»». Yəni, həccin özünə qalsın. Allah Özü saxlasın belə cavabdan! 

    Halallıqsız, Allaha xatirliksiz həccin keyfiyyəti olmaz. Haram pula həccə gələnin həcci özünə qaytarılar. Beləsi özünü aldatmış olur.

    O qədər mübarək vəziyyət var ki, hacının durumunda, hətta ehram halında dünyadan köçmək belə insanın nicatına səbəb olar. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Ehram halında ölən şəxsi Allah Təala «Ləbbeyk!» deyən halda dirildər».

    Həcc hər mənada önəmli, mühüm bir səfərdir. İnsanların bir çox vəziyyəti orada daha çox qabarır, üzə çıxır. Tək olurlar, müxtəlif vəziyyətlərdə, öyrəşmədiyi hallarda olurlar. Burada insanın özünü necə kontrol etməsindən tutmuş, digər zəvvarlarla ünsiyyətə qədər bütün məsələlər hər an qarşıya çıxır. İnsan sanki həmişəkindən daha çox özünü Allah dərgahında hiss edir. Allah Təala cəmi zəvvarlara bü imtahanlardan şərəflə çıxmağı, həqiqi hacılardan olmağı nəsib etsin! Amin! 

    Hacı İlqar İbrahimoğlu,

    ilahiyyatçı-filosof

    İçərişəhər «Cümə» məscidinin imam-camaatı

deyerler.org

more post like this