﴿إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

 

TƏRCÜMƏ:

 

«(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin-dən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»

TƏFSİR:

Bu ayədə Həzrət İsanın (ə) həyatı ilə bağlı əhvalatların davamı bəyan edilir. İslam təfsirçiləri arasında məşhur olan nəzəriyyəyə əsasən, «Nisa» surəsinin 157-ci ayəsinə istinadən buyurulur ki, Həzrət Məsih heç vaxt öldürülmədi, Allah-təala onu göylərə apardı. Sözü gedən ayə də həmin məsələni bəyan edir və buyurur: “Yada sal o zamanı ki, Allah-təala İsaya Dedi: “Mən səni alıb Öz dərgahıma, göylərə doğru aparacağam, səni kafir olanlardan paklayacağam.”

 

Burada paklıq dedikdə məqsəd ya onun imansız və iyrənc sifətli insanların caynağından xilas edilməsi, ya ona vurulan yersiz ittihamlardan paklaşdırılması, yaxud namərdcəsinə edilən məkr və hiyləgərlik planlarından xilas edilməsidir. Bu da onun dininin qələbəsi sayəsində müyəssər olur.

 

Sonra əlavə edilir: “Biz sənin ardıcıllarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik.”

 

Bu ayə Quranın ən böyük möcüzələrindən və öncədən verdiyi qeybi xəbərlərdən biridir. Çünki buyurulur ki, Həzrət Məsihin (ə) ardıcılları həmişə onunla müxalifətçilik edən yəhudilərdən üstün olacaqlar.

 

Ayənin axırında buyurulur: «Sonra sizin hamınızın qayıdacaq yeri Mənə doğrudur və Mən də sizin ixtilafda olduğunuz məsələ barəsində aranızda mühakimə edəcəyəm.»

 

Yəni, qeyd olunan qələbələr bu dünya ilə əlaqədardır. Yekun mühakimə və əməllərin nəticəsinin alınması isə axirətdə baş verəcəkdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this