﴿ لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ ﴾

 

TƏRCÜMƏ:

 

«Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.»

 

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

 

Bu və bundan sonrakı ayə yəhudiləri məzəmmət etməklə əlaqədar nazil olmuşdur. Peyğəmbəri-Əkrəm (s) Bəni-Qəynuqa yəhudilərinə bir məktub yazaraq onları namaz qılmağa, zəkat verməyə və Allaha borc verməyə dəvət etdi (Allaha borc dedikdə məqsəd Allah yolunda infaq etmək nəzərdə tutulur ki, bu da cəmiyyətdə insani atifələrin, duyğuların son dərəcə təhrik edilməsinə səbəb olur.) Peyğəmbərin göndərdiyi şəxs yəhudilərin dini tədris mərkəzi olan Beytül-Mədarisə varid olub Peyğəmbərin məktubunu yəhudilərin böyük alimi Finhasın əlinə verdi. O, məktubu mütaliə etdikdə dedi: «Əgər sizin sözləriniz düzdürsə, onda deməliyik ki, Allah fəqirdir, biz isə qəni və ehtiyacsızıq! Əgər Allah fəqir olmasaydı bizdən borc istəməzdi. Bundan əlavə, əgər Məhəmməd Allah tərəfindən sələmçiliyin qadağan edilməsinə inanırsa, necə olur ki, özü infaq müqabilində sizə daha artıq sələm vədəsi verir?!» Lakin sonralar Finhas belə sözlər dediyini inkar etdi. Bu zaman yuxarıdakı ayə nazil oldu.

 

TƏFSİR:

 

Bu ayədə buyurulur: Allah-təala yəhudilərin dedikləri «Allah fəqirdir, biz isə varlıyıq» – kimi küframiz sözləri eşitdi. Buna əsasən, onların sonradan inkar etmələrinin heç bir faydası yoxdur.

 

Sonra buyurulur: Təkcə onların sözlərini eşitmədik, üstəlik həm onları, həm də peyğəmbərləri nahaq yerə qətlə yetirmələrini qeydə alacağıq.

 

Onların əməlləri buna görə qeyd olunub saxlanılır ki, Qiyamət günü onların qarşılarında qərar verilsin. Qiyamətdə də onlara «indi öz əməllərinizin nəticəsini yandırıcı əzab şəklində dadın!» – deyilər.


more post like this