﴿ وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).»

 

TƏFSİR:

 

«Taifə» sözünün kökü «təvaf»dır. Yırtıcı heyvanların, qarətçilərin təhlükəsindən amanda qalmaq və həyatlarını davam etdirmək üçün yay-qış mövsümlərində kütləvi şəkildə bir yerdən digər yerə köçən camaata və dəstəyə “taifə” deyilir.

 

Bu ayədə və bundan sonrakı üç ayədə yadellilərin mədəni hücumları və onların ideoloji hiylələri bəyan olunur. Əvvəlcə bu ayədə onların ideoloji cəhətdən kinli olması bəyan edilir. Sonrakı ayələrdə isə onların inadkarlıq və küfrlərindən, yetmiş birinci ayədə haqqı bilə-bilə gizlətmək, haqqı öldürmək, yetmiş ikinci ayədə isə onların mədəni hücumunda bir mədəni taktikanın mövcudluğundan söhbət gedir. Bu da onların qaranlıq batinlərindən, inkarçılıq ruhiyyəsindən, haqqı gizlətmək üslublarından söz açır.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Düşmən tərəfindən ehtimal verilən zərər və xəsarətlərdən amanda qalmaq üçün düşməni və onun istəklərini tanımaq lazımdır.

 

2. Başqalarını zəlalətə və azğınlığa çəkmək istəyənlər hiyləgərlik, nifaq, ikiüzlülük, kin-küdurət, töhmət və s. kimi günahlara mürtəkib olurlar.

 

3. İslam düşmənlərinin mənfur məqsədlərindən biri də müsəlmanlar arasında əxlaqi və ideoloji azğınlıqlar yaratmaq üçün məkirli planlar icra etməkdir.

 

4. Mühakimə yürüdərkən insafa riayət edilməlidir.

 

5. İdeoloji və mədəni hücumların vuracağı xəsarət ən böyük xətər və ən ağır təhlükədir; buna görə də ciddi xəbərdarlıq edilməlidir.

 

6. Müxaliflərin riyakarcasına izhar etdikləri fikirlərə, söylədikləri yağlı vədələrə etimad edilməməlidir. Çünki onlar həmişə sizin azğınlığa düşməyinizi istəyirlər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this