﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qurana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!»

 

TƏFSİR:

 

Sünni və şiə təfsirlərində qeyd olunur ki, yəhudi qadınla bir kişi evli ola-ola zina əməlinə mürtəkib olmuşdular. Onlar Tövratın qanunlarına uyğun olaraq daş-qalaq edilməli idilər. Amma əyan-əşrafdan olduqlarından, yəhudilər Tövratın göstərişlərini icra etməməyə çalışırdılar. Onlar İslam Peyğəmbərinin (s) yanına gəldilər ki, hökm çıxarsın. O Həzrət (s) də daşqalaq olunması fərmanını verib buyurdu ki, İslamda da hökm Tövratda olduğu kimidir. Bu zaman onlar Tövratın hökmünü inkar etdilər. Yəhudi alimlərindən olan İbn Suriya Tövratı oxumaq üçün Fədək kəndindən Mədinəyə çağrıldı. O, hadisədən xəbərdar olduqda Tövratın ayələrini oxuyur, əlini bəzi cümlələrin üzərinə qoyurdu ki, daşqalaq hökmünü göstərən ayələr görünməsin. Digər yəhudi alimi olan Əbdüllah İbn Salam orada iştirak edirdi. O, hadisəni müşahidə etdikdə onun əməlini ifşa etdi.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Dindar şəxslərin öz dini kitablarına etinasızlığı bütün müsibətlərin başlanğıcıdır.

 

2. Allahın hökmləri bütün insanların barəsində bərabər şəkildə icra olunmalıdır.

 

3. İmanın göstəricisi puç iddialar deyil. İman ilahi fərman və hökm verildikdə məlum olur.

 

4. Bu ayə müsəlmanlara da xəbərdarlıq edib buyurur ki, yəhudilər kimi hərəkət etməsinlər, Quran qanunlarının icrasında ilahi ayələrin hökmündən heç vaxt boyun qaçırmasınlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this