(Bakı –Abşeron bölgəsi)

Azərbaycanın görkəmli alimlərindən biri böyük müctəhid Ayətullah Hacı Seyyid Mirəbdülqəni Badkubeyidir. Mir Əbdülqəni ağa Bakının Maştağa kəndində ruhani ailəsində dünyaya göz açmış və ilk təhsilinidə kənddəki ruhanilərdən almışdır. Daha sonra gənc Mir Əbdülqəni biliyini artırmaq üçün ali təhsil almaq məqsədi ilə müqəddəs Nəcəfi-Əşrəf şəhərinə yola düşür. Məzlumlar ağası Əmirəl-Möminin Əli əleyhissalamın uyuduğu müqəddəs torpağın ab-havasından və Heydəri-Kərrarın misilsiz süfrəsi ilə məhşur olan Nəcəf hövzəsinin mənəvi dəyərlərindən bəhrələnən Azərbaycanlı Mir Əbdülqəni nəhayət 26 ildən sonra “İctihad” dərəcəsinə yetışmış, kamil bir alim kimi Bakıya qayıdır.
Az keçmir ki, ərəb dünyasında adı müxaliflər sırasında çəkilən Hacı Seyyid Mir Əbdülqəni Badkubeyi bütün Azərbaycanda məhşurlaşır. Müxtəlif bölgələrdən dəstə-dəstə axışaraq onun görüşünə gələrək bilmədikləri dini əhkam məsələlərini sual edərək ağanın moizələrindən bəhrələnirlər. Anası və həyat yoldaşı ərəb olan Seyyid Mir Əbdülqəni Ərəbistandan olan dəvətlərin heç birini qəbul etməyərək öz doğma vətəninə qayıtmağı daha üstün tutur və elə bu fikirlə də Azərbaycanda müqəddəs İslam dinimizi incəliklərinə qədər xalq üçün açıqlayaraq bəyan edir. Yeri gəlmişkən bir şeyi qeyd edim ki, Mir Əbdülqəni ağanın qardaşı Hacı Seyyid Mir Vahab ağada dövrünün tanınmış və görkəmli din xadimlərindən biri sayılırdı. Seyyid Mir Vahab o zaman Hacı Zeynalabdin Tağıyevin xahişini yerə salmayaraq ona İslam əhkamının incəliklərini açıqlayırdı. Bundan əlavə, Seyyid Mir Vahab Badkubeyi Bakı şəhər baş qazısı vəzifəsindədə çalışmışdır.
Bütün bununla yanaşı Ayətullah Mir Əbdülqəni ağa həm də böyük kəramət sahibi idi. El içində böyük hörmət qazanmış Mir Əbdülqəni Badkubeyiyə hər adam yaxınlaşıb söz soruşmağa ürək etməzdi. Deyilənə görə rəhmətlik çox zəhmli Seyyid imiş. Qocaman kənd sakini el ağsaqqalı Seyyid Rəsul nəq edir ki:
“Bir neçə müddət kəndə yağış düşmürdü Bərk quraqlıq idi. Əkin vaxtı olduğundan camaat çox əziyyət çəkirdi. Elə buna görədə sözü bir yerə qoyub qərara gəldik ki, Mir Əbdülqəni ağaya müraciət edək ki, bizim üçün Allahdan yağış istəsin və belə də etdik. Ağa bizə inşallah deyərək söz verdi. Əhali cəm olandan sonra hazırki bir nömrəli məktəbin arxasına gəldik. Məktəbin arxa hissəsindən bir az aralıda hündür bir yer var idi. Mir Əbdülqəni ağa ora qalxıb iki rükət “İstisqa” namazı qıldı. Camaat da onun arxasında durmuşdu. Namazdan sonra Ağa əllərini göyə qaldıraraq dua etdi. Alladan əhali üçün yağış istədi. Duanı qurtarıb ayağa durmamışdan qabaq Nardaran tərəfdən bir qara bulud göründü. Bir az keçməmiş Şirşaxı kəndi tərəfdən güclü bir tufan qalxdı. Beləliklə Allahın rəhməti yerə nazil oldu. ”
Xalqın sevimlisi böyük alim hacı Seyyid Mir Əbdülqəni Badkubeyi 1912 –ci ildə əbədi olaraq dünyasını dəyişdi. Alimi Maştağa cümə məscidinin həyətindəki o vaxtkı qədim minarənin yanında dəfn etdilər. Amma nə deyəsən fələyin amansız sərt üzünə, 1937 –ci ildə tarixi və qədim abidə sayılan Maştağa məscidinin dinsiz cəlladlar tərəfindən sökülür. Kənd camaatının səyi ilə qəbrin zədələnməsi təhlükəsini nəzərə alaraq ağanın cənazəsini oradan çıxararaq “Seyyidlər” məhəlləsindəki “Əqil Baba” –qəbristanlığında “Əqil Baba” -türbətinin yanında yenidən dəfn edirlər. Qəbir sonradan əhalinin ziyarətgahına çevirilir. Alimin elmi əsərləri haqqında məlumatları çox əfsus ki, əldə edə bilməmişik.

ceferiler.com


more post like this