﴿ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ ﴾

 

TƏRCÜMƏ:

 

«Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi.»

 

TƏFSİR:

 

«Tövrat» sözü ibrani mənşəli olub «şəriət» və «qanun» mənasını ifadə edir. Tövrat beş hissədən ibarətdir və bunlara sifr, yəni kitab deyilir:

 

1. Yaranış sifri;

 

2. Xüruc sifri;

 

3. Laviyan sifri;

 

4. Edad sifri;

 

5. Təsniyə sifri.

 

Tövratda Həzrət Musanın (ə) vəfatı və dəfni bəyan olunduğuna görə məlum olur ki, onun mətləbləri Musanın (ə) vəfatından sonra yazılaraq bir yerə toplanmışdır.

 

İncil yunan sözü olub «müjdə» və «yeni yaradılış» mənasını ifadə edir və məsihilərin səmavi kitablarının adıdır. Onun adı Quranın hər yerində tək formada işlənmişdir. Lakin hazırkı məsihilərin arasında müxtəlif incillər mövcuddur ki, aşağıda qeyd olunanlar onlardan daha məşhurdur:

 

1. Mətta (Matta); Mətta «Allah bəxş edən», «Allah bağışlayan» deməkdir. Mətta həzrət İsanın (ə) 12 şagirdindən birinin adıdır.

 

2. Mərqus (yaxud Murqus); Mərqus İsadan (ə) sonra öz incilini Petrosun nəzarəti altında yazmışdır.

 

3. Luqa (Luka); Luqa Həzrət Yunusun (ə) dostu və səfər yoldaşlarından birinin adıdır.

 

4. Yühənna. Yühənna həzrət İsanın (ə) şagirdlərindən biridir.

 

Qeyd olunmalıdır ki, adları çəkilən incillərin hamısı Həzrət İsanın (ə) göylərə çəkilməsindən sonra yazılmışdır.

 

İNCƏ MƏTLƏBLƏR:

 

1. Peyğəmbərlərin səmavi kitabları biri digərini təkmilləşdirir.

 

2. Əvvəlki səmavi kitabların və peyğəmbərlərin təsdiq olunması allahpərəstlərin vəhdət amili və başqalarının haqq yola dəvət olunması vasitəsidir.

 

3. Quran Tövrat və İncili təsdiq etməklə özündən əvvəlki səmavi kitabların həqiqətən mövcud olduğunu sübut edir və bununla da əvvəlki dinlərin üzərində böyük haqqa, imtiyaza malik olur. Çünki Tövrat və İncilə qarışdırılmış batil mətləblər və xurafatlar onların səmavi kitab olmasını tamamilə unutdura bilərdi.

 

4. Tərbiyənin mərhələləri, eləcə də onun vasitə və göstərişləri müxtəlif məkan və zaman şəraitində bir-birindən fərqlənir. Lakin onların hamısı təkamül ahəngindən və vahid hədəfdən bəhrələnmişlər.

 

5. Quranın Peyğəmbəri-Əkrəmə (s) nazil olması onun şəxsiyyəti ilə əlaqədardır və Allah tərəfindən ikrama, hörmətə layiq görülür. (Bu, «əleykə» kəlməsinin «kitab» kəlməsindən qabaq gəlməsindən məlum olur.)

 

6. Quran hər növ batil, yanlış mətləblərdən uzaq və real həqiqətlərlə tam mənada uyğundur.

 

7. Quran «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə, 23 il ərzində isə tədricən (müəyyən hadisələrlə əlaqədar) yenidən nazil olmuşdur. Amma Tövrat və İncilin hamısı birlikdə və bir yerdə nazil olmuşdur. («Nəzzələ» tədriclə, «ənzələ» isə birdəfəyə nazil olmağı göstərir.)

 

8. Səmavi kitabların göndərilməsi ilahi sifətlərin cilvələnməsidir. (Bu əvvəlki ayədəki xüsusiyyətlərə nəzər yetirməklə məlum olur.)

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this