﴿ وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِيَ أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).»

 

TƏFSİR:

 

Bu mübarək ayənin nazilolma səbəbində qeyd olunur ki, yəhudi alimlərindən on iki nəfəri qərara aldı ki, möminlərin qəlbində şəkk-şübhə yaratmaq və imanlarını sarsıtmaq üçün sübh çağı Həzrət Məhəmmədin (s) yanına gəlib iman gətirdiklərini desinlər. Lakin günün axırında İslamdan dönüb desinlər ki, biz Məhəmmədi (s) gördük, o, Tövrat və İncildə gələn xüsusiyyətlərlə uyğun gəlmir. Onlar bu hiyləgərliklə avam camaata təlqin etmək istəyirdilər ki, əgər İslam dini yaxşı bir məktəbdirsə və sabit dinlər tərəfindən qəbul olunursa, elm və kitab əhli ondan heç vaxt dönməz. Onlar bu işləri ilə müsəlmanların əqidəsində şəkk-şübhə yaradır və digər yəhudilərin İslamı qəbul edib müsəlman olmağına mane olurdular. Allah-təala yuxarıdakı ayəni nazil edərək onların məkirli planlarını ifşa etdi.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Mümkündür ki, müəyyən bir qrup İslam adı ilə müsəlmanların cərgəsinə nüfuz edib arxadan zərbə endirsin. Buna görə də həmişə ayıq olmaq lazımdır.

 

2. Müsəlmanlar sadəlövh və tezinanan olmamalıdırlar.

 

3. İmanın elə bir mərhələsinə çatmaq lazımdır ki, müəyyən qrupların dindən çıxması qəlbimizə azacıq belə təsir qoymasın.

 

4. Çoxlarının xarici siyasətdə əsas məqsədi bir çox ölkələrlə siyasi rabitə bərqərar etməklə, yaxud əlaqələri kəsməklə ölkə daxilində və ya xaricdə müəyyən fəza yaratmaqdır.

 

5. Allah-təala həssas mərhələlərdə düşmənlərin məxfi və məkirli planlarını ifşa edir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this