﴿الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾

 

«TƏRCÜMƏ:

 

«Həmin o kəslər ki, “həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır” dedilər. De: “Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!”»

 

TƏFSİR:

 

Bəziləri İslamı qəbul etməkdən, iman gətirməkdən imtina edir və bəhanə gətirib deyirdilər: «Allah bizdən belə bir əhd-peyman almışdır: bir peyğəmbərə yalnız o vaxt iman gətirək ki, hər hansı heyvanı qurbanlıq desin, asimandan gələn atəş (ildırım) bizim gözlərimiz önündə o qurbanlığı vurub yandırsın və biz də onun peyğəmbər olmasına yəqin edək.» Bu ayə nazil oldu və Peyğəmbərə (s) göstəriş verildi ki, inadkarların və bəhanə gətirənlərin qarşısında belə desin: Əgər doğru deyirsinizsə, onda nə üçün məndən qabaqkı peyğəmbərlərə iman gətirmədiniz. Halbuki, onlar sizə müxtəlif möcüzələr göstərmişdilər. Hətta dediklərinizi, yəni qurbanlıq gətirməyi də göstərmişdilər.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Hər bir millətin tarixi və onlara hakim olan keçmiş əhval-ruhiyyələr onların iddialarına ən yaxşı dəlildir.

 

  1. Haqqı qəbul etməməyə din vasitəsilə bəraət qazandırmayın.

 

  1. Tarix boyu müxaliflərin gətirdikləri bəhanələrin hamısı bir-birinə oxşayır. [ Tövratın birinci kitabında da Bəni-İsrail peyğəmbərlərinin qətlə yetirilməsi qeyd olunmuşdur. Eləcə də «Sifri Laviyan»ın doqquzuncu bölməsinin ikinci cümləsində qoçun qurbanlığı məsələsi irəli çəkilmişdir.]

 

  1. İnsan təkəbbür və zorakılıq kimi ruhiyyələrə malik olan zaman Allaha töhmət vurur, heç bir peyğəmbər qarşısında təslim olmur, həmçinin möcüzələrin onların istəklərinə uyğun baş verməsini təvəqqe edir.

 


more post like this