﴿ لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.»

 

TƏFSİR:

 

Bu ayədə imanın əlamətlərindən birinə işarə edilərək buyurulur: “Siz yaxşılığın həqiqətinə yalnız o vaxt çatarsınız ki, istədiyiniz şeylərdən Allah yolunda infaq edəsiniz.”

 

«Birr» kəlməsinin geniş mənası vardır ki, bütün yaxşılıqlara − həm imana, həm də gözəl əmələ şamildir. «Bəqərə» surəsinin 177-ci ayəsindən məlum olur ki, Allaha, Qiyamətə və peyğəmbərlərə iman gətirmək, möhtaclara kömək etmək, namaz qılıb oruc tutmaq, əhdə vəfa etmək, ağır və çətin hadisələr qarşısında müqavimət göstərmək kimi işlərin hamısı «birr» kəlməsinin nümunələrindən hesab olunur.

 

Deməli, həqiqi mənada yaxşılıq edənlərin məqamına çatmağın çoxlu şərtləri vardır. Onlardan biri də insanın öz sevdiyi mallardan infaq etməsidir. Bu kimi infaqlar insanın iman və şəxsiyyətinin meyarıdır.

 

Ayənin axırında infaq edənlərin diqqətini cəlb etmək üçün buyurulur: “Allah yolunda infaq etdiyinizin (istər az, istərsə çox, istər ürəyiniz istədiyi, istərsə istəmədiyi mallardan) hamısından Allah agahdır.”

 

MÖMİNLƏRİN İNFAQINDAN NÜMUNƏLƏR

 

1. Mədinədə ən çox xurma ağacı Əbu Təlhə Ənsariyə məxsus idi. Xurma bağı onun üçün çox mühüm və sevimli bir şey idi. Bu bağ Peyğəmbər (s) məscidi ilə üzbəüz salınmışdı. Çox yaxşı suyu var idi. Peyğəmbəri-Əkrəm (s) bəzən o bağa daxil olur və çeşmənin suyundan içirdi. Bağ o qədər gözəl və gəlirli idi ki, dillər əzbəri olmuşdu. Yuxarıdakı ayə nazil olanda Əbu Təlhə Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Mənim üçün ən sevimli şey bu bağdır. Onu Allah yolunda infaq etmək istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Çox gözəl ticarətdir, əhsən sənə! Sənə məsləhət görürəm ki, bağı öz qohum-əqrəbandan olan yoxsullara verəsən.” O qəbul etdi və bağı onların arasında bölüşdürdü.[ «Səhihi Buxari», 2-ci cild, səh.81, Fəxri Razinin təfsiri «Məcməül-Bəyan» və «Təfsiri-Nümunə»]

 

2. Fatimeyi-Zəhra (ə) toy gecəsi bəxt evinə gedəndə dilənçi onun köhnə köynəyini istəyir. Fatimeyi-Zəhra (s) həmin ayəni yad edərək özünün gəlinlik paltarını ona hədiyyə verir.[«Məcməül-Bəyan» təfsiri]

 

3. Bir neçə nəfər Əbuzərin evinə qonaq gəlmişdi. Əbuzər onlara dedi: “Mənim işim çoxdur, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın və yeyin.” Onlar arıq bir dəvəni seçirlər. Əbuzər narahat olur və soruşur: “Nə üçün kök dəvəni seçmədiniz?” Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər deyir: “Mənim ehtiyac günüm qəbir günümdür.”

 

4. Əbdüllah İbn Cəfər bir bağa getdi. Bir qara qulam orada fəhləlik edirdi. Qulama yemək gətirilən vaxt bir it divarın üstündən tullanıb qulamın qarşısına gəldi. Qulam ona bir tikə verdi. İt yenə də yalvarışlı baxışla qulama baxırdı. Qulam yeməyinin hamısını tikə-tikə ona verib qurtardı. Ondan soruşdular: Bəs sən nə yeyəcəksən? Dedi: Bu gün mənim artıq payım yoxdur. Soruşdular: “Nə üçün bu işi gördün?” Dedi: “Bu it bu məhəllənin itlərindən deyildi. Özü də çox ac idi.”

 

Əbdüllah qulamın səxavətinə təəccüb etdi. Bağı da, qulamı da aldı, sonra qulamı azad etdi, bağı da ona bağışladı.[ «Əl-mənar» təfsiri, 3-cü cild, səh. 376 «Ehyaul-ülum» kitabından.]

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this