﴿ فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim? Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.»

 

TƏFSİR:

 

«Həvariyyun» kəlməsi yolu dəyişmək mənasına olan «həvari» kəlməsinin cəm formasıdır. Həvariyyun o kəslərə deyilir ki, camaatın azğın yolunu boşlayıb haqq yola yönəlmiş olsunlar.

 

«Səfinətul-bihar» kitabında imam Rzadan (ə) belə nəql olunur: «Onlar həm özlərini paklaşdırıb nurani etmişdilər, həm də başqalarının pak olması üçün çalışırdılar.»

 

«Kafi» kitabında imam Sadiqdən (ə) belə nəql olunur: «Həzrət İsa peyğəmbərin şagirdləri əməl məqamında ondan ayrıldılar, lakin bizim həvarilər canlarını müxtəlif bəlalar qarşısında sipər etdilər və bizə itaət etməkdən əl çəkmədilər…»

 

Həzrət Musanın (ə) öncədən xəbər verdiyi kimi, yəhudilər İsanın (ə) gəlişindən qabaq onun zühurunu gözləyirdilər. Lakin o, zahir olduqda Bəni-İsrailin yoldan çıxmış şəxslərindən olan bir qrupun qanunsuz mənafeyi təhlükəyə düşdükdə yalnız azsaylı bir dəstə İsanın (ə) ətrafına yığışdı. Ayədə buyurulur: «İsa (ə) onların küfr və müxalifətlərini hiss etdikdə dedi: “Allah dininin təbliğ olunması yolunda kim mənim köməkçim olar?»

 

Burada yalnız bir neçə adam onun çağırışına müsbət cavab verir. Quran bu kimi şəxsləri pak və həvariyyun adlandıraraq buyurmuşdur: «Həzrət İsanın (ə) xüsusi şagirdləri olan həvarilər dedilər: “Biz Allah dininin köməkçiləriyik, buna iman gətirmişik. Sən də şahid ol ki, biz İslamı qəbul edərək haqq dininə təslim oluruq.”»

 

Həvarilər öz ixlas və sədaqətlərini isbat etmək üçün cavabda «biz sənə kömək edəcəyik» deyil, «Biz Allahın köməkçiləriyik və Onun dininə kömək edəcəyik» dedilər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this