﴿ كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etmə.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Mədinə müsəlmanlarından – ənsardan bir nəfər günahsız bir şəxsi nahaq yerə öldürdü və cəzalandırılacağından qorxaraq İslamdan dönüb Məkkəyə qayıtdı. Onun İslamı qəbul etmiş ardıcıllarından da on bir nəfər mürtəd oldu (dindən döndülər). Məkkəyə daxil olduqdan sonra öz işlərindən ciddi şəkildə peşman oldular. Bir nəfəri Mədinəyə göndərdilər ki, Peyğəmbərdən (s) onlar üçün bir qayıdış yolu olub-olmadığını soruşsun. Yuxarıdakı ayə nazil olaraq onların tövbəsinin qəbul olunmasını xüsusi şərtlərlə əlaqələndirdi.

TƏFSİR:

Keçən ayələrdə Allah dərgahında qəbul olunan yeganə dindən – İslamdan söhbət açıldı. Burada da İslamı qəbul etdikdən sonra dindən çıxaraq mürtəd olan şəxslər barəsində söhbət açılır. Əvvəldə buyurulur: “İman gətirib Rəsuli-Əkrəmin (s) haqq olmasına şəhadət verdikdən, eləcə də açıq-aydın əlamətlər gəldikdən sonra kafir olanları Allah necə hidayət edər? Allah zalım insanları hidayət etməz.”

 

Allah onları nə üçün hidayət etməz? Səbəbi aydındır. Çünki onlar Peyğəmbəri (s) bütün aydın nişanələrlə tanımış, onun risalətinə şəhadət vermişdilər. İslamdan qayıtmaq da həqiqətdə zülm və sitəmkarlıqdır. Agahlıq üzündən zülm edən bir şəxs ilahi hidayətə layiq deyildir. Belə bir şəxs öz vücudunda hidayət zəminlərini öz əli ilə məhv edib aradan aparmış olur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this