﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.»

 

TƏFSİR:

 

Bu ayə ağrılı-acılı hadisələr, ağır müsibətlər qarşısında səbrli olub müqavimət göstərməyin zərurətini bəyan edir, buyurur ki, ilk mərhələdə özünüzün şəxsi həyatınızda baş verən xoşagəlməz hadisələr və həvayi-nəfs qarşısında səbr edin. İkinci mərhələdə kafirlərin göstərdiyi təzyiqlər qarşısında daha artıq müqavimət göstərin. Üçüncü mərhələdə ölkə sərhədlərinin qorunub-saxlanmasında ciddiyyətlə çalışın ki, xarici düşmənlər ölkənizə hücum etməsin, eləcə də elmi mübahisələrlə öz etiqad və ideologiyanızı şübhələrdən, qəlbinizi şeytan vəsvəsələrinin hücumlarından hifz edin.

 

«Ribat» kəlməsi (bu, əmr formasında olan «rabitu» felinin məsdəridir) bir şeyi müəyyən bir məkanda bağlamağa deyilir. Karvansaralara ona görə “ribat” deyilir ki, karvan əhli o yerlərdə qalır, ticarət əmtəələrini, atlarını və dəvələrini orada yerləşdirirdilər.

 

Allahın lütf və mərhəmətinə möhkəm bağlı olan qəlbə də «ribat» deyilir. İrtibat, mərbut, ribat – bunların hamısının kökü eynidir.

 

Rəvayətlərdə «rabitu» kəlməsi «namazın intizarını çəkin» kimi bəyan olunmuşdur. Sanki müsəlmanlar namazda icad etdikləri mənəvi bağlılıqlarla öz qəlblərini və canlarını möhkəmləndirirlər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this