﴿ قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

 

TƏRCÜMƏ:

 

«De: Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyirin (həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»

 

TƏFSİR:

 

«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxri Razinin «Təfsiri kəbir»ində oxuyuruq ki, Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdən sonra İran və Romanın da fəth olunacağını müsəlmanlara müjdə verdikdə münafiqlər çox təəccüblə bir-birinə baxırdılar. Bu zaman yuxarıdakı ayə nazil oldu.

 

Bəziləri də bu ayənin «Xəndək» müharibəsində xəndəyin qazıldığı zaman nazil olduğunu demişlər. Belə ki, Peyğəmbər (s) külüngü bərk bir daşa vurduqda ondan qığılcım çıxdı. Həzrət (s) buyurdu: «Mən bu qığılcımlarda Mədain və Yəmən saraylarının fəth olunmasını Cəbraildən eşitdim.» Münafiqlər bu sözü eşitdikdə istehza ilə gülümsədilər. Bu zaman yuxarıdakı ayə nazil oldu.

 

Qeyd olunmalıdır ki, bu ayədə qeyd olunduğu kimi, izzət və zillətin məhz Allah tərəfindən əta olunması ilahi qanunlar əsasındadır. Çünki Allah-təala heç kəsə bir səbəb olmadan, əbəs yerə izzət, başıucalıq bağışlamaz və ya kimisə səbəbsiz olaraq zillətə düçar etməz. Məsələn, rəvayətdə oxuyuruq ki, hər kəs Allah xatirinə təvazökarlıq etsə, Allah-təala onu izzətli edər, hər kəs təkəbbür göstərsə, Allah onu zəlil edər. Buna əsasən başıucalıq və izzət, eləcə də zillət və xarlıq nəticə etibarı ilə Allah tərəfindən verilir. Lakin onun yaranma şəraitləri bizim əlimizdədir.

 

Bu ayə ayrı-ayrı şəxslərin ləyaqətləri və insanların marağı nəticəsində yaranan qüdrət və hökumətlərə nəzər yetirir. Amma zorakılıq, təhdid, rüşvət, daxili və xarici ünsürlərin köməyi nəticəsində əldə olunan hakimiyyətə əsla qiymət vermir.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Bütün hökumətlərin həqiqi maliki Allahdır. Allahdan qeyrisinin mülkü isə müvəqqəti və məhduddur.

 

2. Allah-təala ləyaqəti olan hər kəsə hökumət bağışlayır. Necə ki, Süleymana, Yusifə, Talut və Zülqərneynə əta etmişdir.

 

3. Dua və ibadət məqamında tövhid zəruri bir məsələdir. Məsum İmamlardan (ə) nəql olunan «Şəbaniyyə» münacatında deyilir: «Pərvərdigara, mənim artmağım da, azalmağım da Sənin əlindədir, Səndən başqasının yox.»

 

4. Əgər həqiqi malik Odursa, deməli, başqasının malı və mülkiyyəti bir növ əmanət sayılır. Ondan əsil malikinin razılığına uyğun olaraq istifadə edilməlidir.

 

5. Allahın əlində olan şeylər (mülkün verilməsi və alınması) bütünlüklə xeyirdir. Amma biz özümüzün tələm-tələsik mühakimələrimizdə onun səbəb və fəlsəfəsini bilmirik.

 

6. İzzət də, zillət də Allahın əlindədir. Deməli, gərək başqasından izzət təvəqqe olunmasın.

 

7. Əgər insan heç bir bir mülkün həqiqi maliki deyilsə, onda nə üçün ona malik olduqda məğrur, əlindən getdikdə isə məyus olur?!

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this