﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾

 

TƏRCÜMƏ:

 

«Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik.» Buyurdu: Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.»

 

TƏFSİR:

 

MÜQƏDDƏS PEYMAN

 

Əvvəlki ayələrdə İslam Peyğəmbərinin (s) əvvəlki peyğəmbərlərin kitablarında gələn aydın əlamətlərinin bəyan edilməsinin ardınca bu ayədə həmin məsələ ilə əlaqədər ümumi bir mövzuya toxunulur və buyurulur: “Yada sal o zamanı ki, Allah-təala peyğəmbərlərdən və onların ardıcıllarından təkidlə əhd-peyman alıb buyurdu ki, hər vaxt sizə kitab və elm əta etdimsə, sonra sizə doğru bir peyğəmbər gəlib sizdə olanları təsdiqləsə, onun nişanələri və əlamətləri sizdə olanlarla müvafiq gəlsə, hökmən ona iman gətirib kömək edin.”

 

Quran ayələrində ilahi peyğəmbərlərin hədəflərinin vəhdətinə təkrar işarələr olunmuşdur. Bu ayə də həmin məsələnin aşkar nümunələrindən biridir.

 

Sonra təkidlə buyurulur: “Allah onlara buyurdu: “Bu məsələyə dair iqrar edirsinizmi? Mənim ona dair təkidli peymanımı alırsınızmı?” Dedilər: “Bəli, iqrar edirik.” Allah buyurdu: “Bu peyman üçün şahid olun, Mən də sizinlə şahidəm.”

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this