﴿فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لاَ أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَى بَعْضُكُم مِّن بَعْضٍ فَالَّذِينَ هَاجَرُواْ وَأُخْرِجُواْ مِن دِيَارِهِمْ وَأُوذُواْ فِي سَبِيلِي وَقَاتَلُواْ وَقُتِلُواْ لأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ ثَوَابًا مِّن عِندِ اللّهِ وَاللّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ﴾

 

TƏRCÜMƏ:

 

«Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: “Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin – istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız – əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.”»

 

TƏFSİR:

 

Əvvəlki ayələrin ardınca olan bu ayə əql sahiblərinin əməllərinin nəticəsi ilə əlaqədardır. Bu ayə barəsində nəql olunmuşdur ki, Peyğəmbərin (s) zövcələrindən biri olan Ümmü Sələmə o Həzrətə (s) ərz etdi: «Quranda kişilərin cihad, hicrət və fədakarlığı barədə çox söhbət olunmuşdur. Buyurun görək qadınların da bu işlərdə bir qismətləri vardırmı?» Yuxarıdakı ayə nazil oldu və Allah-təala bu suala cavab verərək buyurdu: «Mən (yaxşı) əməl edən heç bir şəxsin – istər qadın olsun, istərsə kişi – əməyini zay etmərəm.»

 

Buradan da bəzi nadan və cahil adamların İslam haqqında nankorluq edərək «İslam yalnız kişilərə aid olan bir dindir, qadınların heç bir hüququ yoxdur» – deyə tutduqları iradların həqiqətdən nə qədər uzaq olduğu məlum olur. Çünki Allah-təala buyurur ki, sizin hamınız yaradılışda bir-birinizlə bağlısınız, «sizlərdən bəziniz bəzilərinizdən dünyaya gəlmişdir: qadınlar kişilərdən, kişilər də qadınlardan.»

 

Sonrakı cümlədə nəticə alınaraq buyurulur: (Allah yolunda) hicrət edən, öz ev-eşiklərindən, vətənlərindən didərgin düşən, Mənim yolumda əzab-əziyyətlərə düçar olan, müharibə edib öldürülənlərin günahlarını hökmən bağışlayaram.

 

Sonra buyurulur: Onların günahlarını bağışlamaqdan əlavə, şübhəsiz, onları ağaclarının altından çaylar axan, müxtəlif nemətlərlə dolu olan cənnət bağlarına daxil edərəm.

 

Bu onların fədakarlıqları müqabilində Allah tərəfindən verilmişdir və ən yaxşı mükafatlar da məhz Allahın yanındadır.

 

İlahi nemət və mükafatların bu dünyadakı insanlar üçün tam şəkildə bəyan olunması mümkün olmadığından sadəcə olaraq «yüksək nemətlər» kimi vəsf edilir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this