﴿ قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ﴾

 

TƏRCÜMƏ:

 

«Dedi: Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir. Dedi: Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»

 

TƏFSİR:

 

Bu ayədə Zəkəriyya Allahın ona verdiyi müjdə ilə bağlı bir nişanə göstərməsini istəyir ki, qəlbi tam xatircəmliklə dolsun. İbrahim Xəlil (ə) də məad səhnəsini əyani olaraq müşahidə etmək istəyi ilə öz qəlbində daha artıq aramlıq olmasını istəyirdi. Zəkəriyya ərz etdi: “Pərvərdigara, mənim üçün bu barədə bir nişanə qərar ver.” Allah-təala cavabında buyurdu: “Sənin nişanən budur ki, üç gün müddətində camaatla yalnız işarə və rəmz ilə danışacaqsan. Sənin dilin heç bir eyb və səbəb olmadan camaatla danışmaqdan aciz olacaqdır. Lakin bu nemətin şükrünü yerinə yetirmək üçün öz Pərvərdigarını çox yad et, gecə və sübh çağları Ona təsbih de.”

 

Allah-təala Zəkəriyyanın duasını qəbul etdi, onun dili heç bir təbii amil olmadan üç gün ərzində camaatla danışmaqdan aciz oldu. Halbuki, Allaha zikr deyirdi. Bu qəribə və təəccüblü hadisə Allahın hər işə qadir olmasını göstərir. O Allah ki, bağlı olan dili zikr vaxtı açmağa qadirdir. Doğmayan bir qadının bətnində Allahı yad etməyin təzahürü olan imanlı bir övladı vücuda gətirə bilər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this