﴿ قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ ﴾

 

TƏRCÜMƏ:

 

«(Məryəm) dedi: Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?! Dedi: Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur.»

 

TƏFSİR:

 

Allahın iradəsi varlıqların yaranma səbəbidir və O, maddi və təbii amillər, vasitələr və səbəblər olmadan da hər hansı bir şeyi yarada bilər. Səbəbləri yaratmaq və səbəblərin təsirini aradan aparmaq Allahın əlindədir. Bəzən müəyyən şeylərin mövcud təsirini ondan alır, bəzən isə müəyyən şeylərə (onların malik olmadıqları halda) təsir bağışlayır. Varlıqların yaranması, onların həyatının davam etməsi, varlığın əsər-əlamətləri, əsərlərin miqdarı, növü və zamanı və s. bütün bunların hamısı Allahın iradəsinə tabedir. Quranda Zəkəriyyanın (ə) cavabında «yəfəlu ma yəşau» (istədiyi işi yerinə yetirir), Məryəmin (ə) cavabında isə «yəxluqu ma yəşau» (istədiyini xəlq edir) deyə buyurulmasının səbəbi bu ola bilər ki, ərsiz, bakirə qızın övlad dünyaya gətirməsi qoca kişinin övlad sahibi olmasından daha da təəccüblüdür.

 

Daha sonra bu mətləb təkmilləşdirilərək buyurulur: «Bir şeyi iradə və müqəddər etdiyi (və onun vücuda gəlməsinin hökmünü verdiyi) zaman ona «ol!» deyər, o da dərhal vücuda gələr.»

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Allahın hansısa bir şeyi yaratmaqda iradəsi qeyri-məhduddur. Onun xəlq etməsi – istər təbii, istərsə də qeyri təbii yollarla olsun, eyni səviyyədədir.

 

2. Allahın hər hansı bir varlığı qeyri adi yollarla yaratması yeni bir məsələ deyil. Əvvəllər də belə bir hadisə baş vermişdir.

 

3. Sual və təəccübün mənşəyi inkar və inadkarlıq olmazsa, heç bir eybi yoxdur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this