﴿ رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ. رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ ﴾

 

TƏRCÜMƏ:

 

8. «(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»

 

9. «Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»

 

TƏFSİR:

 

SAPMALARDAN QURTULUŞ

 

8. Mütəşabih ayələr, onların həqiqi məna və sirləri ayrı-ayrı şəxslərin yoldan azmalarına səbəb olduğundan, eləcə də bu imtahandan üzüağ çıxmamalarına şərait yaratdığından elmdə dərin biliyə malik olan şəxslər, imanlı alimlər bu ayələrin həqiqi mənalarını dərk edib öz elmi sərmayələrindən istifadə etməklə yanaşı, Pərvərdigarlarına pənah aparırlar. Bu ayə, eləcə də elm sahibləri olan şəxslərin dilindən deyilən sonrakı ayə də məhz bu həqiqəti çatdırır. Onlar deyirlər: Pərvərdigara, bizim qəlblərimizi bizi hidayət etdikdən sonra azğınlığa salma və Öz tərəfindən bizim üçün rəhmət göndər. Həqiqətən, Sən çox-çox əta edənsən.

 

9. Məada etiqad bəsləmək və Qiyamət gününə iman gətirmək insanın nəfsani istək və ehtiraslarının nəzarət altına alınmasında çox təsirli bir amil olduğundan, elmdə dərin bilikli olanlar o günü xatırlayıb deyirlər: Pərvərdigara! Sən insanları heç bir şəkk-şübhə olmayan gündə bir yerə yığacaqsan. Allah Öz vədəsinə xilaf çıxmaz.

 

Beləliklə də onlar insanların yoldan azmalarına səbəb olan ifratçı hissiyyatlara qapılmaq, nəfs istəklərinə tabe olmaq kimi işlərdən uzaq olur və nəticədə Allahın ayələrini olduğu kimi dərk edə bilirlər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this