﴿ وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاء ظُهُورِهِمْ وَاشْتَرَوْاْ بِهِ ثَمَناً قَلِيلاً فَبِئْسَ مَا يَشْتَرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir»

 

TƏFSİR:

 

Müasir dövrdə mövcud olan milyonlarla məsihi, yəhudi və məcusinin hamısı öz din alimlərinin yersiz sükutlarına görə həmin dinlərində qalmışdır. «Ətyəbül-bəyan» təfsirində bəyan edildiyi kimi, İslam Peyğəmbərinin (s) nişanələri «Əhdeyn»də («Tövrat» və «İncil» kitablarında) 60 dəfədən artıq gəlmişdir. Lakin kitab əhlinin alimləri onların hamısını kitabdan çıxarmışlar. Haqqın gizlədilməsi o qədər böyük günahdır ki, Allah-təala onun cəzalandırılmasında sair günahlardan şiddətlə təbir gətirmişdir: «Haqqı gizlədənlərə Allah və bütün lənət edənlər lənət edir.» «Bəqərə», 159.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Camaatın şirk, küfr, cəhalət və fəsadda qalmasına səbəb olan hər bir iş və haqqın gizlədilməsi böyük bir günah, onu gizlədən isə onların bütün günahlarında şərikdir.

 

  1. Ölümsaçan sükutlarda əsas məqsəd dünya malına və məqamına çatmaq, yaxud onu qoruyub-saxlamaqdır.

 

  1. Alimlər insanların qarşısında məsuliyyət daşıyırlar.

 

  1. Həqiqətlər elə şəkildə bəyan olunmalıdır ki, insanlar üçün heç bir şey məxfi qalmasın.

 

  1. Elm təklikdə insanların səadətə çatmaları, qurtuluşa nail olmaları üçün kifayət deyildir. Dünya malına məftun olmamaq, təqva, həmçinin mal-dövlətə və dünyəvi məqamlara etinasız yanaşmaq da vacibdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this