﴿فَإنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلّهِ وَمَنِ اتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ﴾

 

TƏRCÜMƏ:

 

«Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.»

 

TƏFSİR:

 

Bu ayədə buyurulur: “Ey Peyğəmbər, yəhudilər və məsihilər din barəsində səninlə höcətləşsələr, de: Mən bütün varlığımı yeganə Allah üçün xalis etmişəm, Ona heç bir şərik qoşmuram və Ondan başqa heç bir məbuda pərəstiş etmirəm.” Məqsəd budur ki, Peyğəmbərin (s) dini tövhid və yeganəpərəstlikdir. Bu da bütün mükəlləf şəxslərin əməl və iqrar etməli olduğu prinsipdir.

 

Sonra buyurulur: “Yəhudilərə, məsihilərə və səmavi kitab nazil olmayan ərəb müşriklərinə de: “Sizin yanınızda olan dəlil və əlamətlərə əsasən İslamı qəbul edirsiniz, yoxsa yenə də küfrdə qalırsınız?”

 

Əgər İslamı qəbul etsələr, bu onların öz xeyirlərinə tamam olacaq, azğınlıq və zəlalətdən haqq yola hidayət olunaraq əbədi səadətə nail olacaqlar.

 

Amma arxa çevirsələr və İslamı qəbul etməsələr sənə heç bir ziyan çatdıra bilməzlər. Sən Allah tərəfindən göndərilmişsən. Sənin vəzifən yalnız haqq yolunu təbliğ etmək, onları düz yola çağırmaqdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this