﴿ ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.»

 

TƏFSİR:

 

Bu ayə Həzrət Məryəmin başına gələn əhvalatların digər bir hissəsini bəyan edərək buyurur: “Həzrət Məryəmin və Zəkəriyyanın başına gələn əhvalatlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik.” Çünki bu hadisələr (hər növ xurafatdan pak olan, səhih tərzdə) əvvəlki kitabların heç birində təhrif olunmamış şəkildə mövcud deyildi və onun yeganə mənbəyi yalnız Quran, ilahi vəhy idi.

 

Bu hadisənin davamında buyurulur: “Onlar püşk ataraq Məryəm üçün bir himayəçi təyin etməkdən ötrü oxlarını suya atdıqları zaman, eləcə də Bəni-İsrail alimləri Məryəmə himayədarlıq iftixarına çatmaq üçün bir-biri ilə çəkişib mübahisə etdikləri zaman sən orada deyildin. Biz bunların hamısını vəhy vasitəsi ilə sənə çatdırırıq.”

 

Bu ayədən və «Saffat» surəsində Həzrət Yunisin barəsində nəql olunanlardan aydın olur ki, çətin işlərin həll olunması, yaxud müəyyən mübahisəli məsələlərdə çıxılmaz vəziyyət yarananda bu işin həll olunub ixtilaflara son qoyulmasında püşk atmaqdan istifadə etmək olar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this