﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ﴾

 

TƏRCÜMƏ:

 

«De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.”

 

TƏFSİR:

 

VƏHDƏTƏ DOĞRU DƏVƏT

 

Keçən ayələrdə bütün xüsusiyyətləri ilə yanaşı, İslami dəvətdən söhbət açılırdı. Bu ayədə isə İslamla kitab əhlinin ayinləri arasında müştərək olan bir məsələ barədə söhbət açılır, Peyğəmbərə (s) xitabən buyurulur: “De, ey kitab əhli! Gəlin bizimlə sizin aranızda olan müştərək bir sözə doğru − Yeganə Allahdan başqa heç nəyə pərəstiş etməyək. Heç nəyi Ona şərik qoşmayaq və bizim bəzimiz bəzilərini yeganə Allahın yerinə ərbab kimi qəbul etməsin.”

 

Bu məntiq bizə aydınlaşdırır ki, əgər bəziləri müqəddəs hədəflərin hamısında sizinlə həmkarlıq etməyə razı olmasalar, heç olmazsa müştərək olan mühüm hədəflərdə onları cəlb etməyə çalışın ki, bundan müqəddəs hədəfinizi irəli aparmaqda istifadə edəsiniz.

 

Sonra ayənin axırında buyurulur: Əgər onlar müştərək tövhid nöqtəsinə məntiqi dəvətdən sonra yenə də boyun qaçırıb üz döndərsələr, deyin: şahid olun ki, biz müsəlmanıq, haqqın qarşısında təslim oluruq. Siz isə təslim olmursunuz. Sizin haqdan uzaqlaşmağınız bizim ruhiyyəmizdə azacıq belə təsir qoymayacaq və biz əvvəldə olduğu kimi öz yolumuzu, yəni İslam yolunu davam etdirəcəyik. Biz yalnız Allaha ibadət edir, yalnız Onun qanunlarını rəsmi şəkildə qəbul edirik. Hər formada olursa-olsun, bəşərə sitayiş məsələsi bizim aramızda heç vaxt olmayacaqdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this