﴿ إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ. ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾

 

TƏRCÜMƏ:

 

33. «Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.»

 

34. «Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir.»

 

TƏFSİR:

 

Bu ayədən başlayaraq Həzrət Məryəm (ə) və onun əcdadları barəsində söhbət açılır. «Ali-İbrahim» dedikdə İsmail, İshaq və onların övladları, «Ali-İmran» dedikdə isə Musa, Harun və İmran İbn Yəshürün oğlanları nəzərdə tutulur.

 

Bu ayədəki «zürriyyə» kəlməsi «Ali-İbrahim» və «Ali-İmran» sözlərinin əvəzedicisidir. «Bəzuha min bəzin» – yəni İbrahimin və İmranın övladlarının hər ikisi bir sülalədən və bir xanədandan əmələ gəlmiş, bir-birindən yaranmışdır. Bəzi təfsirlərdə qeyd olunur ki, «Ali-İbrahim» dedikdə məqsəd «Ali-Muhəmməd», yəni o Həzrətin (s) Əhli-beyti (ə) və Əmirəl-möminin Əlidən (ə) Həzrəti Məhdiyə (ə) qədər olan imamlardır.

 

Allah-təala bir kəsi Öz məxluqları içərisindən yalnız o vaxt seçər ki, məsum, pak-pakizə, çirkin işlərdən, günah əməllərdən uzaq olsun. Buna əsasən Ali-İbrahim və Ali-İmrandan elə şəxslər seçilməlidir ki, məsum olsunlar – istər peyğəmbər olsunlar, istərsə də seçilmiş imamlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this