﴿كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾

 

TƏRCÜMƏ:

 

«Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.»

 

TƏFSİR:

 

ÜMUMİ ÖLÜM QANUNU

 

Bu ayədə dünyanın bütün canlı varlıqlarına hakim kəsilən ümumi bir qanuna – ölüm hökmünə işarə edilir və buyurulur: Bütün canlı varlıqlar istər-istəməz ölüm şərbətini dadacaqlar. Camaatın çoxu isə ölümü özlərinə unutdurmaq istəyir. Lakin bu elə bir həqiqətdir ki, biz onu unutsaq da o heç vaxt bizdən qafil deyildir.

 

Sonra buyurulur: Dünya həyatından sonra əməllərə görə mükafatlandırılma və ya cəzaverilmə mərhələsi çatır. Siz Qiyamət günü əməllərinizin əvəzini kamil şəkildə alacaqsınız.

 

Cəhənnəm atəşinin cazibə dairəsindən xilas olaraq behiştə daxil olanlar nicat tapmışlardır. Onlar öz istək və arzularına çatmışlar.

 

Sanki cəhənnəm bütün insanları var-qüvvəsi ilə özünə tərəf cəzb edir. Doğrudan da, insanın ona tərəf çəkilməsinə səbəb olan amillər qəribə cazibəyə malikdir. Çox ötəri nəfs istəkləri, qanunsuz cinsi ləzzətlər, insanın haqqı olmadığı halda əldə etdiyi məqam və sərvətlər və s. – bunların hamısı insanı cəzb edir.

 

Qeyd olunan cümlədə əvvəlki bəhs təkmilləşdirilir və buyurulur: Dünya həyatında qürur yaradan və aldadıcı ləzzətlərdən bəhrələnməkdən başqa bir şey yoxdur.

 

Əsas məsələ budur ki, maddi aləm və onun ləzzətləri insanın əsl və yekun hədəfinə çevrilməsin. Təkamülə çatmaq yolunda dünyanın maddi nemətlərindən istifadə etmək nəinki məzəmmət olunmur, üstəlik çox lazım və zəruri işlərdəndir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this