﴿إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ﴾

 

TƏRCÜMƏ:

 

«Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.»

 

TƏFSİR:

 

DİNİN MƏĞZİ HAQQIN QARŞISINDA MÜTLƏQ ŞƏKİLDƏ TƏSLİM OLMAQDIR.

 

Allahın yeganəliyi bəyan olunduqdan sonra ilahi dinin də vahid olması haqda belə buyurulur: «Allah yanında din yalnız İslam dinidir.» Yəni, Allah dərgahında həqiqi din məhz Allahın əmr və fərmanları qarşısında qeyd-şərtsiz təslim olmaqdan ibarətdir. Həqiqətdə dinin ruhu hər bir əsr və zamanda haqqın qarşısında təslim olmaqdan başqa bir şey olmamış və olmayacaqdır da.

 

Kitab əhli olanlara gəldikdə isə, (məqsəd yəhudilər və məsihilərdir) onlara elm verildikdən sonra ixtilafa düşdülər. Onlar İslamın haqq olduğunu bildikdən sonra bu dindən üz döndərdilər. Həzrət Məsihin (ə) ardıcılları üç Rəbbə (ata, oğul və Ruhul-Qüdsə), yəhudilər isə Üzeyirin Allahın oğlu olduğuna inandıqları üçün hər iki dəstə Həzrət Məhəmmədin (s) nübüvvətində ixtilafa düçar oldular. Halbuki, öz dini kitabları olan Tövrat və İncildə Peyğəmbəri-Əkrəmin (s) bütün xüsusiyyətlərini müfəssəl şəkildə oxumuşdular və bu barədə tam məlumata malik idilər. Onlar Həzrət Məhəmmədin (s) Allah tərəfindən göndərilən ilahi bir peyğəmbər olduğunu dəqiq şəkildə bilirdilər.

 

«Bəğyən bəynəhum» kəlməsində məqsəd budur ki, onların Peyğəmbəri (s) inkar edib ixtilafa düçar olmaları İslamın haqq olması barəsində şübhəyə düşmələri üzündən deyildi. Çünki onlar bu barədə əsla şəkk etmirdilər. Bu iş onların həsəd və məqampərəstlik kimi rəzil xüsusiyyətlərindən irəli gəlirdi.

 

«Və mən yəkfur biayatillah…» – (yəni hər kəs Allahın ayələrinə qarşı kafir olsa, onları inkar etsə…). Allahın ayələri dedikdə Quran, Tövrat, İncil və onlarda Peyğəmbərin (s) qeyd olunan xüsusiyyətləri nəzərdə tutulur.

 

«Fə innəllahə səriul-hisab» – Allah-təala hesabları çox sürətlə aparır və camaatın əməl dəftərində heç nə Onun üçün gizli deyil.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this