﴿فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ﴾

 

TƏRCÜMƏ:

 

«Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.»

 

TƏFSİR:

 

Məryəmin qız olmasına baxmayaraq, Allah-təala onun anasının nəzərinə – oğlan əvəzində Beytül-müqəddəsdə xidmətçilik etməsinə razı oldu. Bu da Allah tərəfindən onun barəsində bir mərhəmət idi. Allah onun böyüyüb boya-başa çatmasını gözəl qərar verdi, tərbiyəsini gözəl şəkildə yerinə yetirdi, bütün hallarda onun işlərini islah etdi. Yəni Allah-təala Məryəmi (ə) Zəkəriyyanın (ə) əhli-beytinə qovuşdurdu, onu Həzrəti Məryəmin (ə) başçısı və hamisi qərar verdi ki, onun məsləhətlərinə zəmanət versin.

 

Zəkəriyya (ə) hər vaxt onun mehrabına daxil olurdusa, mövsümü olmasa da təzə meyvələr görür, «bunlar sənin üçün haradandır?» – deyə soruşurdu. Məryəm də onların behiştdən gəldiyini bildirirdi. Bu da Allah tərəfindən Məryəmin barəsində edilən böyük bir mərhəmət idi.

 

«Kəşşaf» təfsirində nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) quraqlıq və qıtlıq illərində bir gün çox acmışdı. Fatimə (ə) iki çörək götürdü və bir qədər ət xörəyi hazırlayıb atasına hədiyyə göndərdi və beləliklə də atasını sevindirdi. Peyğəmbər (s) o hədiyyəni götürüb Fatimənin (ə) evinə qayıtdı. Evə daxil olan zaman buyurdu: «Qızım, yaxına gəl!» Fatimə (ə) yaxına gəldikdə Peyğəmbər (s) tabağın üstündəki parçanı götürdü. Gördülər ki, həmin tabaq çörək və ətlə doludur. Fatimə (ə) bunu görərkən heyrətləndi və onların Allah tərəfindən göndərildiyini bildi.

 

Sonra soruşdu: «Bunlar haradandır?»

 

Fatimə (ə) ərz etdi: «Allah tərəfindəndir!»

 

Peyğəmbər (s) buyurdu: «Allaha həmd edirəm ki, səni (yəni, Fatiməni) Bəni-İsrailin qadınlarının xanımı (yəni, Məryəm) kimi qərar vermişdir.» Sonra Peyğəmbər (s), Həzrət Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), bütün Əhli-beyt o tabağın ətrafında oturub hamısı o təamdan doyunca yedilər. Hətta, doyduqdan sonra da yemək qalmışdı (sanki ona heç əl vurulmamış və azalmamışdı). Fatimə (ə) onu qonşuların arasında bölüşdürdü.[ «Təfsiri Kəşşaf», 1-ci cild, səh. 427]

 

Allah hər kəsə istəsə hesabsız ruzi verər. Çünki Allahın qüdrəti və mülkü sonsuzdur, onun tərəfindən olanlar bu mülkün azalmasına səbəb ola bilməz.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this