AYƏ 42:

 

﴿ وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Və (yada sal) o zamanı ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.»

 

TƏFSİR:

 

«Ruhul-bəyan» və «Əl-mənar» təfsirlərində, Qurtəbinin, Mərağinin, Fəxri Razinin təfsirlərində qeyd olunur ki, dünya qadınlarının xanımı dörd nəfər olmuşdur: Məryəm, Asiya, Xədicə və Fatimə. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də qeyd olunur ki, Məryəm öz dövrünün qadınlarının seyyidəsi idi, lakin Fatimeyi Zəhra (s) tarix boyu olmuş və olacaq bütün qadınların seyyidəsidir. Əlbəttə, hikmətli Allah hər vaxt bir şəxsi seçirsə onun müəyyən ləyaqət və qabiliyyətli xüsusiyyətlərinə görə seçir. Həzrət Məryəmin də bütün dünya qadınlarından üstün olub seçilməsi yalnız onun təqvası və pəhrizkarlığı sayəsində olmuşdur. Bəli, o seçilmişdi ki, Həzrət İsa Məsih (ə) kimi bir peyğəmbəri dünyaya gətirsin.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Mələklər Peyğəmbərdən başqaları ilə də danışa bilər.

 

2. Qadın «Allah övliyası» məqamına çata bilər və Allah ona xəbər göndərə bilər.

 

3. Məryəm həm kamal məqamında seçilmişdi, həm də bütün dünya qadınlarından üstün idi; buna görə də «istəfaki» sözü iki dəfə təkrar olunur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this