﴿ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ ﴾

 

TƏRCÜMƏ:

 

«Bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.»

 

TƏFSİR:

 

Bu ayədə Peyğəmbərə (s) xitab edilərək buyurulur: Qəyyum və əbədi olan Allah əvvəlki səmavi kitablarda verilən əlamətlərlə tamamilə uyğun olan Quranı sənə nazil etmişdir. O Allah ki, bəşəriyyətin hidayət olunub düz yola gəlməsi üçün Qurandan əvvəl Tövrat və İncili nazil etmişdir.

 

Sonra buyurulur: Həmçinin haqq ilə batili bir-birindən ayıran Quranı (Furqanı) da nazil etmişdir.

 

Sonra əlavə edilir: Höccətin tamam olunmasından, Allah tərəfindən ayələrin nazil edilməsindən, eləcə də əql və fitrətin peyğəmbərlərin dəvətinin doğru olmasına şahidlik etməsindən sonra haqqın qarşısında inadkarlıq edənləri cəzalandırmaqdan başqa bir yol qalmır. Buna görə də sözügedən ayədə Peyğəmbəri-Əkrəmin (s) haqq bir Peyğəmbər və Qurani-Məcidin ilahi bir kitab olmasından söz açılandan sonra buyurulur: Allahın ayələrinə kafir olanlar üçün şiddətli cəza vardır.

 

Allah-təalanın Öz təhdidlərini gerçəkləşdirməyə qadir olmasında heç bir şəkk-şübhənin olmamasını göstərmək üçün yenidən buyurulur: Allah yenilməz qüdrət və intiqam sahibidir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this