﴿ رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ ﴾

 

TƏRCÜMƏ:

 

«Ey Rəbbimiz! Həqiqətən biz “Rəbbinizə iman gətirin!” deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

 

TƏFSİR:

 

Bəlkə də «zünub» dedikdə məqsəd kəbirə (böyük) günahlar, «səyyiə» dedikdə isə məqsəd kiçik günahlardır. «İn təctənibu kəbairə ma tunhəvnə ənhu nukəffir ənkum səyyiatikum» (Əgər siz böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı da aradan apararıq) ayəsində də «səyyiat» günahın təsirləridir.

 

Bu dünyada «eşitdik və itaət etdik» deyən əql sahiblərinin müqabilində bu dəvətə etinasızlıq edərək Qiyamət günündə həsrətlə «kaş Allahın sözünə qulaq asaydıq, əmrlərinə itaət edəydik!» deyənlər qərar tutur.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Əql sahibləri haqqı qəbul etmək qabiliyyətinə və hazırlığına malikdirlər, onlar fitrətin çağırışına, peyğəmbərlərin nidasına, alimlərin dəvətinə və şəhidlərin fəryadına müsbət cavab verirlər.

 

  1. İstiğfar edib günahlardan tövbə etmək əqlin nişanəsidir.

 

  1. Yaxşı insanlarla birlikdə ölmək ilahi bir hədiyyədir.

 

  1. Uzaqgörən əql sahibləri yaxşı insanlarla ölməyi arzu edir, öz axır-aqibətlərinin gözəl və xeyirlə sona çatması barədə fikirləşirlər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this