﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.»

 

TƏFSİR:

 

Əvvəlki ayədə faydasız tövbə barədə söhbət edildiyi kimi, bu ayədə də onların əbəs infaqlarından söhbət açılır və buyurulur: “Kafir olub küfr halında ölənlər öz çirkin əməllərinin kəffarəsi olsun deyə bütün yer üzü qədər qızılı fidyə versələr də, onlardan heç vaxt qəbul olunmayacaqdır.”

 

Aydındır ki, küfr insanın bütün yaxşı əməllərini puça çıxarır. Əgər onların bütün yer üzü qədər qızılları olsa və Allah yolunda infaq etsələr, yenə də onlardan qəbul olunmaz.

 

Ayənin axırında digər bir məsələyə işarə edilir və buyurulur: “Onlar həmin kəslərdir ki, onlar üçün dərdli əzab vardır və heç bir köməkçiləri olmaz.”

 

Yəni infaq və fidyənin onların halına heç bir faydası olmamasından əlavə, şəfaət edənlərin şəfaəti də onlara çatmaz. Çünki şəfaətin xüsusi şərtləri vardır. Onların da ən mühümü Allaha iman gətirməkdir. Ümumiyyətlə, şəfaət Allahın izni ilə baş verir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this