﴿ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)»

 

TƏFSİR:

 

Həzrət İsanın (ə) dövründə bəziləri onun haqq dəvətini məhv etmək üçün müəyyən məkirli planlar hazırlayır və tədbirlər görürdülər. Hətta, onu tutub həbs etmək üçün mükafatlar təyin etmiş, onun edam olunması üçün zəmin hazırlamışdılar. Amma Allah-təala onların məkirli planlarını ifşa etdi və ona ən gözəl şəkildə nicat verdi.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Allah-təalanın tədbir və iradəsi başqalarının tərəfindən olan hər növ səy, hərəkət və tədbirdən çox-çox yüksəkdədir.

 

2. Allah-təala Öz dostlarının himayəçisidir.

 

3. İnsanların hərəkət və tədbirləri Allah-təalanın qəzəb və ya mərhəmətinin müqəddiməsidir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this