﴿ هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء. فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ ﴾

 

TƏRCÜMƏ:

 

38. «Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən.»

 

39. «Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir.»

 

TƏFSİR:

 

«Hunalikə», yəni o məkanda. Zəkəriyya məscidin mehrabında, Məryəmin yanında oturduğu zaman, yaxud da Həzrət Zəkəriyya Məryəmin (ə) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdiyi zaman öz həyat yoldaşının artıq doğuş dövrünün arxada qoymasını bildiyinə baxmayaraq, onun da öz həyat yoldaşı İyşadan bacısı Hənnənin qızı kimi bir övladı olmasını arzu etdi. Zəkəriyya dedi: “Pərvərdigara, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları qəbul edənsən.”

 

O, mehrabda dayanıb Allahla raz-niyaz etdiyi zaman mələklər onu səsləyərək dedilər: “Allah-təala sənə Yəhyanı müjdə verir. Bir halda ki o, Allahın kəlməsini (Həzrəti İsanı) təsdiq edir, o həm də seyyid və rəhbər, nəfs istəklərindən uzaq və saleh peyğəmbərlərdən biri olacaqdır.”

 

Allah-təala onun duasının qəbul olunmasını mələklər vasitəsi ilə xəbər verməkdən əlavə, pakizə övladın beş xüsusiyyətini də bəyan etdi:

 

1. O, İsanı təsdiq edib ona iman gətirəcək.

 

Həzrət Yəhya (ə) İsadan (ə) altı ay böyük idi və onun nübüvvətini təsdiq edirdi. Yəhya Həzrət İsanı təsdiq edən və onun haqq peyğəmbər olmasına şəhadət verən ilk şəxs idi. O demişdi ki, İsa (ə) Allahın ruhu və Onun kəlməsidir. Bu da Həzrəti İsanın möcüzələrindən biri idi və onun nübüvvətinin zahir olub yayılmasında ən güclü vasitə sayılırdı. Çünki camaat malik olduğu zöhd və doğruçuluğa görə Yəhyanın (ə) sözünü tez qəbul edirdilər. Bununla yanaşı, İsa (ə) və Yəhya (ə) kəlmələrinin mənası eynidir: hər ikisi «diri qalacaqsan» deməkdir.

 

2. O, öz qövmünün böyüyü idi, şərafət, elm, ibadət və gözəl əxlaqda da onların hamısından üstün sayılırdı.

 

3. Özünü inadkar nəfsin istəklərindən, dünyapərəstliyə aludə olmaqdan saxlamışdı.

 

4. O, şərafətli və yüksək mərtəbəli bir peyğəmbər olacaqdır.

 

Həzrət Yəhyanın (ə) nübüvvət məqamı da ona uşaqlıq zamanında əta edilmişdir. «Məryəm» surəsinin 12-ci ayəsində buyurulur: «Biz ona elə uşaqlıq çağında nübüvvət məqamını bağışladıq.» Bir çox mötəbər hədislərdə Həzrət İmam Cavadın (ə) yeddi yaşında, Həzrət Hadi (ə) və Həzrət Bəqiyyətullahın (ə) kiçik yaşlarda imamət məqamına çatmasını sübut etmək üçün həzrəti Yəhya (ə) və İsanın (ə) uşaqlıq çağlarında nübüvvət məqamına seçilməsini sübut gətirmişlər.

 

5. O, saleh şəxslərdən olan bir peyğəmbərdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this