﴿ وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!»

 

TƏFSİR

 

Bu ayə əvvəldəki ayədə qeyd olunan mətləbləri təkmilləşdirərək buyurur: “Peyğəmbərlərin camaatı özlərinə pərəstiş etməyə dəvət etmələri layiqli iş olmadığı kimi, onlar camaatı mələklərə və sair peyğəmbərlərə pərəstiş etməyə də dəvət etməzlər.” Buna görə də Allah-təala buyurur: “Onların «peyğəmbərləri və mələkləri özünüzə pərvərdigar seçin» – deyə sizə göstəriş verməsi layiq deyildir.”

 

Bu cümlə həm mələkləri Allahın qızları hesab edərək onlar üçün ilahilik məqamı olduğuna inanan müşrik ərəblərə (halbuki, onlar özlərini İbrahimin (ə) dininin ardıcılları hesab edirdilər), həm də sabeinlərə cavab verir. Sabeinlər özlərini Həzrət Yəhyanın (ə) ardıcılları hesab edirdilər. Lakin mələklərin məqamını sitayiş və pərəstiş məqamına qədər yüksəldirdilər.

 

Bu ayə yəhudilərə və məsihilərə də cavab verir. Çünki yəhudilər Həzrət Üzeyiri (ə), məsihilər isə Həzrət Məsihi (ə) Alahın oğlu kimi təqdim edirdilər.

 

Ayənin axırında daha artıq təkid üçün buyurulur: “O sizi, müsəlman olduqdan və Allahın fərmanları qarşısında tam təslim olduqdan sonra küfrə dəvət edərmi?!”

 

Yəni necə mümkün ola bilər ki, bir peyğəmbər əvvəlcə camaatı imana və tövhidə dəvət etsin, sonra isə onları şirkə yönəltsin?!

 

Bu ayə həm də bütün peyğəmbərlərin hər növ xəta və günahlardan məsum olduğunu, Allahın fərmanlarını yerinə yetirməkdə azğınlığa düşməmələrini çatdırır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this